Lənkəran Ağır Cinayətlər Məhkəməsində Astarada ahıl atasını xüsusi amansızlıqla öldürməkdə ittiham edilən Rühəngiz Əliyevanın cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.
Pravda.az xəbər verir ki, hakim Nahid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qadın ona istinad olunan əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, atası Qubad Əliyevi avqust ayında təxminən saat 09 radələrində evdə olan bıçaqla vurub.
O, buna görə də etdiyi əməlindən çox peşman olduğunu söyləyib. Hadisə vaxtı atası çarpayıda yatmış vəziyyətdə olub. Evdə də heç kim olmayıb. Rühəngiz mətbəxdən bıçağı götürüb bir dəfə atasına zərbə endirib, daha sonra vurduğu zərbələrin sayı yadında qalmayıb. Bildirib ki, atasına bıçaqla vurduqdan sonra ayılıb, ayağa dursa da, yerə yıxılıb. Lakin özünün sonrakı hərəkətləri yadında deyil. Hadisədən sonra DİN-in “102” xidməti zəng mərkəzinə zəng edərək bildirib ki, atası qardaşı Rəşad tərəfindən bıçaqlanıb. O deyib ki, Rəşad atası ilə çox vaxt dalaşdığı üçün bu addımı atıb.
Qadının sözlərinə görə, hadisə vaxtı atasına heç kim köməyə gəlməyib, özü evdə olub. Az sonra evə polislər və qonşular gəliblər.
İstintaq materiallarında qeyd edilib ki, xanım müttəhimin 71 yaşlı atası Qubad Əliyevlə mübahisəsi dəfələrlə “Space” TV-də yayımlanan “Gəl danış” verilişinə çıxmasına görə başlayıb. Kənddə rüsvay olduqlarını düşünən ata Ruhəngizin televiziya kanalına çıxmasını istəməsə də, qızı buna məhəl qoymayıb. Bundan qəzəblənən Rühəngiz mübahisə əsnasında atasını bir neçə dəfə bıçaqlayaq qətlə yetirib.
Müdafiə tərəfinin təqdim etdiyi sənədlərdən və şahid ifadələrindən məlum olub ki, Rühəngiz Əliyevanın psixoloji problemi var, psixiatriya xəstəxanasında müalicə olunub. Bununla bağlı məhkəmə istintaqı dövründə təkrar ekspertiza keçirilib. Ekspertin rəyi ilə sübut olunub ki, təqsirləndirilən şəxs qulluq və müalicə tələb edən ciddi davranış pozuntusundan əziyyət çəkir.
Qeyd olunanlara əsasən Nahid Hüseynovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəliblər ki, təqsirləndirilən şəxs hadisə törədərkən anlaqsız vəziyyətdə olub.
Hökmə əsasən, Rühəngiz Əliyeva cinayət məsuliyyətindən və cəzadan azad edilib. Həmçinin onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə tətbiq edilməsi qərara alınıb. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.
www.102info.az