Müğənni İradə İbrahimovanın bacısı Nigar İbrahimova ona məxsus gözəllik mərkəzində xuliqanlıq edərək, beş min manatdan artıq zərər vuran cinsi azlıq nümayəndəsi Kənan Tağıyevin azadlığa buraxılmasına münasibət bildirib.
Nigar İbrahimova Oxu.Az-a açıqlamasında şikayətini geri götürmədiyi halda sözügedən şəxsin azadlığa buraxılmasına təəccübləndiyini bildirib.
Vizajist həmçinin ona dəyən ziyan ödənilməsə, yenidən məhkəməyə müraciət edəcəyini vurğulayıb:
“Bu xəbər qarşıma çıxanda böyük bir şok yaşadım. Bu insan nəinki mənə, başqalarına da zərər verib. Kənan Tağıyev mənə vurduğu beş min manatlıq zərərin 10 manatını belə, ödəməyib. Nə deyib, bu insanı azadlığa buraxıblar? Bəs mənə vurulan zərəri kim ödəyəcək? Mənim kassa aparatım, güzgüm, dəyərli əşyalarım qırıldı, nə zərər vurubsa, gəlsin ödəsin, əgər ödəməsə, ondan yenidən şikayət edəcəm. Əsassız şəkildə gəlib mənim salonumu dağıdıb, zərər vurub. Məni təəccübləndirən odur ki, beş-altı nəfər şikayət edib və biz o şikayəti geri götürməmişik. O insan nə bizdən üzr istəyib, nə vurduğu zərərin məbləğini ödəyib. Necə rahat əlini-qolunu sallayıb evə gedə bilir? Belə şey olar?”
Xatırladaq ki, sosial şəbəkələrdə “Anna Tağıyeva” kimi tanınan cinsi azlıq nümayəndəsi K.Tağıyev 2021-ci ilin sentyabr ayında Nigar İbrahimovaya məxsus gözəllik mərkəzinə basqın edib. Külli miqdarda narkotik dövriyyəsi və xuliqanlıqda təqsirli bilinən Kənan Tağıyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilsə də, məhkəmənin qərarı ilə bu gün azadlığa buraxılıb.
Dilşad Bəhruzqızı
www.102info.az