Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda narkotiklərin satışında təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş cinsi azlığın nümayəndəsi Kənan Tağıyev bir neçə gün əvvəl azadlığa buraxılıb.
Birinci instansiya məhkəməsinin hökmündən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə baxılıb.
Təqsirləndirilən Kənan Tağıyevin vəkili Zibeydə Sadıqova açıqlamasında hüquqlarını müdafiə etdiyi şəxsin azadlığa buraxılmasının səbəblərini açıqlayıb:
“Məhkəmə cinayət işinin birinci instansiyasında düzgün tədqiq edilmədiyi, kobud qanun pozuntularına yol verildiyi qənaətinə gələrək ittihamedici hökmü tamamilə ləğv edib və Kənan Tağıyev bəraət alaraq məhkəmə zalından azadlığa buraxılıb”.
O qeyd edib ki, Kənan Tağıyev gözəllik salonunda ictimai asayişi kobud şəkildə pozsa da, sonradan ona narkotik vasitələrin satışı ittihamı verilib:
“Belə ki, Kənan Tağıyev xuliqanlıqda deyil, külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilərək saxlanılıb. Polis idarəsində iki saatdan çox saxlanıldıqdan sonra üzərinə baxış keçirilib. Saxlanılarkən onun hüquqları pozulub. Məhkəmə bu kimi pozuntuları aşkarlayaraq onun hansı cinsə mənsub olub-olmamasından asılı olmayaraq bəraət hökmü çıxarıb. Həmçinin məhkəmə tədqiqatçı barəsində xüsusi qərar çıxararaq, onun və vəkil barəsində tədbir görülməsi üçün materialları Baş Prokurorluğa və Vəkillər Kollegiyasına göndərib”.
www.102info.az