Abşeron rayonu Digah qəsəbəsi ərazisində yerləşən bağ evindən içi pul və qızıl-zinət əşyaları ilə dolu seyf oğurlayan şəxslərdən ikisi məhkəmə qarşısına çıxarılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Türkiyə vətəndaşları Orhan Orbay və Emrah Huseyn Cinayət Məcəlləsinin 177.4 (Oğurluq-xüsusilə külli miqdarda ziyan vurmaqla) və 326.2-ci (Rəsmi sənədləri, ştampları, möhürləri talama) maddələri ilə ittiham ediliblər.
Araşdırmalar zamanı məlum olub ki, onlar istintaqdan hələ ki, yayınmış Haydar və Tahir adlı digər Türkiyə vətəndaşları ilə birlikdə Digah qəsəbəsində Yusif Mikayılovun evindən oğurluq planlaşdırıblar. Qrup üzvləri 2019-cu il dekabrın 31-də ev sahibinin mənzildə olmamasından istifadə edərək gecə saatlarında mənzilə daxil olaraq divardakı seyfi sökərək çıxarıblar və həyətə endirərək arabaya qoyublar. Onlar seyfi araba ilə küçəyə çıxarıblar və gəldikləri “Niva” markalı avtomobilə qoyaraq Maştağa qəsəbəsində kirayə yaşadıqları mənzilə aparıblar.
İttiham aktında qeyd edilib ki, 700 manat dəyəri olan 120×50 sm ölçülü seyfdə 120 100 dollar nağd pul, 48 000 dollar dəyərində qara brilyant dəsti, 60 000 dollar dəyərində yumru formalı brilyant dəsti, 8 ədəd 585 əyarlı ümumilikdə 80 000 manat dəyərində 800 qram qızıl tros boyunbağılar və onlarla digər bahalı qızıl-zinət əşyaları, bahalı daş-qaşlar, eləcə də ev sahibinin və ailə üzvlərinin mülkiyyət, şəxsiyyət, təltiflər, diplomlar, partiya bileti və digər mühüm sənədləri olub. Ev sahibinə ümumilikdə 571 145 manat ziyan vurulub.
Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər cinayətin Tahir və Haydar tərəfindən təşkil edildiyini, onlara müəyyən işlərdə dəstək verdiklərini bildiriblər. Seyfdən çıxan qızıl-zinət və pulun miqdarının şişirdildiyini də əlavə ediblər.
O da bildirilib ki, qrup üzvlərindən ikisi beynəlxalq axtarışa verilərək Gürcüstan ərazisində saxlanılaraq Azərbaycana gətiriliblər, digər iki şəxsi istintaqa cəlb etmək isə hələlik mümkün olmayıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli hökmü ilə Orhan Özbah və Erhan Hüseynin hər biri 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
www.102info.az