Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, avqust ayının 12-də saat 22:00 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində DSX “Horadiz” sərhəd dəstəsinin, Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının arxa istiqamətində şübhəli şəxs qismində 10 nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı saxlanılıb.
Aparılmış ilkin araşdırma zamanı qeyd olunan əcnəbilərin 25 və 29 iyul tarixlərdə ölkə ərazisinə turist qismində rəsmi qaydada gəlmələri, İran vətəndaşı Əlirza adlı şəxsin bələdçiliyi ilə dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına, oradan isə Türkiyə Respublikasına keçməklə, Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
www.102info.az