Xaricdən Azərbaycana 19 kiloqramdan artıq narkotik gətirən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə Xeyirxah Kurabbaslı Səmədabad kəndi ərazisində tutulub.
Həmin şəxsdən dövlət sərhədini qanunsuz olaraq keçməklə ölkəmizə gətirdiyi 19 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, o cümlədən ayrı-ayrı bükümlərdə 5 kiloqram 295 qram heroin, 1 kiloqram 360 qram metamfetamin, 4 kiloqram 560 qram tiryək, 6 kiloqrama yaxın həşiş qətranı və 2 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
www.102info.az