Moderator.az Kulis.az-a istinadən “Dağlarda döyüş” filminin təhlilini təqdim edir.
Film Əhmədağa Qurbanovun (Muğanlı) “Tikanlı məftillər” povesti əsasında ekranlaşdırılıb.Kamil Rüstəmbəyovun 1967-ci ildə çəkdiyi “Dağlarda döyüş” filminin qəhrəmanı Fərruxdur (Şahmar Ələkbərov). İxtisas kursunu bitirən Fərrux sərhəddə yerləşən doğma torpağına qayıdır və burada zastavada xidmət edir. Uşaq ikən atası Sərxan (Rza Əfqanlı) müharibədə həlak olub, anası isə daşqın nəticəsində vəfat edib. O, qəsəbədə yaşayan Hicranı (Ofeliya Sənani) sevir. Amma Hicranın atası Qəmbər (Mövsüm Sənani) onların evliliyinə qarşıdır. Çünki o, Fərruxun dürüst adam olmasına, atasının isə müharibədə həqiqətən vuruşmasına şübhəylə yanaşır.
Növbəti dəfə dövlət sərhədi pozulanda Fərrux əməliyyata göndərilir. Cinayətkarlardan birini yaxalayan Fərrux, söhbət əsnasında onun atası olduğunu öyrənir…
Azərbaycan kinosunda ata-oğul konflikti bir qayda olaraq mental mədəniyyətimizin təsirinin, paternalist baxışın nəticəsi kimi ortaya çıxır. Misalçün, “Böyük dayaq” filmində Qaraş kolxoz sədri işləyən sərt atasından çəkinir və ata gəlininin yanında onu aşağılayır. “Dəli Kür” dramında ata oğulun müstəqil davranışı ilə barışa bilmir. Və oğulun ata tərəfindən aşağılanması tendensiyası müstəqillik illərinin filmlərində də davam etdirilir. Yavər Rzayevin “İlahi məxluq”, Asif Rüstəmovun “Axınla aşağı” ekran əsərlərində güclü, alçaldan ata- zəif, təhqir olunan oğul obrazları yer alır.
Haqqında danışdığımız filmdə isə ata-oğul konfliktinin məzmunu genişlənir, o, ailə çərçivəsindən çıxarılaraq siyasi, ictimai kontekstdə təqdim olunur. Əslində “Dağlarda döyüş” filmi ata ilə oğulun illər sonra arzuolunmaz situasiyada qarşılaşmasından sonra başlayır. Buna kimi isə həmin epizoda zəmin yaradan detallar hörülür.
Onların qarşılaşmasının əvvəlində cinayətkar-qanun keşikçisi münaqişəsi, həqiqət açılandan sonra ata-oğul konfliktinə keçilir. Bununla da kriminal-triller janrının elementləri yerini psixoloji drama, bir qədər də melodrama verir. Hərçənd, adını çəkdiyim janrların tam realizəsi rejissorun yozumunda tamamən alınmayaraq yarımçıq qalıb.
Atanın hekayəsindən bəlli olur ki, o, İkinci Dünya müharibəsində yaralanıb, əsir düşüb və vətənə qayıtdıqdan sonra repressiyalara məruz qalıb. Ömrünü sürgündə çürütməməkdən ötrü Sərxan Cənubi Azərbaycana qaçıb. Ancaq həmişə sərhədə yaxın ərazidə yaşayıb. Və ailəsinin daşqın zamanı həlak olduğunu düşünən Sərxan, bu faciədən sonra onu doğulduğu torpaqlara bağlayan tellərin həmişəlik qırıldığını zənn edir. İki fərqli dünyagörüşü, iki fərqli həyatı yaşayan ata ilə oğulun dialoqu bir növ həqiqət axtarışı savaşına çevrilməliydi. Hekayəsinin əvvəlində ata haqlı görünsə də, sonrakı gedişatda müəlliflər (ssenarist Əhmədağa Qurbanov-Muğanlı) tərəfindən haqsız çıxarılmağa çalışılır. Görünür, sovet dövrünün şərtlərindən dolayı daha çox oğulun pozisiyası müdafiə olunur və atanın haqsız çıxarılmasına cəhd zamanın konyunkturasına bağlıydı.
Bununla belə sovet dövrünün siyasi nəzər nöqtəsindən baxanda atanın günahının əsaslı olub-olmaması o qədər də konkretləşmir. Yəni Sərxanın bəzi məqamlarda həqiqət, yoxsa yalan deməsi aydınlaşmır. Final səhnəsi isə bir qədər açıq qalır və nəticəni qiymətləndirməni rejissor tamaşaçıya buraxır.
Final epizodunda Fərrux Sərxanı zastavaya gətirərək ona “get, hər şeyi olduğu kimi danış. Eşidirsən? Olduğu kimi… Əgər doğrudan da günahın yoxdursa, onda mən sənin oğlunam” deyir. Bu səhnə zamanı Fərruxun ikinci planından onun nigarançılıq və tərəddüd içində qaldığı duyulur. Sərxanın addımlarında isə əminlik, cəsarətini toplama sezilir.
K. Rüstəmbəyov əhvalatı psixoloji triller, ekşn kimi işləyə bilərdi, bunun üçün material yetərincə imkanlar da verirdi. Ancaq o, sürətli nəqlə üstünlük verir ki, gərəkli olan dramatiklik, emosional və psixoloji gərilmə itir. Montaj pintiliyi üzündən bəzi səhnələr yarımçıqlıq təəssüratı bağışlayır. Məsələn, başqa bir epizoddan sonra ata ilə oğulun qəfil əlbəyaxa olmasına gətirən zərurət qaranlıq qalır.
Cahangir Cahangirovun musiqisi gözəl olsa da, həmişəki kimi musiqidən istifadədə ifrata varılıb. Döyüş, təqib səhnələrindəki musiqi yersizdir və təsvirə mane olur.
Yeri gəlmişkən, Fərruxu Pavlik Morozovla (sovet dönəmində qəhrəman pioner kimi qələmə verilən Morozov atasının simasında qolçomaqlığa qarşı dayanmış və onun haqqında hakimiyyət orqanlarına məlumat vermişdi. Postsovet dönəmində isə o, atasını satan uşaq kimi qiymətləndirilirdi.) müqayisə etmək yersiz olar. Çünki, Fərrux başqa dəyər və ideallarla böyüyüb, formalaşmışdı onun uzun illərdən sonra peyda olmuş atasının davranışının dərki üçün zamana ehtiyacı olduğunu müəllif sezdirir.
Film aktyor Şahmar Ələkbərovun kinoda ilk işidir.
Sovet sərhəd qoşunlarının 50 illiyinə həsr olunmuş “Dağlarda döyüş” filmi İkinci Dünya müharibəsində əsir düşən insanların repressiya qurbanı olması məsələsinin Azərbaycan kinosunda ilk dəfə göstərilməsi ilə də diqqəti çəkir. Ümumiyyətlə isə repressiya illəri haqda açıq şəkildə 1980-ci illərin sonundan yenidənqurma islahatları elan ediləndən sonra danışılmağa başlanılıb.
Prokata çıxanda filmə 21,5 milyon tamaşaçı baxıb.
Rejissor Hicran roluna çox aktrisanı sınaqdan keçirsə də son nəticədə Ofeliya Sənaninin üzərində dayanıb. Ofeliya Sənani həmin dövrdə kinostudiyada dublyajda işləyirdi. Və Rüstəmbəyov onu kinostudiyada görərək bu rolda oynamasına qərar vermişdi. Ofeliya Sənani filmə qayınatası Möhsün Sənani ilə birgə çəkilib və tərəf müqabil olub. Hicran filmdə eyni zamanda mahir at sürən biri kimi təsvir olunur. Aktrisa buna görə bir müddət Cıdır meydanında at çapmaq üçün məşqlər keçir, buna peşəkar yiyələndiyinə görə müəllimi ona Moskvada keçirilən at çapma yarışlarına qatılmağı məsləhət görür. Ancaq ailəsi bu təklifi narazılıqla qarşıladığından o, imtina eləyir.
Çəkilişlər Nalçikdə, Qobustanda, Şamaxıda, Göytəpədə aparılıb.
Filmin operatoru Teyyub Axundov, rəssamı Məmməd Hüseynovdur.