“İnsanlarımızı itirməmişdən əvvəl onlara dəyər verməyi, qorumağı bacarmalıyıq…”

“O adam cəmiyyət, dövlət üçün faydalı bir adamdırsa, bizim üçün də dəyərlidir. O cümlədən də bizim sənət yoldaşımız, illərdən bəri bir yerdə çalışdığımız, Azərbaycan mədəniyyətində, kino və teatr işində özünəməxsus dəsti-xətti, yeri olan Tofiq Hüseynovun da itkisi bizim üçün ağırdır”
Bunu açıqlamasında Xalq artisti Nürəddin Mehdixanlı dünən dünyasını dəyişən sənət dostu, Əməkdar artist Tofiq Hüseynov haqda danışarkən deyib. O, insanları bir-birilərini qorumağa və anlamağa çağırıb:
“Hər bir azərbaycanlının itkisi əlbəttə, bizim üçün ağırdır. O adam cəmiyyət, dövlət üçün faydalı bir adamdırsa, bizim üçün də dəyərlidir. O cümlədən də bizim sənət yoldaşımız, illərdən bəri bir yerdə çalışdığımız, Azərbaycan mədəniyyətində, kino və teatr işində özünəməxsus dəsti-xətti, yeri olan Tofiq Hüseynovun da itkisi bizim üçün ağırdır. Onunla illərdi bir yerdə teatrda çalışırıq. Sizə deyim ki, bəzən başqaları üçün sadəlövh adam kimi görünə bilərdi, amma Tofiq kifayət qədər savadlı, mütaliəli, özünəməxsus fikirləri olan insan idi. Çox təəssüf ki, Tofiq də xəstəliyə tutuldu, bir neçə il müalicə olundu, bütün kollektivimiz həmişə onun yanında olmağa çalışdıq. Koronavirus pandemiyasına qədər biz ona baş çəkirdik, amma son bir neçə ayı onu görməsək də, əlaqə saxlayırdıq. Amma nə etmək olar ki, həyatda elə şeylər var ki, bizdən asılı deyil, bir gün gələn, bir gün gedir, heyf ki, xəstəlikdən dünyasını dəyişəndə deyirsən ki, o insanın hələ cəmiyyətə fayda verməyə potensialı var idi. Əlbəttə, bu, adamı yandırır. Təbii ki, Tofiq bəyin yoxluğu Azərbaycan mədəniyyəti üçün böyük itkidir. Mənə belə gəlir ki, insanlarımızı itirməmişdən əvvəl onlara dəyər verməyi, qorumağı bacarmalıyıq. Biz gərək sağ qalanlarımızın qədrini bilək, bir-birimizi qoruyaq. Cəmiyyətimizdə baş verən bu aqressiyadan uzaqlaşmağa mehribançılıq, atmosferi yaratmağa çalışmalıyıq. Təbii ki, indiki halda xəstəliklə bağlı gərginlik, narahatlıqlar var, nə toylar toy kimidir, nə yaslar yas kimidir. Ən dəyər verdiyimiz insanların son vida gününə bu xəstəliyə görə gedə bilmirik. Amma digər tərəfdən də ürəyimizin bir tərəfində ağrı qalır ki, onunla son günündə vidalaşa bilmədim. İnsanlarımızı sağ ikən qorumağa çalışmalıyıq. Təbii ki, itkilərimiz ağırdır. Amma itirdiklərimizə ən böyük dəyərimiz, hörmətimiz o olar ki, sağ qalanların qədrini bilək. Allah Tofiq bəyə rəhmət eləsin. Övladlarına səbr arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir