“Vaxtımızı səmərəli keçirmək üçün muğamımızı amerikalılara tanıtmağa qərar verdik…”

Azərbaycanın üç gənc musiqiçisi festival üçün getdikləri Amerikada koronavirus pandemiyası səbəbiylə çıxılmaz vəziyyətdə qalıblar. Onlar musiqi dolu həyatlarıyla həm karantini əyləncəli hala gətiriblər, həm də Azərbaycan musiqisini ABŞ kimi bir ölkədə tanıtmağa çalışıblar. 
Tar ifaçısı R.Müslümov və iki musiqiçi həmkarı beynəlxalq musiqi və film festivalına qatılmaq üçün martın 6-da ABŞ-ın Texas ştatının Austin kəndinə gediblər. ABŞ-da yaşayan musiqiçi Aqil Süleymanov da onlarla birlikdə tədbirə qatılmaq istəsə də, bütün dünyanı öz təsiri altına alan koronavirus pandemiyası onların arzusunu ürəyində qoyub. Pandemiyaya görə Austin kəndində bütün tədbirlər ləğv edilib və beynəlxalq təyyarə reysləri də dayandırılıb. Bununla da musiqiçilər ABŞ-da planlaşdırdıqlarından daha çox qalmalı olublar.  Bu müddət ərzində isə onlar qaldıqları kəndin fərqli yerlərində açıq havada mini-konsertlər verərək Azərbaycan musiqisini amerikalılara tanıdıblar. Hər çıxışlarında tamaşaçıların diqqətini cəlb edən gənclərin videoları sosial şəbəkədə də böyük maraqla qarşılanıb. Onların bu çıxışları Amerikada yaşayan azərbaycanlı rejissorun da diqqətini cəlb edib və sənədli filmləri çəkilib. Üç aydan sonra onlar çarter reysi ilə Bakıya qayıdıblar və iki həftəlik karantindən sonra ailələrinə qovuşublar. Amerikalılar isə onların sayəsində muğamı çox bəyəndiklərini deyiblər.
Bununla bağlı Moderator.az-a danışan Xalq artisti Möhlət Müslümovun oğlu Rüstəm Müslümov karantinin ilk günlərində darıxdıqlarını və musiqiylə əyləndiklərini bildirib:
“Vaxtımızı səmərəli keçirmək üçün milli musiqimizi tanıtmağa qərar verdik. Çarəsiz qaldığımız üç ayı ancaq musiqiylə vaxt keçirdik. Bizi dinləyən amerikalılar muğamı çox bəyəndilər”-deyib. 
Xalq artisti M.Müslümov isə saytımıza açıqlamasında valideyn olaraq övladlarına görə narahat olduqlarını bildirib:
“Biz valideyn olaraq çətin günlər keçirdik. Uşaqlarımız üçün narahat olduq. Ancaq bu onlar üçün yaxşı bir təcrübə idi. Uzun müddət xaricdə azad yaşamağı öyrəndilər və ölkəmizin musiqisini tanıtdılar”-deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir