Cahangir Novruzov: “Məni Türkiyənin ən güclü teatr məktəbini quran şəxs kimi tanıyırlar” – MÜSAHİBƏ + FOTO

Mədəniyyət

Azərbaycan Respublikasının Xalq artisti, teatr və kino aktyoru, teatr rejissoru, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov “4.4 Qısa Tamaşalar Festivalı”nda iştirak etmək üçün Bakıda səfərdədir.

Xalq artistinin “Report”a müsahibəsini təqdim edirik:

– Cahangir müəllim, necəsiniz? Kefiniz, səhhətiniz necədir?

– Təşəkkür edirəm, hər şey qaydasındadır.

– Vətənə“4.4 Qısa Tamaşalar Festivalı”nda iştirak üçün gəlmisiniz…

– Bəli, “4.4 Qısa Tamaşalar Festivalı”na dəvət almışam və bununla əlaqədar Bakıdayam. Çox sevinirəm ki, Azərbaycanda bu cür festivallar keçirilir. Münsiflər heyətinin tərkibindəyəm və yaxşı ki, gəlmişəm. Çünki uzun müddətdən sonra Azərbaycan teatrı barədə fikir sahibi olmaq lazım idi. Bu baxımdan xüsusən də teatrla bağlı Azərbaycana səfərim mənim üçün çox yararlı oldu. Həm səviyyəni gördüm, hansı ki, səviyyə daha yaxşı ola bilərdi. Eyni zamanda ümidləndim. Teatr Azərbaycanda nə qədər zəifləmiş olsa da, yaşamaq həvəsindədir və yaşam simptomlarını göstərir. Teatrımız xəstə idi, lakin artıq sağalır. Ölüm bədəndə hüceyrələrin azalması, qırılması, ölməsi və sonuna qədər insanın yaşam funksiyalarının itirilməsidir. Amma mən bu gün burada yeni hüceyrələrin əmələ gəldiyini gördüm. Gəncə Kukla Teatrının Zülfiyyə adında bir aktrisası məni yaxşı mənada təəccübləndirməyi bacardı. Səhnədəki sonsuz səmimiyyəti, özgüvəni ilə Azərbaycan qadınının simvolu kimi tamaşada özünü göstərməyi bacardı. Düzdür, tamaşa daha yaxşı ola bilərdi, amma mən Zülfiyyəni bu tamaşada kəşf etdim. Buradan Azərbaycan kinomatoqrafiyasına Zülfiyyə Əliyevanın simasını dəyərləndirməyi tövsiyə edirəm. Bu gün Azərbaycanda çəkilməsi vacib olan 44 günlük Vətən müharibəsi ilə əlaqədar vətən mövzulu filmlərə bəhs etdiyim aktrisanın siması çox uyğundur. Mən onun səhnədə etdiklərinə və dediklərinə inandım. Bu isə çox önəmli məqamdır.

– Hazırda hansı tamaşalar üzərində çalışırsınız?

– Mənim işim daha çox tədris üzərində qurulub. Ötən il universitetin dördüncü kurslarının tamaşasını hazırladım, bu il də həmçinin. Kürəkənim İKT ilə maraqlanan insandır və bu sahədə işləyir. Mənim üçün diplom tamaşasının videosunu montaj etdi və “YouTube”da yerləşdirdi. Keçən il Turqut Özakmanın “Duvarların ötesi” tamaşasını dördüncü kursun məzuniyyət tamaşası olaraq tələbələrimlə hazırladım. Hansı ki, onlar pandemiya dövrünün məzunları idilər. Pandemiya dövründə onlayn formatda Azərbaycan və Türkiyədən bir sıra universitetlərin dekanları ilə görüş keçirdik və bu şəraitdə sənət tədrisinin necə olacağı barədə müzakirələr apardıq. Lakin bu cür vəziyyətdə aktyorluq sənətini praktiki şəkildə icra etmək mümkün deyil. Təklif etdim ki, sənətin keyfiyyətini yüksək tutmaq istəyirsinizsə və incəsənət də qurban tələb edirsə, mən o qurbanlardan olmağa hazıram. Bildirdim ki, universitet şərait yaratsın və nə qədər müddət lazımdırsa, mən orada tələbələrimə dərslərimi keçim. Öz evimlə onlayn formatda əlaqə yaradaram, amma tədrisə normal şəkildə davam edim. Lakin razılıq olmadı.

Mən bir qədər çılğın adamam. Bütün qanunları heçə sayaraq tələbələri evimə dəvət etdim, eyni zamanda özüm də onların evinə qonaq getdim və tələbələrimlə normal tədrisə davam etdik. Çünki aktyor dayanmadan öz üzərində çalışmalıdır. Hazırladığımız tamaşa Konya şəhərində teatr məktəbləri festivalında ən yaxşı tamaşa kimi seçildi.

– Azərbaycan teatrında vəziyyət necədir? Teatrımız bu gün öz paklığını qoruyub saxlaya bilibmi?

– Azərbaycan teatrı bu gün nəinki paklığını, təəssüf ki, peşəkarlığını da saxlaya bilməyib. Peşəkar teatr deyilən anlayış ancaq bir neçə aktyorda qalıb. Düzdür, Azərbaycan Dövlət Milli Dram Teatrında peşəkarlıq görünür, ora professionallığını qoruya bilib, amma onun adına və şanına uyğun səviyyədə deyil. Bir millətin bugünkü problemlərini onun təhsilində axtarmaq lazımdır. Məsələn, gedib bazardan alma alırıq, lakin piştaxtada qurd dəyməmiş alma yoxdur. Bəs, bu necə olub? Cavab bəsitdir: Vaxtında buna qarşı tədbir görülməyib, ağac dərmanlanmayıb. Biz bu gün həmin ağacın məhsulunu yeyirik. Ona görə teatrdakı problemlərin qaynağı dünən buraxılan səhvlərdir.

Bütün bunlara baxmayaraq, festivaldakı gənclərimiz məndə bir qədər ümid yaratdı. 

– Ümumiyyətlə Azərbaycandakı yaradıcılıq məkanında durumu necə qiymətləndirirsiniz?

– Yaradıcılıq azad anlayışdır. Bu gün Azərbaycanın ruhu, siyasəti həqiqətən yüksək səviyyədədir. Ancaq çevrədəki əyri aynalar o yüksək ruhu yaşamağa icazə vermir. Bir sıra sahələrdə əskikliklər tapılır, həbslər həyata keçirilir, kadr islahatları aparılır və yeni insanlar vəzifəyə təyin olunurlar. Yaxşı, necə olur ki, səndən bir il öncə məsuliyyətə cəlb olunmuş adamlarla eyni səhvi edirsən?! Bu, tərbiyəsizlikdir, həyasızlıqdır.

– Sizi köhnə teletamaşalarımızdan daha çox tanıyıb sevmişik. İndi çoxları deyir ki, daha həmin teletamaşalardan çəkilmir. Sizcə, səbəbi nədir?

– Qarabağ problemi başlamazdan bir qədər əvvəl, 1987-ci ilin dekabr ayında Mirzə Fətəli Axundzadənin 175 illik yubileyi ilə teatr festivalı keçirilirdi. Həmin festivalda “Müsyö Jordan və Dərviş Məstəli Şah” tamaşası ilə birinci yeri qazandım. Ermənilər də bir tamaşa ilə festivalda iştirak edirdilər və açığı pis tamaşa deyildi. Onlar birinci yeri əldə etmək üçün əllərindən gələni edirdilər. Bu yerdə bir məsələ yadıma düşür…

Çörçilin bir sözü var: “Biz Birinci dünya müharibəsində Osmanlını parçalamaq üçün hər şeyi etmişdik, ölkəni az qala parçalamışdıq. Amma biz Atatürk kimi bir fenomenin ortaya çıxacağını hesablamamışdıq. Hansı ki, o, bizim illərlə hazırladığımız planı sildi, yox etdi”. Yəqin ki, ermənilər də qarşılarında onlardan daha güclü tamaşa görəcəklərini hesablaya bilməmişdilər.

– Azərbaycanda çalışmaq təklifi almısınız?

– Zamanında iki dəfə olub, lakin imtina etmişəm. Çünki şərtlərim olub, hansı ki, o şərtlər də şəxsi istəklə bağlı yox, sənətlə bağlı idi. Mənim üçün peşəkar mühitin, şəraitin yaradılmasını tələb etmişəm. Azərbaycan teatrının ayağa qalxması üçün çox iş var. Ona görə də bu işi bilməyən adam mənə məsləhət verə bilməz. 

– Ümumiyyətlə, Vətənə birdəfəlik dönməyi düşünürsünüzmü?

– Mən Vətəndən çıxmamışam, mən Turan övladıyam. Oradakı uşaqlar da mənim övladlarımdır. Mən öz millətimə böyük sevgi ilə bağlıyam. Biz bir millət, iki dövlət deyirik. Hər iki ölkə Vətənimdir.

– “Sözümün eşidilmədiyi yerdə sözümü yox, yerimi dəyişirəm” demisiniz. Bu gün sözünüz eşidilirmi?

– Burada bilmirəm, amma Türkiyədə eşidirlər. Eşidirlər ki, orada teatr binası tikildi, təxminən bütün universitetlərdə təhsil kurikulumu mənə aiddir və sadalamadığım bir çox şeylər məni bu fikri rahatlıqla deməyə imkan verir.

– Türkiyədə həmvətənlərimizlə yəqin ki tez-tez ünsiyyətdə olursunuz… Ən çox kiminlə görüşürsünüz?

– Azərbaycan diasporu çoxşaxəlidir və çox maraqlı insanları var. Mənim sevdiyim, 26 ildir şəxsiyyətlərinə, əməklərinə dərin hörmət etdiyim insanlar var. Onlardan biri də Əməkdar rəssam, Rusiya Federasiyasının fəxri akademiki Teymur Rzayevdir. O həmin Teymur Rzayevdir ki, Əli bəy Hüseynzadənin iki il Stalinin əlindən qaçıb gizləndiyi evi tapıb. Əli bəy Hüseynzadənin əli ilə tikdiyi ilk Azərbaycan bayrağını Teymur tapıb Mədəniyyət Nazirliyinə təhvil verib. Xoyskinin övladlarını da o tapıb bizim Diasporla iş üzrə Dövlət Komitəsi ilə tanış edib. Bir digəri sevdiyim dostum, böyük qardaşım Əmirulla Məmmədovdur. O da çox böyük alim, 7 dil bilən poliqlot bir şəxsdir. Bir sözlə, ünsiyyətdə olduğum çox dəyərli soydaşlarımız var.

– Orada olanda Bakıdan ən çox kiminlə zəngləşirsiniz?

– Anam Nəsibə xanım rəhmətə gedənə qədər onunla zəngləşirdim (gözləri dolur). İndi isə, sadəcə uşaqlıq dostlarımla.

– Sizcə, bu gün sizi daha çox necə tanıyırlar? Nəsibə Zeynalovanın oğlu, yoxsa Xalq artisti, teatr rejissoru Cahangir Novruzov kimi?

– Düzü artıq bilmirəm ki, burada məni necə tanıyırlar. Lakin Türkiyədə Cahangir müəllim kimi tanınıram. Məni sevənlərə təşəkkür etməklə bərabər, eyni zamanda Azərbaycandan bir az incik düşmüşəm. Heç kim mənim haqqımda maraqlanmırdı, hamı məni Nəsibə Zeynalovanın oğlu kimi tanıyırdı. O adı üstümdən götürmək üçün Şəkiyə getdim. Yenə də “əşi anası kömək edir də” dedilər. Qalxdım Türkiyəyə getdim. Orada isə Nəsibə xanımı tanımırlar. Məni Türkiyədə Cahangir müəllim və Türkiyənin ən güclü teatr məktəbini quran şəxs kimi tanıyırlar.

– Dolanışığınız, maddi durumunuz necədir?

– Hər kəsdə necə, mən də elə. İqtisadi problemlərlə əlaqədar bir anda maaşımız elə vəziyyətə gəldi ki, sanki biz iki il ümumiyyətlə işləməmişik. Amma dövlət aylarla almadığımız məvacibi, yəni zərərimizi bizə ödədi.

– Türkiyəyə getməyə peşman olmamısınız ki?

– Mən etdiyim heç bir şeydən peşman deyiləm. Çünki addım atmazdan əvvəl kifayət qədər fikirləşirəm. Amma hesab edirəm ki, getməsəydim, Azərbaycan teatrı üçün daha yaxşı olardı. Potensialımı bura üçün xərcləyərdim. Türkiyə nə qədər böyük olsa da, Azərbaycanın sənət və intellektual potensialı hər zaman üstündür. Bizim bir kökümüz var və o köklərin qopmaması üçün mənim burada olmağım lazımdır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir