Bu il TÜRKSOY Şuşada bir sıra tədbirlər keçirəcək.
Bu sözləri “Report”un Ankara bürosuna açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Rayev deyib.
Baş katib xatırladıb ki, TÜRKSOY Daimi Şurasının qərarı ilə 2023-cü ildə Şuşa şəhəri türk dünyasının mədəniyyət paytaxtı elan edilib və bununla bağlı Qarabağda silsilə tədbirlər keçiriləcək:
“Xarıbülbül” festivalı, ənənəvi sənət nümunələrini bir araya gətirən tədbirlər planlanıb. Eyni zamanda TÜRKSOY-un “Türk dünyasının rəssamlar toplantısı”, “Türk dünyasının şairlər toplantısı”, “Türk dünyasının fotoqraflar toplantısı”, “Türk dünyasının heykəltaraşlar toplantısı” kimi digər bütün ənənəvi layihələrini də Şuşada gerçəkləşdirəcəyik”.
S.Rayev bildirib ki, 2023-cü il təkcə Şuşa üçün deyil, bütün türk dünyası üçün rəngarəng proqramlarla keçəcək:
“Şuşadan daha güllə səsləri deyil, musiqi səsləri gələcək. Şuşa çal-çağırlı günlərinə qayıdacaq, türk dünyasında müxtəlif tədbirlər təşkil etməklə Şuşanın rəngarəng təbiətinin harmoniyasını quracağıq. Sözün əsl mənasında Şuşa üçün də, türk dünyası üçün də möhtəşəm bir il olacaq”.
www.RIA24.az