“Filmlər baza kimi ən azı hansısa internet portalında toplanmalıdır. Bizim gənclərimiz öz dillərində texnoloji filmlər tapa bilmirlər, sonra da “İnternet resurslarında rus dilində material daha çoxdur, ona görə mən uşağı məktəbdə rus bölməsinə qoydum” kimi problem ortaya çıxır. Bu bəhanələrin yığışması üçün digər sahələrdə olduğu kimi, film sahəsində, dublyajda da addım atılmalıdır”.
Bu sözləri Oxu.Az-a müsahibəsində dublyaj aktyoru Emin Nəsirli deyib. Həmsöhbətimiz bu peşəni seçmə yolundan, dublyaj aktyoru olmaq istəyənlərin qarşısına qoyulan şərtlərdən, yerli filmlərdə səsləndirməyə tələbin olmama səbəblərindən, Azərbaycan tamaşaçısının heç vaxt real səsini eşitmədiyi aktyorlardan və digər məsələlərdən söz açıb.
Müsahibəni təqdim edirik:
– Emin bəy, nə vaxtdan səsləndirmə ilə məşğulsunuz? Ümumiyyətlə, necə oldu ki, dublyaj aktyoru olmaq qərarına gəldiniz?
– Təxminən 2003-cü ildən mənə dublyajla məşğul olmağa imkan yaradılıb. O vaxt “Planet Parni İz Baku”nun köhnə “Abşeron” hoteldə studiyası vardı, təklif etdilər ki, ingilis dilindəki ofis proqramları barədə materialları orada öz dilimizdə səsləndirim. Mən də qəbul etdim və bizim azərbaycandilli nümayəndələr həmin ofis proqramı ilə səsim vasitəsilə tanış oldular. 2000-2004-cü illər arasında Mədəniyyət və İncəsənət Universitetinin Rejissor və aktyor sənəti fakültəsində bakalavr, 2004-2006-cı illərdə də magistr təhsili almışam. Elə tələbəlik illərindən bu sahəyə həvəsim var. Üçüncü kursdan artıq özümü sınadım.
– Bəs Azərbaycanda sırf dublyajla bağlı təhsil verilirmi?
– Xeyr, dublyaj fakültəsi yoxdur. Fikrimcə, dublyaj daha çox bir dərnək, yaxud kurs kimi keçirilə bilər. Amma Mədəniyyət və İncəsənət Universitetində, onsuz da, səhnə danışığı dərsi var. Səhnə danışığında istər-istəməz hərflərin deyiliş qaydası, intonasiyalar öyrədilir. Bilmirəm, bəlkə də, ayrıca fakültənin açılmasına lüzum var. Amma ümumi fikrim belədir ki, bəzi şeylər insanda doğuşdan olur. Təmiz diksiya da bunlardan biridir. Mən uşaqkən müğənniliklə məşğul olmuşam və bu səs məni çox yerə aparıb. İlk sınağım “Pöhrə” müsabiqəsi olub. Amma eyni zamanda da rola girmək kimi qabiliyyətim də vardı. Qeyri-ixtiyari aktyorluq edirdim. Bu, yaradıcı heyətin diqqətini çəkdiyi üçün ancaq konsertlərdə olurdum, hətta 1995-ci ildə ümummilli lider Heydər Əliyevin önündə Sevil Əliyevanın “Ana” mahnısı ilə çıxış etmişəm.
– Hazırkı fəaliyyətiniz tam olaraq nədən ibarətdir, yəni təkcə dublyaj aktyorluğu ilə məşğulsunuz, yoxsa filmlərə də çəkilirsiniz?
– Mədəniyyət TV-nin Anons şöbəsində anons səsi kimi fəaliyyət göstərirəm, əsas iş yerim oradır. Həmçinin sənədli, bədii filmlərdə də rol alıram. Məsələn, bizim yerli kanallarda rejissorlarımızın dəvəti ilə “Anamın kitabı”, “Xosrov və Şirin” filmlərində oynamışam. Hüseyn Cavidin “Şeyx Sənan” əsərinin motivləri əsasında çəkilən “Şeyx Sənan” filmində müstəntiq obrazındayam, yaxın zamanda efirə gedəcək. O cümlədən bu yaxınlarda görkəmli rejissorumuz Ramiz Həsənoğlunun Üzeyir Hacıbəyli haqqında bədii filmində yer almışam. Həmçinin “Yad et məni” silsiləsindən bizim ədiblərimiz haqqında filmlər çəkilir, orada da Mikayıl Abdullayev rolunu canlandırmışdım. Bizim müasir kino sənayesi yavaş-yavaş inkişaf edir. Qızğın rəqabət olsa, düşünmürəm ki, geridə qalım. Orada ən parlaq rollardan bir neçəsini canlandıra bilərəm. Ümid edək ki, münbit şərait yaranacaq və rəqabət başlayacaq, ondan sonra yaxşı filmlər işləmək olar.
– Teatrla aranız necədir? Heç özünüzü teatr səhnəsində sınamısınız?
– Bircə teatr aktyoru olmağı heç vaxt təsəvvür etməmişəm. Halbuki qabiliyyət imtahanında mənə Cəmil Quliyev demişdi ki, bizim Dövlət Akademik Musiqili Teatrında səs imkanları olan aktyorlara ehtiyacımız var, oraya gəlin. Ancaq getmədim. Düzü, deməzdim ki, teatr aləmi məni itirib, çünki itirən həmişə insanın özü olur. Teatrda da olsam, yaxşı olardı. Amma o zaman şərtlər bir az başqaydı, indi isə orada istər mənəvi, istərsə də maddi inkişaf var. Bəlkə də, o vaxt teatr mövcud vəziyyətində olsa və mənə təklif gəlsəydi, qəbul edərdim. Sadəcə, teatr həmişə mənə çətin və məşəqqətli yol kimi gəlib. Ola bilər ki, tam həvəsli olmamışam deyə elə düşünmüşəm. Həmişə daha çox mikrofon və qulaqlığa, dünya ulduzlarının səsləndirilməsinə meyilli olmuşam. İnsanlara dublyajı kübar şəkildə sevdirməyi qarşıma məqsəd qoymuşdum. Təbii ki, buna nail olub-olmadığımı tamaşaçılar deyə bilərlər.
– Bu gün dublyaj aktyoru seçilərkən nələrə diqqət edilir?
– Əvvəla, onu deyim ki, sənətkar hər on ildən bir yetişmir, yüzillikdə müəyyən insanlar olur ki, onlar önə çıxırlar. Sırf dublyajdan söhbət gedirsə, sənin qətiyyən ləhcən olmamalıdır. Əgər ləhcən varsa və ya hansısa hərfi deyə bilmirsənsə, dublyaj aktyoru olmaq çətindir. Çünki nitqin qüsursuz olması şərtdir. Burada istisna hallar da var, məsələn, elə bir obraz ola bilər ki, onun nitqi qüsurlu olar və rejissor da səsləndirmə üçün qüsurlu nitqi olan bir aktyor seçər. Amma intensiv dublyajla məşğul olmaq üçün hiss, emosiya, diksiya yerində olmalıdır. Həmçinin dublyajda səs rəngi də önəmlidir. Bizdən öncəki nəhəng aktyorlara baxaq. Məsələn, Səməndər Rzayevin həm kinoda yaratdığı obrazlar, həm də səsləndirməsi çox yüksək səviyyədəydi. Onlar XX əsrdə doğulub yaratdılar. XXI əsrdə də kinomuz əvvəlki sistemdə inkişaf etməyə başlayıb, ümidliyik ki, sağlam rəqabət başlayacaq və ard-arda yaxşı filmlər çəkiləcək, eləcə də səsləndiriləcək.
Azərbaycan dilində səsləndirmənin çox vacib olduğu qənaətindəyəm. İngilis və ya rus dilini kimsə bilirsə, o, orijinaldan izləyə bilər. Amma bizim öz ana dilimiz var və burada heç kim borclu deyil ki, o dilləri bilsin. Bir milləti yaşadan da onun dilidir, ona görə də biz xarici filmlərə də dilimizi gətirməliyik. Məsələn, son vaxtlar orta məktəblərdə də tədris dili ilə bağlı mübahisələr yaranır, hesab edirəm ki, birmənalı şəkildə təhsilimizdə bir dil dominantlıq etməlidir ki, o da Azərbaycan dilidir. Digər dillərdə özəl, ödənişli məktəb ola bilər, amma az sayda.
– Xarici ölkələrdə dublyaj aktyorları arasında məşhur aktyorların “bölgüsü” olur. Məsələn, Leonardo DiKaprionu sırf bir aktyor, Nikolas Keyci başqa biri “mənimsəyir”. Yaxud da “Kurtlar Vadisi”ndə Necati Şaşmazı sırf bir nəfər səsləndirir. Bizdə də belə “bölgü” varmı?
– Bizdə hələ ki o sistem mövcud deyil. Bu məsələdə durumdan narazı olan insanlarımız bizi çox vaxt Rusiya və Türkiyə ilə müqayisə edirlər. Amma ortada böyük fərqlər var, bunlardan elə biri əhali sayı ilə bağlıdır. Həmin ölkələrdə kino, dublyaj bazarı böyükdür, tələbat var. İmperiyanın tək bizə yox, indiki Müstəqil Dövlətlər Birliyinə vurduğu zərər isə hələ ki qalır. Bundan qurtulmaq, böyük bazarı yaratmaq üçün biz bir az əziyyət çəkməliyik. Mənə çox vaxt deyirlər ki, sən hər şeyi siyasətə bağlayırsan. Amma reallıq odur ki, dilin inkişafı da, insanların kübar səviyyədə yaşaması da, mədəniyyət də siyasətə bağlıdır.
Əgər bizim böyük bir hissəmiz İranda əsarətdə qalıbsa, necə tam şəkildə inkişaf edə bilərik? Sənin 80 faizin yoxdur, təsəvvür elə ki, ancaq qol və başın qalıb, nə edə bilərsən? Əli olmayan insan hansısa məsələdə mütləq axsayacaq, biz mütləq tamlaşmalı, bütövləşməliyik. Sayımız çoxdur, bu təkcə Güney Azərbaycanla bitmir, Suriyanın Hələbindən tutmuş İraqın Kərkükünə kimi insanların böyük hissəsi məhz Azərbaycan türkcəsində danışır, onların bizə ehtiyacı var, möhtacdırlar. Çünki onlar başqa dildə bilsələr də, düşüncə millidir. Azərbaycan türkcəsidir və həmin ehtiyacı bu gün Azərbaycan ödəməlidir. Biz bütün sahələrdə belə önəmli iş görürük. Bunu boş yerə demirəm. Orada yaşayan türklərdən bizə mesaj gəlmişdi, verilişlərimizi, filmlərimizi izlədiklərini bildirirdilər, onların dedikləri xoş sözlərin məsuliyyəti var çiyinlərimizdə. Onlar bizdən ana dillərini eşitmək istəyirlər, rejim onları dillərinə həsrət qoyub, amma peyk vasitəsilə dinləyirlər.
– Bu məsələyə bir qədər sonra qayıdacağam. Amma əvvəl gördüyünüz işlər barədə məlumatları dolğunlaşdırmaq istərdim. Heç olub ki, eyni filmdə bir neçə personajı səsləndirəsiniz?
– Dəfələrlə olub. Elə bu gün də bir filmdə bir neçə obrazı səsləndiririk. Amma bu mənə çətin gəlmir. Təbii ki, hər kəsin səsinin ayrı olması arzuolunandır. Amma dublyaj belə bir şeydir ki, orada ötəri rollar da olur ki, onun üçün ayrıca aktyor çağırmağa ehtiyac yoxdur. Sırf detallı yanaşılan dublyaj filmləri də var, amma elə dünya praktikasında da biz görürük ki, maksimum on aktyorla filmi ərsəyə gətirirlər. Təbii ki, oraya peşəkar, ən azı iki rəng səs verən aktyorlar cəlb olunurlar. Məsələn, mən ANS dövründə “Simpsonlar”ı səsləndirmişəm. Həmin cizgi filmində Azərbaycan tamaşaçısını savadlı şəkildə məlumatlandırmaq lazımıydı. Orada siyasi motivlər çox idi. Personajlar o qədər elmi danışırdılar ki, səsləndirmək çətin idi, üstəlik bütün yük mənim boynumdaydı. Çünki kişi personajlarını mən, qadınları Nəcibə Hüseynova səsləndirirdi. Yəni bəzən, sadəcə, iki yox, ikidən daha artıq personajları da səsləndirdiyimiz olub. İnsanın formalaşmasında kinonun böyük təsiri var, o vaxt ANS bu işi peşəkar şəkildə görürdü.
– Sizin üçün hansı ölkə filmlərini dublyaj etmək daha asandır?
– Mən özümü amerikan filmlərini səsləndirərkən daha rahat hiss edirəm. Avropa, ABŞ filmləri həm mənim təbiətimə, həm səs tonuma daha yaxındır və mənim üçün onları səsləndirmək bir qədər asandır. Lazım gəldikdə digər ölkələrin filmlərini də səsləndiririk. Amma düşünürəm ki, məsələn, Hindistan filmləri indi nəyə lazımdır? Bu gün üçün onlar keçərli deyil. İndi elm, texnologiya əsridir. Mən şəxsən təqdir edirəm ki, texnoloji, astronomiyaya aid, sənədli filmlər dəbdə olsun. İnsanlar bir az məişət məsələlərindən uzaqlaşmalıdırlar. Mənə sənədli filmdə personajı dublyaj etmək təklif olunanda məmnuniyyətlə qəbul edirəm.
– Bir film üçün dublyaj prosesi neçə gün davam edir?
– O, rolumun yükündən asılıdır. Filmdə həmin obraza nə qədər yer verildiyi önəmlidir. Bu gün dublyaj o qədər inkişaf edib ki, artıq obrazın hansı səhnələrdə yer aldığı təyin olunur və mən ancaq öz səhnələrimi səsləndirib gedirəm. Əgər iki saatlıq filmdə beş dəqiqədən bir mənim səsləndirəcəyim obraza yer verilibsə, o iş bir saata bitə bilər. Biz gəlib mətni əvvəldən oxumuruq. Film verilir və sən səsləndirməyə başlayırsan. Bəzi məqamlar var ki, onu izah etmək mümkün deyil, bu, qeyri-ixtiyari baş verir. Heç əvvəldən filmə də baxmırıq. Səs rejissoru mənə personajın psixoloji durumu, xarakteristikası haqqında məlumat verir və mən ona uyğun səsləndirməyə keçirəm. Sadəcə, mənə lazım olanda istəyirəm ki, obrazı ekranda göstərsin.
– Səsinizi qorumaq üçün qidalanmanıza diqqət edirsinizmi?
– Xeyr, heç bir xüsusi tədbir görmürəm. Səsi Allah verib, Allah da alacaq. Xəstələnəndə biz də hamı kimi dərman içib sağalırıq. Əslində, mənim səhnədən uzaqlaşma səbəbim də elə çərçivələr oldu. Müğənnilikdə qidana diqqət etməlisən, azca soyuq su içən kimi səsin gedir. Amma dublyajda fərqlidir, hətta bəzən səsinin xırıltısı sənə lazım olur. Səsin pəsdən olması işə yaraya bilir. Mən səsləndirməyə daha çox iş kimi baxıram. Arada olub ki, hansısa rolu özümə yaxın hiss etmişəm və mən səsləndirsəm, daha yaxşı olar deyə düşünmüşəm. Amma başqası səsləndiribsə də, orada ilişib qalmamışam. Kimisi bu sahəyə qəlbən yanaşır və bir çox şeyləri problemə çevirir, kimisi də iş kimi yanaşır.
– Yerli filmləri də səsləndirmisinizmi?
– Bəli, olub. Məsələn, bu yaxınlarda festivala göndəriləcək bir filmi səsləndirdim. Ondan sonra Elmar Bayramovun filmində bir gənc oğlanı dublyaj elədim. Yerli filmlərdə dublyaja o qədər yüksək tələb yoxdur, amma təklif aldığımız vaxtlar olur.
– Bizim aktyorlar arasında eləsi varmı ki, real səsini tamaşaçılar eşitməyiblər?
– Yox, demək olar ki, hamısı öz səsi ilədir. Yenə də qayıdıram ora ki, film sektoru bizdə tam istədiyimiz inkişaf mərhələsinə gəlib çatmadığı üçün o məsələdə də axsaqlıq var. Amma dünyanın bir çox yerlərində aktyorlar var ki, onların orijinal səsini tamaşaçı eşitməyib. Əgər sağlam rəqabət başlasa, böyük sıçrayışlarımız olsa, düşünürəm ki, o incəliklər də həllini tapacaq. İndi çəkilən filmlər də peşəkar çəkilir. Sadəcə olaraq, bizim rejissorlar indiki şəraitdə çalışırlar ki, aktyor seçəndə onun görkəmi ilə yanaşı, səsi də uyğun olsun. Çünki dublyaj da əlavə puldur. Amma mən arzulayıram ki, biz o səviyyəyə gəlib çataq ki, rejissor desin ki, mənə bunun siması, filankəsin səsi lazımdır. Bu o demək olar ki, Azərbaycan kinosu pik həddə inkişaf edib.
– Dublyaj aktyorluğu peşəsini gəlirli hesab edirsinizmi?
– Tələb görən aktyorlar var ki, onlar üçün gəlirlidir. Bu gün də biz intensiv dublyajla məşğuluq, çünki televiziyalar xarici filmlərə ehtiyac duyur.
– Bayaq dublyajlarımızın həm də xaricdəki soydaşlarımızın dilini qoruyub-saxlamağa kömək etdiyinə diqqət çəkdiniz. Məsuliyyətinizin çox olduğunu vurğuladınız. Sizcə, dublyaj sahəsini inkişaf etdirmək, qulağı səsdə olanlarımıza xoş səda vermək üçün hansı işlər görülməlidir?
– Bizim müxtəlif kanallardan sifarişlər gəlir, gedib səsləndiririk. Beş-on peşəkar aktyor var ki, əsasən, filmləri onlar səsləndirirlər, yavaş-yavaş da gənclər sıraya qatılırlar. Ancaq biz bununla yetinməməliyik. Bu gün 24 saat fəaliyyət göstərən film kanalımız olmalıdır. Məsələn, dünya praktikasında sənədli filmlər üçün ayrı, bədii filmlər üçün isə ayrı kanallar var, cizgi filmi göstərən kanallar da ayrıdır. Bizdə isə bu yoxdur. Olsa, aktyorların qazancları da normal olar, hamı başını aşağı salıb işini görər. Bu fərdi kanallar mövcud olarsa, komanda şaxələnər. Dublyaja tələbat çox olanda peşəkar kadr da çoxalır. Həmçinin maliyyə də xərclənməyə başlayır. Material nə qədər çox olarsa, vəziyyət normallaşar, peşəkarlarla yanaşı, gənc nəslə də ehtiyac duyular. İzləyicimiz kifayət qədər var. Tələbi artırmaq üçün isə 24 saat film göstərən kanal olmalıdır. Yenə əvvələ qayıtdım, çünki bunlar bir-biri ilə əlaqəlidir. Başlanğıc üçün janr fərqi olmadan Azərbaycan dilində səsləndirilmiş bütün filmləri bir kanalda da verə bilərlər, sonradan bölünər. Dalğa TV bu baxımdan səs salmışdı, onun fəaliyyəti dövründə bizim boş vaxtımız yox idi. Bu gün insanlar öz dillərində film izləyə bilmirlər, bu boşluğun doldurulmasını istəyirəm.
– Problemin həlli üçün layihə hazırlayıb aidiyyəti üzrə təqdim etmisiniz?
– Layihə hazırlamamışam, amma dövlət strukturlarına müraciət eləmişəm, hələ ki cavab yoxdur. Amma problem həllini tapmalıdır, çünki bu vəziyyət insanları da narahat edir. Bu filmlər baza kimi ən azı hansısa internet portalına yığılmalıdır. Bizim gənclərimiz öz dillərində texnoloji filmlər tapa bilmirlər, sonra da “İnternet resurslarında rus dilində material daha çoxdur, ona görə mən uşağı məktəbdə rus bölməsinə qoydum” kimi problemlər ortaya çıxır. Bu bəhanələrin yığışması üçün digər sahələrdə olduğu kimi, bu sahədə də addım atılmalıdır. Dublyajla bağlı labüd olan məsələlər var ki, geridə qalırıq. Bu, həyəcan təbilidir. Niyə bir gənc öz dilində hansısa bir yapon filminin dublyaj versiyasını tapa bilmir? Əksəriyyətinə türkcə dublyajla baxırlar, buna qarşı deyiləm, o da bizim dilimizdir, ancaq Azərbaycan dilində də olmalıdır. Türkiyənin özündə deyirlər ki, Qafqazda yaşayan türklər bizim soy-kökümüzdür. Mən hələ 15 yaşımda Türkiyədə festivalda olanda bunu eşitmişəm. Biz yeni-yeni müstəqillik qazanmışdıq, Türkiyə ilə yaxınlaşırdıq, bir çox şeydən məlumatsız idik. Oraya festivala gedən uşaqları seçilmiş ailələr iki həftəlik himayəyə götürürdülər. Onlar bizi özümüzə qaytarırdılar, türkün tarixinə diqqət çəkirdilər. İki həftə qaldığım ailədə mən milli kimliyimi, dilimi, özümü, dədə-babalarımı tanıdım. O siyasət çox güclü idi. Bu dilin yaşaması, gənclərimizin savadlı şəkildə bilgilənmələri üçün biz tədbirlər görməliyik. Burada film də bir vasitədir. Düşmən mövqeli insanların çarəsini kəsmək üçün resurslarımız bol olmalıdır. Ayrıca sənədli, bədii və cizgi filmi kanalı açılmalıdır.
Daha çox foto burada: PhotoStock.az
Sayad Həsənli
www.RIA24.az