Baku TV-nin əməkdaşı, rejissor Mətləb Muxtarovun “12/35” sənədli filmi Fransanın Biarritz şəhərində baş tutan FIPADOC Beynəlxalq Sənədli Film Festivalında nümayiş edilib.
Bu barədə Oxu.Az-a danışan Mətləb Muxtarov həmin filmin 2022-ci ildə “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalında “Ən yaxşı yerli qısametrajlı sənədli film” nominasiyasının qalibi olduğunu diqqətə çatdırıb. Rejissorun sözlərinə görə, məhz bu qalibiyyət münasibəti ilə FİPADOC film festivalına dəvət alıb:
“Film burada da nümayiş olundu. Filmin orijinal xronometrajı 42 dəqiqədir, sadəcə mən festival üçün qısaldıb 20 dəqiqə etmişəm”.
Müsahibimiz filmin “12/35” adlandırılma səbəbindən və mövzusundan da söhbət açıb:
“Film Sumqayıt şəhərində 8-ci mikrorayonda yerləşən 12/35 nömrəli binadan bəhs edir. Bu binada 60-70-ci illərdə doğulan oğlanların bir çoxu erkən yaşlarında vəfat ediblər. Vəfat edənlərdən ən birincisi mənim atam olub. Mən özüm də orada doğulub böyümüşəm, mövzu mənə yaxındır. Bu filmdə öz hekayəmdən başlayaraq onların hekayələrini danışmağa çalışmışam. İlk müstəqil sənədli filmimdir, bundan əvvəl televiziyalarda işləmişəm, hazırda Baku TV-də sənədli filmlər çəkirəm. Yeni layihələrim var, üzərində çalışıram, amma bunlar haqqında hələ ki, məlumat verə bilmərəm”.
Sayad Həsənli
www.RIA24.az