Tanınmış gürcü bəstəkar, musiqiçi, cazmen Tamaz (Tatuza) Kuraşvili 75 yaşında vəfat edib.
Bu barədə məlumatı musiqiçinin dostları yayıblar.
Qeyd edək ki, 1970-ci illərdə Tbilisi Dövlət Konservatoriyasında təhsil alan Tamaz Kuraşvili “Diello” Filarmoniya Ansamblının (1968-1969), “Çanqi” Ansamblının (1970), Radio və Televiziya Komitəsinin estrada orkestrinin solisti (1968-1982), caz ansamblının rəhbəri (1979), Estrada Simfonik Orkestrinin baş dirijoru və bədii rəhbəri (1983-1985) olub.
O, həmçinin “Təmiz vərəq” (1982) qısametrajlı bədii filminin, “Onlar” (1993) bədii filminin, Telavi Dram Teatrının “Miminin əhliləşdirilməsi” tamaşasının (1985) və s. musiqilərinin müəllifidir.
Qeyd edək ki, Tamaz Kuraşvili ilə azərbaycanlı cazmen Vaqif Mustafazadə arasında yaxın dostluq münasibətləri olub. Onlar 70-ci illərdə birlikdə həm Bakıda, həm də Tbilisidə konsertlər veriblər və müxtəlif festivallarda birgə çıxış ediblər, 1979-cu ildə isə ikili albom buraxıblar.
Tamaz Kuraşvili Vaqif Mustafazadə barədə danışarkən onu musiqidə inadla yeniliklər axtaran və özünü təsdiq edən biri kimi təsvir edib.
“İllər keçdikcə o, özünəməxsus rəngarəng nitq tərzini inkişaf etdirdi ki, bu üslubda hətta təcrübəsiz dinləyici belə Şərqin səs “rayihəsini” asanlıqla qavrayırdı. Vaqifin yaradıcılıq potensialı ifaçılıq texnikası, zəngin improvizasiya qabiliyyəti və qaynar təxəyyülü baxımından həqiqətən də tükənməz idi. Onun iş bacarığı hər kəsi heyrətə gətirirdi. O, çox emosional insan idi, həyatında baş verən hər şey üçün dərindən təsirlənirdi. Əsəb gərginliyi onun üçün əks göstəriş idi, ancaq bunu musiqiçi həyatından çıxarmaq olarmı?”, – deyə gürcü cazmen deyib.
Tamaz Kuraşvili eyni zamanda “Bakıda ən isti gün” adlı kompozisiyanın müəllifidir.
www.RIA24.az