Mələkxanım Əyyubova: “Yoldaşım çox qısqanc idi, onu…” – MÜSAHİBƏ + FOTO

Mədəniyyət

“Tələbəlik illərimi də tələbə kimi keçirə bilmədim. Çünki elə həmin ildən “İrs” folklor ansamblı yarandı və Qulu müəllimin köməyi ilə orada yeganə ifaçı kimi fəaliyyət göstərdim” 

Bu sözləri Kulis.az-a müsahibəsi zamanı xanəndə, muğam ifaçısı, Xalq artisti Mələkxanım Əyyubova deyib.

– Siz İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmisiniz. Çoxları bunu bilmir…

– Musiqili-komediya aktyorluğunu bitirmişəm. Onuncu sinfi bitirdikdən sonra xanəndəlik üzrə Asəf Zeynallı adına musiqi məktəbinə getmək istədim. Evdə o vaxt dedilər ki, o universitet sayılmır, universitetə get. Mən də sənədlərimi universitetə verdim. Qəbul imtahanına gələndə gördüm ki, muğam şöbəsindən başqa hər şey var.

– Estrada da yox idi?

– Yox. Estrada sonradan açıldı. Sonra artıq geri dönüş yox idi. İmtahanda etüd göstərməli idim. Təsəvvür edin ki, ağlaya-ağlaya hazırlaşdım. Çünki muğamlarımızı oxumağa hazırlaşırdım. O qədər əziyyət çəkmişdim. Muxtar İmanov, kafedra müdiri gözəl vokalist Rəhilə Cabbarova, Aslan Aslanov, xanəndə Qulu Əsgərov bizdən imtahan götürürdülər. “Arşın Mal Alan” filmindən “Gülçöhrənin ariyası”nı elə oxudum ki…

– Özləri istədilər, yoxsa siz təklif etdiniz?

– Mən demişdim. Bu, ən zil diapazonda olan bir ariya idi. Bundan o yana not yox idi. 3-4 dəfə təkrar oxutdurdular. Xoşlarına gəldiyi üçün hər imtahanda cavab verə bilməsəm də, məni oxutdururdular.

– Aktyorluqla yanaşı musiqi təhsili də aldınız?

– Fakültədə tələbələr ancaq müəllimləri ilə birgə vokalla məşğul olurdular. Mən də dərslərə çox həvəssiz gedirdim. Muğam oxumaq istəyirdim. 5 il burada nə edəcəyimi düşünürdüm. Yoldaşımın qohumları hələ biz onunla yeni tanış olduğumuz vaxtlarda mənə universitetə girməli olduğumu deyirdilər. Mən isə muğam oxumaq istəyirdim. Bir gün öz çarəmi özüm tapdım. Kafedraya gəlib Qulu müəllimi tapdım. Dedim ki, mənim səsim var, oxumaq istəyirəm.

Soruşdu ki, nə oxuya bilirsən? “Qatar” oxudum. “Qatar”da səs zilə qalxdığı üçün səsim bütün universiteti götürmüşdü. Bu vaxt təsadüfən dəhlizdən Aslan Aslanov keçirmiş. Ayaq saxlayıb fikirləşib ki, axı belə tələbə qəbul etməmişik. Qapını açıb içəri girəndə donub qaldı. Dedi, ay qızım, bu nə oxumaqdır? Sən bunları da bilirsən? Ağlamağa başladım. Dedim, Aslan müəllim, mən elə bunları oxuyuram. O gündən məni vokaldan azad etdilər. Qulu müəllim yeganə muğam tələbəsi kimi mənimlə məşğul olmağa başladı. Beləliklə, beş il onun tələbəsi oldum. Vokalla məşğul olsaydım, muğam potensialımı itirə bilərdim.

Tələbəlik illərimi də tələbə kimi keçirə bilmədim. Çünki elə həmin ildən “İrs” folklor ansamblı yarandı və Qulu müəllimin köməyi ilə orada yeganə ifaçı kimi fəaliyyət göstərdim. Heç kimə tanış olmayan səs və sima axtarırdılar. Bunu da məndə tapdıqları üçün məni öz aralarına aldılar. Birinci kursdan “İrs” ansamblı ilə efirlərə çıxmağa, xarici ölkələrə səfərlərə getməyə başladım.

– Qulu müəllimdən başqa, gənc müğənni kimi digər sənətkarlar tərəfindən necə qarşılanırdınız?

– 1979-cu ildə bizdə qadın sənətkarlarımızın, Tükəzban xanımın, Sara (Qədimova) xanımın, Şövkət (Ələkbərova) xanımın yaşlarının gözəl vaxtları idi. Zeynəb Xanlarova, Elmira Rəhimova səhnədə idilər. O vaxt hər kəs qızını səhnəyə buraxmırdı. Mən də “İrs” folklor ansamblında ilk dəfə milli paltar geyindim. Qədim mahnılar ifa etməyə başladım. Sırf muğam burada da yox idi. Muğamlardan kiçik parçalar ifa olunurdu. Ansambllar çox idi. Onlarda da xalq mahnıları çox oxunmurdu. Milli ruhlu ifalar az idi.

Xalq Çalğı Alətləri Orkestrimiz var idi. “İrs”də bir il oxuduqdan sonra Süleyman Ələsgərov səsimə görə məni bura gətirdi. Səsim həm opera, həm muğama uyğun idi. “Gülçöhrənin ariyası”nı oxuyanda heç kim inanmazdı ki, mən həm də klassik bəstəkarlarımızın lirik əsərlərini oxuya bilərəm. Orkestrə gələndə Yalçın Rzazadə, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Elmira Rəhimova ilə birlikdə işləməyə çalışırdım. Onlar da hər adamı özlərinə yaxın buraxmırdılar. Bugünkü gündə həmin orkestrin solistiyəm.

Bəstəkarlarla işləməyə yeni-yeni mahnılar ifa etməyə başladım. Bir neçə ildən sonra universiteti bitirdim. “İrs” folklor ansamblı müəyyən səbəblərə görə dağıldı. Trio ilə məşğul olmağa başladım.

– Neçənci ildə?

– 1980-ci il olardı. O vaxt çox muğam konsertləri olmurdu. Əmir Hüseyn Məcidovun dövlət televiziyasında klassik irsimizdən bəhs edən verilişi var idi. Gənc ifaçı kimi orada həm ifa edir, həm də dəflə özümü müşayiət edirdim. Bayaq adlarını çəkdiyim xanım sənətkarlarımızdan heç biri özünü dəfdə müşayiət etmirdi. Uşaqlıqdan ritm duyumum güclü idi. Trioda çalışanda dəflə nağaraya ehtiyac qalmırdı. Özüm özümü müşayiət edirdim.

– Əsas fəaliyyətə 80-ci illərdə başladınız ?

– Sırf 1993-cü ildən. Çünki 1988-ci ildən 1993-cü ilə qədər ölkəmizdə müharibə şəraiti idi. Ancaq trio ilə gedib konsertlər verirdik. Kiçik heyət ansamblla mümkün deyildi. Trio ilə ilk dəfə cəbhə bölgələrində konsertlər verirdik. Ondan sonra da 1993-cü ildə musiqi mədəniyyətimizlə bağlı böyük bir tədbir keçirildi. Orada çıxış etdim. 1995-ci ildə YUNESKO-da da trio ilə çıxış etdim. Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlaqədar İraqda da tədbirimiz oldu.

– Gözümüzü açandan Mələk xanım Eyyubova deyəndə, Möhlət Müslümov yadımıza düşüb. O trio həmişə gözümüzün qabağına gəlib…

– Möhlət Müslümov məndən əvvəl trioda işləyib. Amma yadda qalmaq məsələsi var. Mən sonra başqa triolarla çalışmışam. Əhməd Bakıxanovla də birgə işlərimiz olub. Konsertlərdə iştirak etmişik.

– Səkinə xanımla söhbət edəndə, demişdi ki, Nəzakət xanım ona çox dəstək olub. Bəs sizə qadın həmkarlarınızdan kim kömək olub? Yoxsa belə bir dəstəyə ehtiyacınız olmayıb?

– O vaxt mənim dəstəyə, daha çox mənəvi dəstəyə ehtiyacım var idi. Bu, hər bir gəncdə belədir. Adam böyük sənətkarların ürək-dirək verməsini istəyir. O baxımdan orkestrdə çalışanda həmişə Şövkət xanım yanımda olub. Ona suallar verirdim, çox gözəl cavablar alırdım. O, səhnəyə çıxmamış hələ adı çəkiləndə böyük alqış gəlirdi. Bu, məni təəccübləndirirdi. Düşünürdüm, görəsən, mən də elə ola biləcəyəm? Tamaşaçılar onun tək səhnədə oxumağını yox, yerişinə, xanımlığına valeh olurdular. Bunları müşahidə edib özümə də arzulayırdım. Şövkət xanımda həmişə həyəcan hiss edirdim. Deyirdi ki, bu, məsuliyyətdən yaranır…

Sara xanımla da çox qastrol səfərlərində olmuşuq. O qədər gözəl insan idi ki. Uşaq kimi qəlbi var idi. Hiss etmirdim ki, yanımda məndən yaşca böyük biri var. Rübabə xanımla isə toyda olmuşam.

– Rübabə xanım ciddi və sərt qadın olub deyirlər.

– O ciddiliyin içində yumor da var idi.

– Çəkinirdiniz ondan?

– Gənclikdə özünü gözə soxmaq istəyirsən. Mən də mikrofon görən kimi götürüb oxuyurdum ki, məni tanısınlar.

Üstündən 40 il keçməsinə baxmayaraq Səkinə xanımla bağlı yadımda daha çox şey qalıb. Yaş fərqimiz az idi. Mən ondan 5-6 il sonra səhnəyə gəlmişdim. Səkinə xanım öz qohumu ilə ailə qurmuşdu. Mənim taleyim onun həyatı ilə oxşar idi. Hər dəfə həyat yoldaşı ilə gəlirdi. Qış, qar, çovğun demədən yoldaşı onu gözləyirdi. O vaxt qohumum məni istəyəndə, Səkinə xanımdan məsləhət alırdım. Həmin adam qısqanc idi.

Ondan soruşurdum necə olacaq? Ona “hə” desəm səhnə ilə bağlı problem yaşayacağam? Səkinə xanım bildirirdi ki, əvvəl bir az çətinlik çəkəcəksən, qısqanclıq olacaq, sonra isə inam-etibar yaranacaq, keçib gedəcək. O, mənə çox mənəvi dəstək olurdu. Səkinə xanım geyimlərimə də yaxşı mənada çox müdaxilə edirdi. Deyirdi paltarlarını özün tikdir. Belə olanda o paltardan ancaq səndə olacaq, bu səni fərqli göstərəcək. Beləcə modelyerlə işləməyə başladım. Geyimlərimdə və repertuarımda fərqliliyi sevirəm.

– Amma sizin bir klassik obrazınız var. Bu, dəyişməz olaraq qalır.

– O dəyişməməlidir. Yoxsa mən Mələkxanım olmaram.

– İndi bir çox xanımlar estetik əməliyyat etdirib bir-birinə bənzəyirlər. Sizdə isə bunu görmürəm.

– Desəm ki, üzümdə botoks yoxdur, inanmayacaqlar. Gərək bunu görmək üçün sizin kimi mənimlə üzbəüz otursunlar. Mən daha çox təbii maskalardan istifadə etməklə dərimə qulluq edirəm.

Hərənin bir üslubu var. Əməliyyat etsəm, görünər də. Əleyhinə də deyiləm. İstəsəm də, edə bilmərəm. Çünki zil diapazonda ifa edirəm. Üzümün ifadəsi görünməlidir axı.

– İfa zamanı üz ifadəsi önəmlidir?

– Əlbəttə. Güc tətbiq edirsən, səsi beyinə verirsənsə, üz ifadən dəyişməlidir. Tamaşaçı bunu görməlidir.

– Gənclik illərinizə baxanda, ovaxtkı enerjinizə həsəd aparırsınız?

– O vaxt da yorulurdum, tanınmaq üçün əziyyət çəkirdim, özünü təsdiqləmə məsələsi var idi. Enerjim çatmırdı bəzən. Çox zəif, arıq, çəlimsiz bir qız idim. Ayaq üstə yatırdım. Yolum şəhərə uzaq idi. O vaxt taksi ilə getməyə də pis baxırdılar.

– Pul qazanan xanımın üstünlüyü nədir?

– Uşaqlıqdan pul qazanan olmuşam. Rayona getmişəm, hansısa toyda oxuyanda xoşlarına gəlib, pulu töküblər başımdan. Və yaxud hansısa qonaqlıqda oxumuşam, bəyənib pul veriblər. Mənim üçün maddiyyat problemi olmayıb. Ayda 30 toy oxuyurdum. Bir gün iki toya gedirdim. Amma qazandığım pulu istədiyim kimi xərcləyə bilmirdim. Cavan qız uşağı olduğum üçün ev, maşın ala bilməzdim. Məcbur qalıb ancaq pal-paltara verirdim.

– Pulunuz olması sizdə özünə inam yaradırdı?

– Bəli. Sənətçinin pul sıxıntısı olmamalıdır. Yaxşı geyinməli, özünə baxmalıdır. 1980-ci illərdə xaricə gedirdim. Oradan rahatlıqla özümə geyimlər, bəzək əşyaları alırdım. Heç vaxt maddi korluq çəkməmişəm. Həm də Allahın verdiyi istedadla bərabər insanda naxışın da olması yaxşıdır. Qarşıma həmişə yaxşı insanlar çıxıb.

– O vaxt sizin nəsil çox saf olub. Ancaq sənətlə məşğul olublar…

– Biz elə indi də safıq. Sənətçi başqa nə etməlidir? Oturub qeybət qırası deyildik ki. Bildiyimizi bir-birimizə öyrədirdik. İndinin özündə də gedib məndən sonra bu sənətə gələn kimisə dindirsəniz, deyəcək Mələkxanımın bizə hansısa dəstəyi olub. Heç vaxt paxıllıq etməmişəm, əlimi uzatmışam. Gənclərə, tələbələrimə də bunu öyrətməyə çalışıram.

– İndi gələn uşaqlar necədirlər?

– Təəssüf ki, indi sənətə gələn gənclərimiz ilk növbədə maddiyyat düşünürlər. Yadıma gəlir, o vaxt biz dövlət sənətçisi olduğumuz üçün toylara gedəndə utanırdıq. Bir var pul sənətə görə lazım olsun, bir də var sənət pula görə. İkincini seçən adamlar heç vaxt irəli gedə bilməzlər. Ona görə gərək yarıbayarı olsun.

 Siz balansı qoruyursunuz?

– Əlbəttə. Hər efirə də getmirəm. 40 ildir sənətdəyəm, hər dəfə efirə çıxanda xüsusi hazırlaşıram. Efirə həmişə eyni tərzdə çıxmaq həm özünə, həm də tamaşaçıya hörmətsizlikdir. Bir gün hiss etsəm ki, səhnədə monoton görünürəm, deməli, o gün bitmişəm. Hər detala fikir verirəm. Bəzən bir şəklimi maksimum yaxınlaşdırıb baxıram. Qızım Nərgiz deyir ki, bəsdir, bu qədər xırdalığa getmə.

– Gənclər bundan yorulmurlar?

– Yox, əksinə, onlar başa düşürlər ki, məsuliyyətdən belə edirəm. Yüzlərlə insanın qarşısına çıxmaq üçün bu vacibdir.

– Həyatınızda sevginizin rolu necədir? Sevgi sizə nə verir?

– Sevgisiz yaşaya bilmərəm. Məni ailəmin, övladlarımın, xalqın sevgisi yaşadır. O enerjini almasam, ötürə bilmərəm.

– Xanım nə qədər güclü olsa da, güclü bir kişiyə ehtiyacı olur. O gücü hiss etmisiniz?

– Bəli. Hiss etməsəydim, indi gördüyünüz Mələkxanım ola bilməzdim. Sənətlə birlikdə evi də idarə etmək, dörd uşağı böyütmək, onlara təhsil vermək bunların hamısı onun sayəsində olub.

– Qısqanclıq olub aranızda?

– Mənimki Səkinə xanımın yoldaşından da çox qısqanc idi. Onu yavaş-yavaş yola gətirmişəm.

– Necə yola gətirdiniz?

– İnam qazanmaqla. 40 ildir səhnədəyəm. 34 ildir ki, evliyik. Bu heç də az müddət deyil. 34 il problem olmayıbsa, bundan sonra da olmaz. Hər ikimiz evə pul gətirmişik. Qadın gərək pul qazansa da, mənəm-mənəm deməsin. Biz həmişə əl-ələ vermişik.

– Mənim pulum söhbəti olmayıb?

– Heç vaxt. Əgər olsa, o, ailə deyil. Həmişə deyirəm, ailə elə bir şeydir ki, Allah ata-anaya yox, kiçik övlada ruzi verə bilər.

– Evdəki Mələkxanımla səhnədəki arasında hansı fərqlər var?

– Evdə kaprizim yoxdur. Təki hamının könlü xoş olsun, kefi açılsın prinsipi ilə hərəkət edirəm. Ailəmdə bir az özümü qurban verməyi seçirəm. Qohumcanlı biriyəm.

– Vasvasısınız?

– Çox. Evdəkilər əlimdən bezirlər. Çox vaxt küsürlər.

– Sonuncu dəfə nə vaxt mətbəxdə xörək bişirmisiniz?

– Elə bu gün. İmkan olan kimi özüm bişirirəm.

– Şirvan, Qarabağ, Bakı muğam məktəbi. Bu bölgü ilə razısınızmı?

– Bəli. Hamısı bir məktəbdir. Hərəsinin də öz koloriti var.

– Kimlərlə dostluq edirsiniz?

– Dostlarım səhnədə sənət yoldaşlarımdır. Nitq mərkəzi var. Onun rəhbəri Təranə xanımla, sənət yoldaşlarımdan Səkinə xanımla, Simarə, Aybəniz, Gülyazla illərin dostuyam. Ailəvi dostlarımız da var.

– Sənət dostlarınız həm də ailəvi dostunuz ola bilirlər, yoxsa məsafə var?

– Məsafə var. Ola bilər bu məsafəni onların özləri də yaradırlar. Mən yaratmıram. Düşünürəm ki, onlar rəqabətə görə yaradırlar. Mənim üçünsə fərqi yoxdur. Sənət yoldaşlarımla daha çox kənarda bir araya gəlirik.

– “Leyli və Məcnun”da Alim Qasımovla tərəf müqabili olmusunuz. Neçə il Leyli olmusunuz?

– Bircə dəfə.

– Niyə bir dəfə?

– “İrs”də oxuyanda məni dəvət etdilər. Orkestr onlara lazım olduğumu bildirib buraxmadılar. Məndən başqa orkestrdə ola biləcək gənc də yox idi.

– Qulu Əsgərov yadınızda necə qalıb?

– Heç yadımdan çıxmır. Hər beş ildən bir yubileyini keçirmişəm. Möhlət müəllim də mənə dəstək olub. Bunu müəllimimə hörmət naminə etmişəm.

Ailə qurandan sonra bir il səhnədən uzaqlaşdım. Qulu müəllim də həmin ərəfədə dünyasını dəyişdi. Ailəsi ilə indi də yaxınam.

– Ədəbiyyata münasibətiniz necədir?

– Oxuduğum qəzəllərin hamısını özüm seçirəm.

– Kitab oxuyursunuz?

– Evdə kitab çoxdur. Zəlimxan Yaqubu, Füzulini, Seyid Əzimi, “Quran”ı, “İncil”i də oxuyuram. Uşaqlara da məsləhət görürəm ki, əlinizə keçəni oxuyun.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir