Qızıl axtaranların talanı: Bakıda milyonçunun tarixi binası yerlə bir edilib – FOTO/VİDEO

Mədəniyyət

Kürdəxanı kəndi, Ləhic bağları ərazisində qum səthi zaman-zaman oğurlanmış, tək-tək evlərin tikildiyi bir ərazidə damsız, divarları ovulmuş, miskin bir tikili adamı uzaqdan səsləyir. Üzərində heç bir nişan, heç bir lövhə yoxdur. Yerli insanların “Köhnə məscid” adlandırdıqları bu hündür, kimsəsiz tikilinin yanında zamana meydan oxuyan üç-dörd qəbirdaşı da var. Məhz həmin daşlardakı yazılar, adlar bizi bu abidə ilə bağlı maraqlı, həm də qüssəli bir tarixə aparır.

Hacı Sultanəli Haşım oğlu – Baxışları illərin nəmini canına çəkmiş daşın üzərindən dünyaya zillənən bu şəxs, sən demə, milyonçu olub.

1851-ci ildə Bakının Balaxanı kəndində dünyaya gəlib. Dövrünün xeyriyyəçi və zəngin adamlarından olan Hacı Sultanəlinin vəsaiti hesabına 1904-1910-cu illərdə Bakıda “Nizami” metro stansiyasının yaxınlığında yerləşən Hacı Sultanəli məscidi tikilib.

1921-ci ildə infarktdan dünyasını dəyişib. Hacı Sultanəli Ləhic bağlarında tikdirdiyi məscidin yaxınlığında dəfn edilib.

Üç-dörd cümləlik bu ömürdə böyük bir tarix yatır… Xeyriyyəçiliklə yoğurulmuş zəngin tarix.

Kənd sakinləri deyirlər ki, Hacı Sultanəli bəlkə də Hacı Zeynalabdin Tağıyevdən çox iş görüb. Məşhur Hacı Sultanəli məscidindən başqa, xeyli abidə, məktəb də inşa etdirib. Onlardan biri bu uçuq məscid, digəri isə Balaxanı kəndindəki məsciddir.

Ömrünün sonuna yaxın məhz bu məscidin yanında dəfn olunmağı vəsiyyət edib. Ondan sonra daha üç nəfər yaxın adamı burada son mənzilə yola salınıb. Kənd sakinlərinin sözlərinə görə, milyonçunun məzarı da bu məscid kimi uçub-dağılıb. Bir neçə il əvvəl yaxınlıqda yaşayan nəvəsi iki qəbri səliqə-sahmana salıb.

19-cu əsrin sonunda tikilmiş məscid 1930-cu illərdə – Sovet hakimiyyətinin dini abidələrə qarşı mübarizəsindən sonra fəaliyyətini dayandırıb.

Məscidi “ölümə” aparan isə içərisində qızıl basdırılması ilə bağlı yayılan şayiə olub. Qarətçilər məscidə iki dəfə hücum ediblər. Deyilənə görə, onlar məscidə damdan giriblər. Minarə və damı zədələyiblər. Bundan sonra abidə dağılmağa başlayıb.

Güman ki, bu məscid də “Nizami” metro stansiyasının yaxınlığındakı Hacı Sultanəli məscidi kimi olub. İkimərtəbəli, kvadrat formalı, günbəzli və minarəli.

Yeri gəlmişkən, Bakının mərkəzindəki Hacı Sultanəli məscidi 1904-1910-cu illərdə inşa edilib. Məscidin memarı Zivər bəy Əhmədbəyov olub. Təbriz-Ərdəbil memarlıq üslubunda tikilmiş bu məscid özünəməxsus memarlıq həllinə malikdir. Təxminən 25 metr hündürlüyündə tək minarəsi var.

Aşağı hissəsi dairəvi şəkildə cərgələnmiş pəncərələrdən ibarətdir. Günbəzi ibadət zalında dairəvi şəkildə 12 sıra hücrə yaradan sütun və tağlar üzərində dayanır. Hücrələrində daş üzərində oyma ilə “Qurani-Kərim”dən ayələr yazılıb. Çöl tərəfdən bina düzbucaqlı formadadır. Məscidin təbii işıqlandırılması son dərəcə maraqlı şəkildə həll olunub. Bunları ona görə qeyd edirik ki, rəsmi məlumatlarda Hacı Sultanəli məscidinin memarlıq quruluşuna görə tək olmadığı bildirilir. Qeyd edilir ki, oxşar məscidlər Balaxanı və Bakının Ləhic adlanan massivində də olub.

Yəni bu qeyd etdiyimiz məscid qorunsaydı, Bakının böyük məscidlərindən biri olacaqdı.

Məsələ burasındadır ki, reallıqda darmadağın olan bu məscid kağız üzərində göz bəbəyi kimi qorunur. Hələ Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yerli əhəmiyyətli daşınmaz abidələrinin siyahısına da salınıb. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına götürülmüş daşınmaz tarix-mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə siyahısında 3181 nömrəsi ilə qeydiyyatdadır.

Nə vaxt qeydiyyata alındığı, necə qorunması ilə bağlı heç bir məlumat ala bilmədik. Amma onu bilirik ki, bir azdan bu adı o siyahıdan silmək lazım olacaq. Çünki divarları belə çökmək üzrədir.

Biz Odlar Yurdunda tarixi abidələrə qarşı biganəliyin çox şahidi olmuşuq. Bəlkə də gözdən uzaq tikilmiş, tarixi çox da qədim olmayan bir məscidin olub-olmaması kimlər üçünsə o qədər də əhəmiyyətli deyil. Amma ölkənin barmaq sayı qədər olan milyonçularından, xeyriyyəçilərindən birinin tikdirdiyi məscidlərin içərisində xüsusi münasibət göstərdiyi, hətta qəbrinin də yanında olmasını istədiyi bir tikilinin qorunmaması təkcə tarixi abidələrə hörmətsizlik deyil, həm də şəxsiyyətlərimizə qarşı, yumşaq desək, biganəlik, qabalıqdır.

Daha çox foto burada: PhotoStock.az

Mənbə: Bakupost.az

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir