Bu gün Xalq artisti Bəşir Səfəroğlunun anadan olmasından 98 il ötür

Mədəniyyət

Azərbaycanın teatr və kino aktyoru, xalq artisti Səfərov Bəşir Səfər oğlu tarixin bu günü dünyaya gözlərini açıb.

Oxu.Az xatırladır ki, Bəşir Səfəroğlu 11 mart 1925-ci ildə Bakıda doğulub. Yeddi illik təhsilini Bakıda alıb və ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşmalı olub.

On dörd yaşından dram dərnəyinə yazılıb. Kiçik intermediyalarda, birpərdəli məsxərələrin tamaşalarında kiçik rollar oynayıb.

1941-ci ilin axırlarında faşistlərlə müharibəyə yollanan Bəşir Səfəroğlu 1942-ci ildə hərbdən kontuziyalı qayıdıb. Dili tutulub və qulaqları çox ağır eşidib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib.

Rejissor Niyaz Şərifov ona məsləhət görüb ki, müntəzəm olaraq teatrın tamaşalarına gəlsin. O, tamaşalara baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər.

Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb.

Bəşir Səfəroğlu Üzeyir və Zülfüqar Hacıbəyovların klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edib.

Aktyor yaradıcılığında xüsusi yer tutan əsas rolları “Möhsün” (“Beş manatlıq gəlin”, dramaturq Məmməd Səid Ordubadi və bəstəkar Səid Rüstəmov), “Qaradavoy” və “Çiko” (“Keto və Kote”, Vladimir Dolidze), “Usta Məhərrəm”, “Qoçu Əsgər” və “Məşədi İbad” (“Məşədi İbad”, Üzeyir bəy Hacıbəyov), “Uzun” və “Nəcəf” (“Durna”, Süleyman Rüstəm və Səid Rüstəmov), “Qədir” və “Gülümsərov” (“Ulduz”, Sabit Rəhman və Süleyman Ələsgərov), “Səlyanski” və “Qəhrəman” (“Gözün aydın”, Məhərrəm Əlizadə və Fikrət Əmirov), “Ohan yüzbaşı” və “Hacı Qara” (“Xəsis”, Mirzə Fətəli Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin işləməsi) olub. Bəşir Səfəroğlu “Azərbaycanfilm”in istehsal etdiyi “Əhməd haradadır?” və “Ulduz” filmlərində “Sərxoş” və “Gülümsərov”, “Tacikfilm”in çəkdiyi “Xoca Nəsrəddinin 12 qəbri” kinolentində “Xacə Nəsrəddin” rollarını ifa edib.

Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında “Gəlməli, görməli, gülməli” miniatür teatrı təşkil olunub. Onun üzvləri xalq artisti Əliağa Ağayev, əməkdar artist Müxlis Cənizadə, aktrisa Ofeliya Abbasova (Məmmədzadə) və Bəşir Səfəroğlu idi. Bu kollektivdə Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb.

Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyniadlı bədii-sənədli televiziya filmi çəkib.

Sənət uğurlarına görə 29 iyun 1964-cü ildə Bəşir Səfəroğluya Azərbaycanın “Əməkdar artisti”, 25 iyun 1968-ci ildə “Xalq artisti” fəxri adları verilib.

Bəşir Səfəroğlu Bakıda, 44 yaşına yenicə qədəm basanda, 23 mart 1969-cu ildə vəfat edib. Məzarı Bakıdakı Fəxri xiyabandadır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir