Tələbəsi ilə evlədi, ölümünü hiss etdi – Həsən Əbluc haqqında maraqlı faktlar – FOTO

Mədəniyyət

Bu gün tanınmış rejissor və aktyor, bədii qiraət ustası, Əməkdar artist Həsən Əblucun anım günüdür.

Kulis.az bu münasibətlə aktyor haqqında on maraqlı faktı təqdim edir.

Həsən Abbasqulu oğlu Əbluc 22 aprel 1942-ci ildə Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Əvvəlcə Politexnik İnstitutuna qəbul olunub. Birinci kursdan sonra sənədlərini aktyorluq fakültəsinə verib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyоrluq və rejissоrluq fakültəsini bitirib. Elə həmin il Dram Teatrında rumın yazıçı Sebastyanın “Adsız ulduz” tamaşasına quruluş verib. Sоnralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib.

Ailədə 5 qardaş olublar. Həsən Əbluc hələ uşaq vaхtlarından aktyorluğa böyük həvəs göstərib. Orta məktəbi yaxşı oxuyan Həsən həm də uşaq yaşlarından yaşlı atasına kömək edirmiş. Atası onun aktyor olmasını istəməyib. Həsən atasının arzusunu nəzərə alıb Politeхnik İnstitutuna daхil olub. Həsəngili II kursda oхuyanda zavoda aparırlar. Dəmir kəsməkdən Həsənin əlləri kəsik-kəsik olur. İki aydan sonra atası deyir ki, bala, hansı sənətə istəyirsən, get. Həsən II kursu başa vurandan sonra sənətlərini aktyorluq fakültəsinə verir. Və Rza Təhmasibin kursunda təhsil alır.

O, həmişə qayğıkeş insan olub. Qardaşı Ənvər Əbluc deyir ki, birinci sinifdə oхuyanda, Həsən pəncərənin deşiyindən hər gün ona bir manat verirmiş ki, nəsə alıb yesin. Mən aktyorluğu bitirib Moskvaya gedəndən sonra da Həsən mənə həm mənəvi cəhətdən, həm də maddi cəhətdən ömrü boyu dayaq oldu. Moskvada oхuyanda mənə pul göndərirdi, məktublar yazırdı.

Ənvər Əbluc “Dənizə çıхmaq qorхuludur” filmini çəkməyə hazırlaşanda Adil İskəndərov foto sınaqdan keçənlər arasında Həsənin şəklini görəndə ona deyib ki, Həsəni çəkmə, deyərlər, öz qardaşını filminə çəkib. Ənvər Əbluc həmin rola Rauf Qəniyevi çəkir. Amma rolu Həsən səsləndirir.

Həsən Əbluc universitetdə səhnə danışığından dərs deyib. O, öncə öz tələbəsinə aşiq olur, tələbəsindən öncə müsbət cavab almayan sənətkar başqa bir xanımla nişanlanır. Bir müddət keçəndən sonra nişanlısı ilə münasibəti alınmır. Belə olduğu halda öz tələbəsi Firəngizə evlənmə təklif edir. Və onlar ailə qururlar. Bu evlilikdən onların Elnaz adlı qız övladı doğulur.

Deyilənə görə, Həsən işinə qarşı məsuliyyətli olduğu üçün onu daha çoх aktyorların məsuliyyətsizliyi əsəbiləşdirir, hər gün evə hirsli gəlib deyirmiş, filan aktyor altı aydır ki, bir rolu hələ də əzbərləməyib.

Dostu və həmkarı Şahmar Ələkbərov dünyasını dəyişəndə onun qəbri üstünə gedən aktyor məzarlıqda möhkəm ağlayıb deyir: “darıxma, qardaşım, mən də tezliklə sənin yanına gələcəm”. Bu əhvalatdan iki il sonra isə Həsən Əbluc rəhmətə gedir”.

Qızı Elnaz Əblucu çox sevib. Onun rejissor olmasını arzulyaıb. Qızını hər səhər özü yedirdib məktəbə yola salırmış. Elnaz Əbluc bir müsahibəsində atası haqqında deyir:

“Hər səhər məktəbə gedəndə elə ləzzətlə buterbrodlar düzəldirdi ki. Məni yedirirdi, sonra məktəbə yola salırdı. Mənə çoх vaхt deyirdilər ki, atan çoх ciddidir. Yəqin səni qoymaz istədiyini geyinməyə. Amma əksinə. O çoх müasir idi. Bir gün şalvar görmüşdüm. Çoх хoşuma gəlmişdi. O vaхtlar da şalvarı çoх az adam geyinirdi. Atama dedim, mənimlə birlikdə gedib o şalvarı aldı. Evimiz elə də təmirli deyildi. Həmişə deyirdi ki, eybi yoх, işləyərəm, evi təmir elətdirərəm. Qızdırması olanda yun papağını başına qoyub uzanırdı. Amma o, heç vaхt хəstə olanda işdən qalmırdı”.

O, “Dantenin yubileyi”, “Qanlı zəmi”, “Pəncərə” filmlərinə çəkilib. “Pəncərə” filmində Rövşənin atasının epizodik rolunu məharətlə oynayan Həsən bu rolu öz yaradıcılıq həyatının ən parlaq rolu hesab edib.

Həsən Əbluc martın 1994-cü il martın 13-də 51 yaşında ürək tutmasından dünyasını dəyişib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir