“Bəzi aktyorlar övladlarının bu sənətlə məşğul olmasını istəmirlər. Onlardan fərqli olaraq mən bunu istəyirdim”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Xalq artisti Tariyel Qasımov deyib.
O bildirib ki, oğlu Ülvi Qasımovu mərhum rejissor Tofiq İsmayılovun “Vulkana doğru” və “Musiqi müəllimi” filmlərinə çəkib.
“Qeyd etdiyim ”Musiqi müəllimi” filmində baş rolu Sərxan Sərxan oynayır. Ülvi isə Teymur obrazını canlandırır. Oğlum gözünü dünyaya açandan məni bu sənətdə görüb. O vaxtlar bağa, yaxud harasa gedəndə bəzən yol polisləri saxlayır, gəlib məni görən kimi hörmətlə salam verib buraxırdılar. Ülvi də həmişə deyirdi ki, ata, mən də böyüyəndə aktyor olacam, hamı tanıyacaq, yol polisləri də məni saxlamayacaq.
Amma böyüdükcə aktyorluğa deyil, rejissorluğa maraq göstərdi. Halbuki filmlərdə çox yaxşı oynayıb. Bacarığı var. Amma davam etdirmədi. Yeddi filmin icraçı prodüseri olub”.
Qeyd edək ki, Ülvi Qasımov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisası üzrə təhsil alıb. Uşaq yaşlarında filmlərdə və “Mozalan” kinojurnalına çəkilib. 2012-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çəkilən filmlərdə prodüser olaraq çalışır.
Fransa istehsalı olan “Birləşmiş ehtiraslar” (2014, rejissor Frederik Auburtin) filminin Azərbaycan çəkilişlərinin icraçı prodüseri olub.
Çoxsaylı reklam, klip və filmlərin, konsert proqramlarının və tədbirlərin prodüseridir.
www.RIA24.az