Aktyor Nurlan Rüstəmov: “Bizə lal-kar deyilməsi xətrimə dəyir” – MÜSAHİBƏ + FOTO

Mədəniyyət


“Düzünü desəm, bizə lal-kar deyilməsi xətrimə dəyir. Pantomimçilərin dili beynəlxalq dildir. Biz bədən dilində danışırıq”

Bu sözləri Kulis.az-a müsahibəsi zamanı Dövlət Pantomima Teatrının aktyoru Nurlan Rüstəmov deyib. 

Müsahibəni təqdim edirik:

– Nurlan, neçə ildir Pantomima Teatrında çalışırsınız?

– 16 ildir buradayam. Əlavə olaraq İncəsənət Universitetində dərs deyirəm.

– Universitetdə pantomim ayrıca ixtisas kimi tədris edilir?

– Xeyr, belə bir fakültə, ixtisas yoxdur. Pantomima Teatrında həvəsi və istedadı olan insanlar işləyirlər. Teatrımızın rəhbəri Bəxtiyar Xanızadə yeni əməkdaşları işə götürərkən ilk növbədə aktyorun insani keyfiyyətlərinə, xarakterinə önəm verir. Öncə əxlaq, sonra istedad və fantaziya.

– Pantomima Teatrı spesifik teatrdır. Hətta, mən pantomim teatrına gedirəm deyəndə bəzi adamlar “ora lal-karlar üçün teatrdır?” deyə soruşurlar…

– Düzünü desəm, bizə lal-kar deyilməsi xətrimə dəyir. Pantomimçilərin dili beynəlxalq dildir. Biz bədən dilində danışırıq. Tamaşalarımızı hamı sözsüz, rahatlıqla anlayır. Ona görə bütün teatrlardan bizim teatr daha çox olur qastrollarda. Bəxtiyar müəllimin belə sözü var. “Biz danışa bilmədiyimiz üçün danışmırıq. Biz ona görə danışmırıq ki, ona ehtiyacımız yoxdur”. Biz fikrimizi hərəkətlərimizlə sərrast izah edirik. Fikir vermisinizsə pantomima teatrının tamaşaları 1 saat və daha qısa olur. Biz bütöv bir romanı 40 – 45 dəqiqəyə sığışdıra, bədən plastikamızla göstərə bilirik.

– Sizin səhnə də, tamaşaçı zalınız da çox kiçikdir. 40 nəfərlik zalınız var. Bütün dünyada sirk arenalarının diametri standart 13 metr olaraq qəbul olunub. Pantomim teatrında da belə qayda var ya sizin yeriniz kiçikdir?

– Yox. Sadəcə bizim teatrda hələlik təmir gedir deyə tamaşalarımızı foyedə nümayiş etdiririk. Təmir başa çatsa, 150 tamaşaçı qəbul edə biləcəyik. Məkanın kiçikliyi bizə əngəl olmur. Pantomima Teatrında hər addım, hər hərəkət bir sözdür. Tamaşaçı mütləq hər hərəkətimizi izləməlidir ki, fikri itirməsin.

– Dünya pantomim teatrları ilə Azərbaycanın pantomimini müqayisə edək…

– Dünyada cəmi 2 dənə dövlət pantomim teatrı var. Qalanı özəl teatrlardır. Bizdə tamaşaların mövzusu, formatı çox fərqlidir. Oxşar tamaşalarımız demək olar ki, yoxdur. Daim yeni forma axtarışındayıq. Auditoriyada fərqlidir. Bəziləri komediya xoşlayır, bəziləri dram. Sözlü tamaşalarımız da var. Sözdən qorxub qaçmırıq. Tamaşalarımızı elə qururuq ki, onu dilindən, milliyyətindən asılı olmayaraq, hamı anlaya bilir. Bizim millətin maraqlı xüsusiyyətləri var. Bizim emosiyalarımız daha zəngindir, daha emosional xalqıq. Hadisəyə münasibətimiz, reaksiya və emosiyalarımız fərqlidir. Vicdan ağrılarımız var. Bizim emosiyalarımız daha üzdədir və tamaşada çox parlaq görünür. Xarici pantomim teatrlarında yüksək səs, işıq, texnika imkanları var, amma duyğular azdır. Ruh yoxdur. Bizim texnikamız zəif ola bilər, amma aktyor oyunumuz yüksək səviyyədə olur. Xarici tamaşaçılar bunu möhtəşəm qəbul edir. Elə peşəkar pantomimçilər də bizim tamaşaları heyranlıqla izləyirlər.

– Emosiya demiş, yaponlarda, hindistanlılarda fərqli jestlər var. Biz başımızı sallayıb “hə” deyiriksə, hindli “yox” deyir. Getdiyiniz ölkəyə görə jestlərdə dəyişiklik edirsiniz?

– Yox.

– Xaricdə və bizdə pantomim teatrlarının inkişafında fərq var? Öncələr ancaq sirklərdə görünən pantomim indi sərbəst teatr formasını alıb və sürətlə inkişaf edir…

– Bizim teatrda aktyorlara daha çox azadlıq verilir, Bəxtiyar müəllim unikal bir teatr yaradıb. Ən böyük pantomim aktyorlarından olan, fransız Marsel Marsonun yoldaşı Rob Vanreyn xaricdə tamaşalarımızda bizi böyük heyranlıqla izləyib, inkişaf istiqamətimizi bəyənmişdi.
Çünki bizim pantomim klassik çərçivələri çoxdan aşıb. Onlar sırf ağ-qara qrim, ağ-qara köynək, əl və mimika hərəkətləri, modern rəqslər formatında davam edirlər. Biz daha irəli getmişik. Aktyor ruhu və plastikası ilə həll yolları tapırıq.

– Digər teatrlarda aktyor sözü unudanda tərəf müqabili onu vəziyyətdən çıxarır, “pas” ötürə bilir. Sizdə söz yoxdur. Biri nəyisə unudarsa, digərinin müdaxiləsi onu yoldan çıxara bilər? Çünki hər addımınız ölçülüb-biçilir dediniz…

– Öncədən o qədər hazırlıq işi gedir ki, beynimiz hərəkəti əzbərləyir. Situasiyanı oynayırıq deyə, uğursuzluq mümkün deyil.

– Məşhur filmdə deyildiyi kimi “Him-cim” yaxşı şeydir. Vəziyyətdən çıxmaq, eyham vurmaq üçün him-cim edirsiniz?

– Him-cim çox yaxşı şeydir, çox kömək edir. Bu arada yada salım ki, bir zamanlar “Him-cim” teatr festivalı keçirilirdi. Teatrımız ilk addımlarını atanda ilk adı “Dəli yığıncağı” olub. Him-cimə gəlincə, tutaq ki, böyük bir iclasdır. Mən burada oturmuşam, dostum 30 metr aralıda. Biz heç kimin sezmədiyi bir dildə danışırıq. Bir qaşımızı çatmaqla “burda nələr baş verir?” sualını da veririk, ona cavab da alırıq. Bu bizim aramızda baş verir, kənardan bizi müşahidə eləyən heç kim, heç nə anlamır. Biz qaşla – gözlə danışa da bilirik, dalaşa da bilərik (gülür).

– Başqa teatrlardan dəvət gəlsə, gedərsiniz?

– Bu fərqli teatrdır və mən fərqliliyi sevirəm. 5-ci sinifdə oxuyurdum, sinif yoldaşım mənə Qurban Mənsimovun “Nəm – nəm” tamaşasındakı personajının şəklini göstərdi və məndə həvəs yarandı. Hiss etdim ki, bu, standartlardan kənar bir şeydir. Universitetə hazırlaşarkən Pantomima Teatrının “Kölgə” tamaşasına getmişdim. Tamaşa başlayır və biz qarşımızda “Düşünən adam” heykəlini görürük. Tamaşa zamanı o anidən canlandı, hamı şok olmuşdu. Mən o anda qərar verdim ki, pantomimçi olacağam.

– İlk filmlər səssiz filmlər idi. Çarli Çaplin dünyada səssiz filmləri ilə şöhrətləndi. Pantomimçilər bu kimi uğurlu bir film çəkə bilərdi. Belə bir arzu, niyyət var?

– Yaxşı ideya verdiniz. Belə bir film yoxdur, amma etmək gözəl olardı.

– Hansısa filmlərdə çəkilmisiniz?

– Bəli, seriallarda, qısametrajlı filmlərdə çəkilmişəm. “84 mm” qısametrajlı bədii filmində, “Bir ailəm var” ,”Həyat sən nə qəribəsən” “Cehizsiz gəlinlər “, “Kəndinə gəl” seriallarında rollarım olub.

– Evdə də him-cim keçir?

– Yoldaşım aktrisadır, əgər o aktrisa olmasaydı, yəqin mənə belə rahat olmazdı. Aktrisa olmayan qadınla necə olardı bilmirəm. Təcrübələrim yoxdur. (gülür)

– O hansı teatrda çalışır?

– Uşaq və gənclər teatrının aktrisasıdır. Qaraçuxurda yerləşir.

– Sizin teatrda plastika çox önəmlidir. Formada qalmaq üçün nə edirsiniz?

– Teatrda xüsusi məşq günlərimiz var. Toplaşıb məşğul oluruq. Plastikanı qorumaq üçün xüsusi hərəkətlər var. İdman sayılmaz.

– 2 gün öncə Teatr Forumunda iştirak etdiniz. Nə düşünürsünüz? Bu forumun teatrın inkişafına faydası olacaqmı?

– Çox ümid edirəm, inanıram ki, olacaq. Çoxlu faydalı təkliflər səsləndirildi, təklif olaraq qalmaz. Əminəm ki, Pantomima Teatrı da nəsə udacaq, çox şey yaxşıya doğru dəyişəcək. Mədəniyyət Nazirliyində xeyli müsbət dəyişiklik olub. İşləməyə həvəsli yeni bir komanda gördük. Hər şey daha yaxşı olacaq.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir