Nicat Kazımov: “Kraliça əlimi əlinə alıb sığalladı”- MÜSAHİBƏ + FOTO

Mədəniyyət


Biz teatra çatanda o məşq prosesində idi. Növbəti tamaşanı ən incə detalına qədər izah edir, böyük şövqlə, enerjiylə hər bir aktyora diqqət ayırırdı. Məşq bitdi.

Bir gün öncə onun quruluşunu verdiyi “Leyli və Məcnun” tamaşasının necə anşlaqla keçməsinin, necə böyük alqışlarla qarşılanmasının şahidi olmuşdum. Ona görə, söhbətə “Leyli və Məcnun”la başladıq.

Lent.az-ın müsahibi Gənc Tamaşaçılar Teatrının rejissoru, Əməkdar artist Nicat Kazımovdur.

– Nicat bəy, çox çətin bir işə baş vurmuşdunuz. Füzulinin əsərini olduğu kimi səhnəyə gətirmək ehtiyacı nədən yarandı? Gənc tamaşaçıların onun qədim dilini anlamayacağından qorxmadınız?

– Əslində, tamaşaçı hər şeyi başa düşdü. Tamaşanın sonundakı alqışlar, hay-küy, göz yaşları bunu deməyimə əsas verir. Məqsədim Füzulini çatdırmaqdır. Tərcümə eləsəm, o artıq Füzuli olmayacaqdı. Biz bütün dünyaya car çəkirik ki, Füzuli bizim şairimizdir , amma onun dilini tərcümə eləməklə əksini sübut eləmiş olardıq. Bir də gen yaddaşı deyilən şey var. Dədə-babalarımız belə danışıblar. Məqsədim o idi ki, Füzulini tanıyaq. İnanmıram bu gün hər hansı bir gənc getsin kitabxanaya, “Leyli və Məcnun”u orijinalda oxusun. Çətinliyinə görə. Amma burda onun qəzəllərini olduğu kimi eşitdilər. Nizami farsca yazıb tərcüməsini oxumuşuq. Amma Füzulinin dilində fars, ərəb sözləri çox olsa da, kök Azərbaycan dilidir.

– Aktyorlar üçün də çətin olardı yəqin. Xüsusən, soyuq su altında islanan yarıçılpaq Leyli və Məcnuna. Az öncə maraqlandım. Məcnun rolunun ifaçısı Bəhram hətta soyuqlayıb.

–  Bəli çətin idi. Amma aktyor emosiyaları tamaşaçıya ötürməyi bacarmalıdır. Yağışda  islanmaqla Məcnunun nəfsindən arınmasını, qüsl etməsini nəzərdə tuturdum. 

– Tamaşada erotizm çalarları var idi. Bu sizin tapıntınız idi ya əsərdə də var?

– Suflik təriqətində sevginin 3 mərhələsi var. I mərhələdə aşiq özü üçün, II mərhələdə sevgilisi üçün, III mərhələdə Allah üçün sevir. Qeysin Allaha qarşı hikkəsi, üsyanı bitincə kamilləşir, ehtirasından vaz keçir. Düzdür, poemada tamaşada olduğu kimi Leylinin soyunub Məcnunun qarşısına çıxdığı yazılmır. Amma əri ölən Leylinin Məcnuna özünü təslim etmək istəməsi məqamı var.

– Siz Britaniya kraliçasını heyran qoyan adamsınız. Onunla görüşmək imkanınız oldu?

–  Görüşdük bəli. 2018-ci ildə “Vindzor Kral Atçılıq Şousu” üçün Azərbaycanın çıxışını mən hazırlamışdım. Deyilənə görə, kraliça heç bir tamaşaya ikinci dəfə baxmayıb. Amma bizim atlarla şouya 4 gün dalbadal gəlib tamaşa elədi. Sonda da mənimlə görüşdü. Mən ingilis dilini bilmirəm. O, əlimi əlinə alıb  sığalladı. “Very, very good” deyirdi, mən də ingilis dilində “təşəkkür edirəm”dən başqa bir şey bilmirdim. Hər dəfə tədbirdə onun taxtı qurulan yerin tam yanında, bir pillə aşağıda dayanırdım. Çünki mərkəz oraydı və burdan meydanda baş verənləri idarə eləmək daha asan olurdu. Hər dəfə gəlib yanımdan keçirdi. Buna qədər onu çox görmüşdüm, amma əl-ələ görüşmək bir dəfə oldu.

– Hər dəfə atlarla  yeni mövzu işləmək, tapmaq  da asan məsələ deyildi yəqin. Ümumiyyətlə, açıq hava tədbirlərinin hazırlanmasında böyük təcrübə sahibisiniz. Dəvətlər necə gəldi?

– Atlarla şouda mövzu tapmaq üçün “Bu dəfə nə demək istəyirik?” sualını qoyurdum. Birinci il “Odlar yurdu” mövzusunu qoyduq, 2019-cu ildə kəlağayı və onun sülh rəmzi olmasını qabartdıq. 2021-ci ildə Qarabağ zəfərimizi işıqlandırdıq.

Atçılıq Federasiyasına məni Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev dəvət eləmişdi. 2019-cu ildə Paralimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə çıxışımızın hazırlanması mənə tapşırıldı. İlk böyük tədbirim “Nar bayramı” olub, sonra Mingəçevirin 60 illiyi ilə bağlı, daha sonra Gəclər və İdman Nazirliyinin “Tələbə baharı” festivalını elədim. Ən böyük iş isə “Tarixin canlı səhifələri” layihəm oldu. Açıq səma altında 500 aktyorla qoyulan çox böyük iş idi. Səhnədə partlayışlar, tanklar, atlar, döyüş səhnələri. Bu bir ilk idi.

– Teatr yoxsa açıq hava tamaşaları? Hansı asandır?

– Açıq hava tədbirlərində vaxtın az olur, imkanların çox. Məsələn, teatrda yanğın, partlayış çıxara bilmirsən, səhnəyə at, tank gətirə bilməzsən, açıq havada isə bunlar mümkün idi. Amma iştirakçı sayının çox olması çətinlik yaradır. 

– Bəs hava şəraitinin işinizə əngəl törətdiyi olmayıbmı?

 – O qədər olub. Külək qopub, götürüb çadırları aparıb, Qaxda tamaşa üçün çiy kərpicdən qala divarları tikilmişdi. Yağış yağıb yuyub apardı. Düz 4 dəfə tikdirdik. Vəziyyətdən çıxmağa Allah kömək olur. Mən işləməkdən qorxan adam deyiləm. Komandam da elə. Onlarla işləməyə dəyər.

Türkiyə Prezidenti cənab Ərdoğan Şuşaya gələndə Cıdır düzündə tədbir hazırlamışdıq. Cıdır düzü atların və rəqqasların hərəkəti üçün əslində narahat bir səhnə sayıla bilər. Hətta qızlardan birinin ayağı burxulmuşdu. Təsəvvür edin ki, o tədbiri xətasız – bəlasız başa çatdırmaq üçün mən nə qədər stress yaşamışam. Hər bir tədbir mənim ömrümdən  bir neçə il alır. 

– Bununla belə ömrünüzdən verməyə hazırsınız.

– Bəli. İşim budur, alın yazımdır. Xoşbəxt adamam ki, bir çox ilklər  mənim adımla bağlıdır. 500 aktyorla açıq havada kim işləmişdi? Kim açıq hava tamaşasında bir neçə tankdan istifadə eləmişdi? Kim “Sarı gəlin”i tamaşaya qoymuşdu? Kim Avropada teatr festivalında münsif olmuşdu? 

– Bir zamanlar fəaliyyətə pantomima teatrında başlamışdınız. Ayrılma səbəbiniz nə oldu? İnciklik baş vermişdi?

– Mənim üçün Bəxtiyar Xanızadə müəllimdir. Sadəcə zaman yetişdi, vaxt gəldi, münasibətlərin korlanmaması üçün getdim. Hər işdə bir xeyir varmış. Ayrılmasaydım, rejissor olmayacaqdım.

– Belə çıxdı ki, münasibətlərin korlanmasına zəmin var imiş?

– Var idi. Amma o barədə daha danışmaq düz deyil. Uşaqlıq idi.

– Oğlunuz Mir Sənan da aktyordur. Ona qarşı tərəfkeşlik edirsiniz?

– Əslində onun aktyor olmasını istəmirdim, inad etdi, 3 il mübarizə apardı, oldu. Yaxşı ki, inad elədi. Bu teatra gəlməsi də mənim xidmətim deyil. Oğlum hazırda əsgərlikdədir. Mir Sənan Vaqif Poeziya Günlərində Xətai obrazını canlandırırdı. Və bu obraza görə çox mötəbər yerlərdən müsbət rəylər aldım. Oğlum olduğunu bilmirdilər, hamı soruşurdu ki, Xətaini haradan tapmısan? Hətta film çəkilsə Xətai rolunun ifaçısı artıq var deyirdilər. Nə oğluma, nə burda işləyən baldızıma qohumluğa görə rol vermirəm. İşini görən, işimi görməyə mane olmayan adamlara hörmətim var.

– Özünüzü kinorejissor kimi sınamaq istəyərsiniz?

– Əslində istəyərəm. Bir seriala başladım. Fırıldaqçılıqla qarşılaşdım. Bir az da ziyana düşdüm. İş dayandı.

– Hollivud səviyyəsində film ortaya qoymaq üçün bizdə nə çatışmır?

– Mənim üçün teatrda daha rahatdır. 32 ildir bu sahədəyəm. Amma kino çəkəsi olsam, konkret büdcə qoyulsa, yaxşı rejissorum, operatorum olsa, əla iş çıxara bilərəm. Kino ayrı bir şeydir. Mən pul var deyə, ad olsun kino çəkdim deyə, iş görmərəm. İlk növbədə adıma işləyirəm. Məni pulla satın almaq olmaz.

– Rejissorun həmişə eyni aktyorlarla işləməsi başqa aktyorlara ədalətsizlik deyil? Siz də çox zaman eyni komanda ilə işləyirsiniz.

– Mən demirəm bu düzdür və ya deyil. Amma mənə rahat olan aktyorlarla işləyirəm. Ümumiyyətlə, aktyorla rejissorun arasında şəxsi zəmində nəsə problem varsa, sənin ondan zəhlən gedirsə bu işə öz mənfi təsirini göstərəcək. Məsələn, Məcnun rolumun ifaçısı Bəhram olmasaydı mən “Leyli və Məcnun”u, Kəmalə Müzəffər olmasaydı “Pəri Cadu”nu, “Qağayı”nı  hazırlamazdım. Bəzi aktyorlar var ki, əsər ona görə hazırlanır. 

– “Leyli -Məcnun” demiş, sizin qəhrəmanlarınız faktura baxımından çox gözəl  sayılmazlar. Leylini də, Məcnunu da çox yaraşıqlı görməyə alışmışdıq. 

– Teatr təkcə görüntü deyil. Həm də görüntüdür. Faktura önəmlidir. Amma istedad daha önəmlidir. Mən faktura baxımından özümü yaraşıqlı biri hesab etmirəm. Pantomima teatrından çıxıb bura gələndə məni dostum Elşən Rüstəmova dublyor vermişdilər. O yaraşıqlı, tanınmış aktyor idi. Bilirdim ki yaraşıq etibarilə ona çata bilmərəm. Amma mən daha ehtiraslıyam, temperamentliyəm, çılğınam. Və bunları ön plana verdim. İndi bilmək olmaz, kim daha çox uddu. Burda tamaşaçı insan taleyini, emosiyalarını görməyə gəlir. 

– Bir dəfə Məcnun rolunu oynayan bir aktyordan maaşlarını soruşmuşdum. Demişdi ki, maaşı az verirlər ki, səhnədə ağlamağım inandırıcı olsun. Bu bir zarafat idi əlbəttə. İndi teatrda maaşlar yetərli qədərdir ,yoxsa yenə aktyoru ağladır?

– Yox, yüksək sayılmaz. Mən nə deyirəmsə özüm üçün demirəm, aktyorlarımız üçün deyirəm. Ümid edək yaxşı olar. Qədər-qismət deyək. Gözləyirdik ki, pandemiya olacaq? Yox. Pandemiyada dəli olmaq həddinə çatdım. Evdə oturmaqdan ayağım iflic oldu. İndi hər şey yoluna düşür, ümid edirəm texniki bazamız yüksək səviyyəyə çatar. 

– Azərpaşa Nemətov rəhmətə gedər-getməz çoxlu sayda tənqidlər səsləndi, şikayətlər üzə çıxdı. Sizcə haqlıydılar?

– Bəs o tənqid edənlər Azərpaşa Nemətovun sağlığında niyə susurdular?

– Danışanlar onun vaxtında teatrdan qaçaq salındığını deyənlər idi.

– Elə ona görə danışırdılar da. Bəlkə elə qaçaq olmağa layiq idilər. Birini tənqid etsən qaydıb “sağ ol” deməyəcək, dərhal münasibətlər soyuyacaq. Azərpaşa Nemətovun Azərbaycan teatrının inkişafında böyük xidmətləri olub. Allah qəni-qəni rəhmət eləsin. O teatrın mogikanı idi. Şəxsiyyət idi. Çatışan və çatışmayan tərəfləri ilə.

– Bu qədər işin-gücün arasında evə zaman tapa bilirsiniz? Xanım sizi qırmızı bülletenlə axtarışa vermirdi? 

– (Gülür) Hə, 10 günlərlə evə getmədiyim olub. Polis idi, axtarış sisteminə ehtiyacı qalmırdı. İndi təqaüdə çıxıb. Bu günlərdə işlərim nisbətən azalıb. O məni anlayır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir