“Avroviziya” təmsilçilərimizin müzakirə olunan geyimi heç kəsin qeyrətinə toxunmur və təhqir etmir”.
Bunu “Report”a açıqlamasında Azərbaycanın “Avroviziya”dakı nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova deyib.
O bildirib ki, bu, mahnı müsabiqəsidir, kostyumlar və tərzlər də fərqli olur:
“Onlar xalıya nə açıq-saçıq, nə də çılpaq çıxıblar. Tərz kiminsə xoşuna gəlməyə bilər, amma bu işə peşəkar baxır. Təmsilçilərimizin belə geyinmələri onun qərarı idi. Onların geyimi müsabiqədə çox gözəl qəbul olunub və yaxşı mənada müzakirə edilib. Biz hər yerdə qeyd edirdik ki, bu geyimlər Azərbaycanın yerli brendinə aiddir”.
İ.Dadaşova qeyd edib ki, geyimlər əvvəlcədən düşünülüb:
“Xalıda diqqət cəlb etmək və zövqlü tərz göstərmək üçün düşünülüb və yaradılıb. Heç kəsin qeyrətinə toxunan geyim deyil, heç kimi təhqir etmir. Qadın geyimi olması iddiaları da qəribədir. Sosial şəbəkələrdə müsabiqənin auditoriyası bunu çox gözəl qəbul edib. Çünki onlar yaxşı başa düşürlər ki, ”Avroviziya” incəsənətlə bağlı müsabiqədir. Onlar hər hansı siyasi veriliş və ya müsabiqəyə bu geyimdə çıxmayıblar. İncəsənət müsabiqəsində fərqlənmək vacibdir”.
Mətbuat katibinin sözlərinə görə, bu il Azərbaycanın “Avroviziya”dakı tərzi barədə hamı müsbət danışır: “Geyim fərqlidir, bizim auditoriyanın öyrəşmədiyi bir geyimdir. Təmsilçilərimiz müsabiqənin əsas hissəsinə fərqli retro geyimində çıxacaqlar. Yəni həmin geyim, sadəcə, xalı üçün idi”.
Qeyd edək ki, “Avroviziya 2023” mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində ötən il qalib gəlmiş Ukrayna adından Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək. Ukrayna və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə baş tutan “Avroviziya-2023”də Azərbaycanı “Tell me more” mahnısı ilə Tural və Turan Bağmanov qardaşları təmsil edirlər.
Müsabiqə İctimai Televiziyanın efirində canlı yayımlanacaq.
www.RIA24.az