Məşhur serialların rejissoru Bakıda: “Acun İlıcalı qızının istəyi ilə…” – MÜSAHİBƏ + FOTO

Mədəniyyət


“İki-üç il ərzində Azərbaycan serialları türk serialları kimi geniş yayılacaq. Çünki illər əvvəl türk aktyorlarını da tanımırdılar”.

Bu sözləri Teleqraf.com-a müsahibəsi zamanı Türkiyənin məşhur rejissoru Kartal Çidamlı deyib.

Müsahibəni təqdim edirik:

– Kartal bəy, Bakıya ilk dəfə gəlmisiniz. Öncə təəssüratlarınızı eşitmək istərdik.

– Bakının qədim məkanlarını gəzdim, tarixi abidələrinizi gördüm. Böyük şəhərdir və çox bəyəndim. Şəhərin qədim və müasir memarlıq arxitekturası çox xoşuma gəldi. Ən önəmlisi Azərbaycan xalqını sevdim. İnsanları çox xoşbəxtdirlər və təbəssüm göstərirlər. Bu, mənim diqqətimi çəkdi.

– Ölkəmizə gəlişiniz nə ilə bağlıdır?

– Bir az öncə qeyd etdiyiniz kimi bu, Bakıya ilk gəlişimdir. Prodüserlərimiz dəfələrlə Bakıda olublar, Azərbaycanla Türkiyənin ortaq layihəsi var. Türkiyəli rejissor Murat Yontan “Mübariz” filminin ortaq rejissorlarından biridir.

Azərbaycandakı serial və filmlər üçün Türkiyə ilə Azərbaycanın birgə layihələri üçün bizim də ideyamız var. Səfərdə məqsədimiz Azərbaycan aktyorları ilə tanış olmaq və Bakını gəzməkdir. Çünki film və serialları Bakıda çəkəcəyik. Ekran əsərlərimizdə azərbaycanlı aktyorlar da iştirak edəcəklər.

– Layihələriniz nə zaman başlayacaq?

– Çəkilişlərə bu ay başlamağı düşünürük, həm serial, həm də film olacaq. Serial və filmlərimiz yalnız Azərbaycanda izlənilməyəcək, bir çox xarici ölkələrdə də yayımlanacaq. Necə ki Türkiyədə film sektorumuzu dünyaya açılmasını bacardıq. Hazırda seriallarımız ən az halda 30 ölkədə izlənilir. Ümumilikdə, seriallarımız 150 ölkədə yayımlanır.

Bu addımı Azərbaycan üçün də atmaq istəyirik və uğurlu olacağımıza inanıram.

– Qarabağla bağlı layihə düşünürsünüzmü?

– Bəli, bu məqsədlə Azərbaycandan müraciət edilib. Müzakirələrimiz davam edir. Tarixi mövzuda, 20 Yanvarla bağlı da layihələrimiz var. Gündəlik həyatdan bəhs edən seriallar da çəkiləcək.

Seriallarımızda real həyat hekayəsindən bəhs edən və bu ölkədə yaşanan hadisələrə yer veriləcək. Çox ipucu verə bilmərəm.

– Seriallarda yalnız azərbaycanlı aktyorlar çəkiləcəklər?

– Əsas heyət azərbaycanlı aktyorlardan ibarət olacaq. Türkiyədən az sayda aktyor dəvət edəcəyik. Bir çox azərbaycanlı aktyorla görüşdüm. “Mübariz” filminin quruluşçu rejissoru Natiq Novruzov yaxın dostumdur. Başqa tanınmış aktyorlarınızla da tanış oldum.

– Bizim tanınmış aktyorlarımızdan kimləri tanıyırsınız? Hansı filmlərimizi izləmisiniz?

– Bakıya gəlmədən dörd ay əvvəl filmlərinizi qısa olaraq izlədim. Təəssüf ki, Türkiyədə Azərbaycan kanallarını izləyə bilmirik. Siz bizim kanallara baxırsınız.

Bizim məqsədimiz Azərbaycanın televiziya və kino sahəsini təxminən bir-iki il ərzində Türkiyə televiziya və film sahəsi kimi dünyada tələb olunan vəziyyətə gətirməkdir. Hazırda üç serial üzərində işləyirik.

– Layihələriniz Azərbaycan kanallarında yayımlanacaq?

– Bəli, Azərbaycan televiziyalarında yayımlanacaq. Seriallara Türkiyədən mümkün qədər az aktyor dəvət olunacaq. Çünki məqsədimiz türk aktyorları Azərbaycanda serial və filmlərə çəkmək deyil, azərbaycanlı aktyorları çəkib, onları dünyaya tanıtmaqdır.

– Azərbaycanlı aktyorların səviyyəsi sizi qane edirmi? Necə düşünürsünüz, aktyorlarımızı dünyada tanıtmaq mümkün olacaqmı?

– Mümkün olacaq. Türkiyə üçün də eynən belə düşünürdük. 15 il əvvəl eyni yola çıxdıq. Mənim rejissoru olduğum 20-yə yaxın serial var və hər biri xarici ölkələrdə yayımlanıb.

– Hansı film və seriallarınızı nəzərdə tutursunuz?

– “Sihirli Annem”, “Adanalı”, “Kertenkele”, “Kimse bilmez”, “Bahtiyar ölmez”, “Pis yedili”, “Salih kuşu” və sair. Bir çoxu hazırda yayımlanır. Biz 15 il əvvəl sadəcə Türkiyə üçün serial çəkirdik. Serialları başqa ölkələrdə təqdim olunanda serial və turizm iqtisadiyyatı formalaşır.

– Türkiyə mətbuatında zaman-zaman “Sihirli Annem” serialının davamının çəkiləcəyi barədə xəbər yayımlanmasına baxmayaraq, ekranlara çıxmadı. Bunun səbəbi nədir?

– “Sihirli Annem” serialının üç rejissoru olub. Sonuncu rejissoru mən idim və serialın final bölümünü də mən çəkdim.

“Sihirli Annem” serialı hekayə olaraq ömrünü başa vurmuşdu. Sonra Türkiyənin TV8 kanalının rəhbəri Acun İlıcalı kiçik qızının istəyi ilə “Sihirli Annem”in davamının çəkilməsini xahiş etdi. Serialı çəkdik və eyni diqqəti görmədik. Niyə? Eyni aktyor heyəti ilə “Sihirli annem” serialını çəkmək mümkün deyildi. Çünki orada çəkilən uşaqlar böyümüşdülər. Bitmiş işi yenidən bərpa etmək düzgün sayıla bilməzdi. Serialın ömrü bitmişdi.

Onu da deyim ki, seriallar televiziyalarımızda təkrar yayımlanır. Bir serialın maksimum yayım tarixi üç-dörd il ərzində bitməlidir. 10-15 il davam edən seriallarımız da var. “Arka sokaklar” serialının yayımlanması 15-ci ilində bitdi.

Azərbaycanda “Sihirli Annem” kimi serial çəkilə bilər, amma eyni formatda olması şərt deyil. “Sihirli Annem” pedaqoji baxımdan nümunədir. Uşaqları sevgi, yaxşılıq və doğruluğa istiqamətləndirir. Onu əvvəlki komanda ilə çəkmək mümkün deyildi. Çəkilişdən 9 il keçib. Aktrisa Nevra Serezlinin artıq yaşı çoxdur. Hazırda onu yoracaq uzun bir iş təklif etməyə qorxuram.

Aktyorluq çətin işdir. Amma ona bənzər bir layihə edə bilərik. Hər il Türkiyədə təklif gəlir ki, “Sihirli Annem” yenidən çəkilsin. Amma tamaşaçılar bunu istəmirlər, çünki serialın zamanı bitib. Nə edə bilərik?

– Sizin rejissoru olduğunuz hansı seriallar xarici ölkələrdə yayımlanır?

– “Hepsi 1”, “Pis yedili”, “Sihirli Annem” bütün türk dünyasında, Rusiyada və Braziliyada yayımlandı. Avropa ölkələrində çox olmadı.

“Adanalı” serialı 150 ölkənin televiziyasında yayımlandı. “Kertenkele” serialı isə İran və Rusiyadan başqa ərəb, türk və Cənubi Amerika ölkələrinin çoxunda ekrana çıxdı.

Rejissoru olduğum “Sevda çiçeği” romantik filmdir. Üzərindən 12 il keçməsinə rəğmən yaxın günlərdə Argentina televiziyasında göstərildi. Bu film təxminən yüz ölkədə nümayiş olunub.

– Ümid edirik ki, Azərbaycanda çəkdiyiniz serial və filmlər də belə diqqətə çıxacaq…

– Siz ümid edirsiniz, amma mən daha çox inamlıyam. İki-üç il ərzində Azərbaycan serialları türk serialları kimi geniş yayılacaq. Çünki illər əvvəl türk aktyorlarını da tanımırdılar. Aktyorları tanıdıqları üçün izləmirlər. Serialı izləyib, sonra tanıyırlar.

Hazırda tanınmış aktyorumuz yoxdur və yaxud azdır deyə düşünə bilərsiniz. Bizim aktyorlarımız da tanınmırdı. Onların diqqərini çəkəcək hekayələri təqdim etmək lazımdır.

– Türk serialları Azərbaycanda da çox sevilir və izlənilir. Reytinqdə birinci olan “Yalı Çapkını” serialının ssenarisi tənqid hədəfi olur. Bu barədə nə deyə bilərsiniz?

– Bu ikitərəfli dəstəkdir. Türkiyədə “Yalı Çapkını” və “Kızılçık Şerbeti” serialını tənqid edirik və izləyirik. Hər iki serialın reytinq göstəricisi çox yüksəkdir. Yaxın günlərdə “Kızılçık Şerbeti” serialına RTÜK tərəfindən cəza verilmişdi. 30 ildir bu sahədə fəaliyyət göstərirəm, amma heç vaxt RTÜK tərəfindən cəza almamışam. Bundan sonra da olmayacaq.

Hər yeni layihə təqdim ediləndə mütləq araşdırıram ki, bizdən nə istənilir? Nəyi etmək doğru deyil? Nəyi necə etmək olar…

“Kızılçık Şerbeti”nin cəza almasına üzülmürəm. Çünki cəza veriləcəyi bəlli idi. RTÜK bildirir ki, irq, din ayrıseçkiliyi edə bilməzsən. Cəmiyyətdə baş verən bir nümunəni ümumi kimi təqdim etmək düz deyil.

Mənim rejissoru olduğum “Kertenkele” serialını çəkən zaman narazı fikirlər bildirdilər. Dedilər ki, oğru imam olarmı? Cavab verdim ki, adam imam deyil, oğrudur. Sadəcə imam obrazına girib.

– Son olaraq nə demək istərsiniz?

– Bakını çox bəyəndim. Təmizlik, nizam-intizam yüksək səviyyədədir. İnsanlarsa mehribandırlar…

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir