Kamal Yaşar: “Bəziləri qorxusundan məni tanımadığını dedi” – MÜSAHİBƏ + FOTO

Mədəniyyət


“Mən özümü dublyajla dolandırmıram. Hətta son illərdə dublyaja getmirdim. Çünki qazanc əldə eləyə bilmirsən”

Bu sözləri Kulis.az-a müsahibəsi zamanı bir müddət əvvəl prezidentə video-müraciəti ilə gündəmə gələn rejissor, dublyaj aktyoru Kamal Yaşar deyib.

Həmin müsahibəni təqdim edirik:

– Bir az qəribə başlayacağam söhbətə. Neçə yaşın var?

– 38.

– Mən səni daha cavan bilirdim. Müraciətində demişdin ki, evlənə bilmirəm.

– Onu bir element kimi ortaya atmışdım.

– Bilirəm. Evlənə bilməməyini ancaq maddiyyata bağlayırsan, yoxsa başqa səbəblər də var?

– Təbii ki, yox. Evlənməyin maddiyyata birbaşa yox, dolayısı ilə bağlılığı ola bilər. Evlənmək mənəvi məsələdir.

– Bu müraciəti eləmək fikri səndə əvvəldən var idi, ya sonradan yarandı?

– Mən illərdir ki, dublyajdakı problemləri, sıxıntıları dilə gətirirəm. Bir az daha yumşaq, loyal, səliqəli formada ki, bunları eləsək, daha yaxşı olar, vəziyyət çətindir, ancaq bu eşidilmirdi. Mən düşündüm ki, bu illərlə yığılan sıxıntıdır. Məsələ təkcə dublyaj deyil. Səsləndirmə ilə bağlı bütün işlərə aiddir. Məsələn, anonsla bağlı çağırırlar səni yarım səhifə material oxumağa, tutalım, sən o yarım səhifəni oxuyursan, adamlar bunun müqabilində sənin istədiyin pulu vermirlər və düşünürlər ki, bu məbləğ yarım saata görə çoxdur. Ona görə də həmin məbləği bölürlər, ancaq bu səhvdir. Mən o səsləndirməni eləmək üçün 4 il oxumuşam, öyrənmişəm, illərdir üstümdə işləyirəm, magistratura oxumuşam. Məsələ təkcə səsləndirmə deyil.

Mən rejissorluğu oxumuşam. Bu bacarıqlar illərlə yığılır. Əgər sən eləyə bilirsənsə, elə də yarım saata mən eləyən kimi. Eləyə bilmirsən və təbii olaraq ehtiyacın var, çağırıb pul ödəməlisən. Bunlar üst-üstə yığıldı. Heç bir işdə əməyinin qarşılığını almırsan. Məsələn, mən səs sənətçilərinin qonorarlarına baxıram. Necə böyük pullardan söhbət gedir. Düşündüm ki, bu sənət səslə bağlıdır, ona görə də səslə ifadə etsəm, daha yaxşı olar. Dublyajla çatdırmaq daha münasib olduğuna görə onunla çatdırdım. O, sadəcə komponentlərdən biridir.

– Deyəsən, Pikassonun başına gəlib, sərgidə bir qadın yaxınlaşır ki, bu rəsmin qiyməti neçəyədir? Deyir ki, 10 min. Qadın soruşur ki, neçə müddətə çəkmisiniz bu əsəri? Pikasso da deyir ki, 15 dəqiqəyə. Qadın da kinayə ilə deyir ki, 15 dəqiqə əziyyət çəkdiyiniz rəsm üçün bu qədər pul istəyirsiniz? Pikasso cavab verir ki, mən buna 30 il və 15 dəqiqəmi vermişəm. İndi danışdığın məsələlər bu söhbəti yadıma saldı. Kamal, bəs sən bu müraciəti etməzdən əvvəl qorxmadın?

– Bilirsiniz necədir? Bu, qəribə bir haldır. Qorxmaq deməyək, ehtiyat eləyirsən, çünki bu, çox risklidir. Kiçik bir xəta olsa, nəticə yaxşı olmaya bilər. Ancaq mənim bu günə qədər olan fəaliyyətim var. Mən bilirəm ki, bir söz deyəndə, qarşı tərəf buna baxacaq, deyəcək ki, bu sözü deyən kimdir. Buna güvənərək bilirəm ki, baxsalar, görəcəklər. Balaca sənət çevrəsi var. Hamı hamını tanıyır. Nəyisə dəyişmək istəyi insana güc gəlir. Çağırıldım. Müəyyən görüşlər oldu. Problemlərdən xəbərdardırlar. Ümidli sözlər var. Nazirliyin strukturunda problemlər var. 1980-ci ildə qəbul olunan qərar var, 1997-ci ildə də ona heç bir dəyişiklik etmədən möhürləyiblər. Bütün qonorar sistemi indi bununla tənzimlənir. İndi bu dəyişilməlidir. Bu müraciətdən sonra deyirlər ki, komissiya yaradılıb.

Dəyişilməlidir. Bunun dəyişilməsi üçün də təklif verilməlidir Nazirlər Kabinetinə. Əlbəttə, bu prosedurda yanan mənəm. İşsiz qalmışam. İnsanlar ehtiyat eləməyə başlayıblar. Əvvəllər harasa çağırırdılarsa, indi çağırmırlar. Mənasız şeylərdir. Bu, aradan qalxacaq, bilirəm. Amma sıxıntısını mən yaşamaqdayam və bilirəm ki, hələ bir az yaşayacağam, deyəsən. Ümidim onadır ki, köklü dəyişiklik olacaq. Təkcə dublyajda yox, kino sahəsində işləyən hər kəsin qonorar sistemi yenilənəcək. Sovetdən, lap 1997-ci ildən üzü bəri nə qədər inflyasiyalar olub. Bunları nəzərə alaraq qiymətlər artmalı, dəyişməlidir. Deyilən budur ki, bu, tənzimlənəcək. Mən ən birinci adama müraciət elədim. Bundan yuxarı eləyə biləcəyim nəsə yoxdur.

– Deyirsən ki, yüksək vəzifəli adamlar görüşdü səninlə. Əgər belə müsbət reaksiya verdilərsə, səni niyə işdən çıxardılar?

– Açığı, onu mən də bilmirəm. Əslində, AzTV məni ora işdən çıxarmaq adı ilə çağırmışdısa da, ora gedəndə dedilər ki, qol çəkmə. AzTV mənim verilişimi dayandırıb. Video çıxdı və səhəri günü veriliş dayandı. Amma işdən çıxmaq üçün gedəndə, qoymadılar. Rəsmi olaraq mən hazırda orada ştatdayam, amma maaş da verilmir. Belə bir vəziyyətdir. Keçən dəfə yazmışdım, AzTV ilə köhnə sevgili kimiyik, veriliş bağlanıb, işdən çıxarmayıb, ancaq maaş da vermir.

– Özləri sənə nə açıqlama verib bununla bağlı?

– Açıqlama verirlər ki, guya veriliş standartlara cavab vermir. Dedilər ki, bir az gözlə, bir şey var, onu araşdırırıq.

– Üstündən bir aydan da çox keçib. Necə dolanırsan?

– Çətindir. Hamımız cavan adamlarıq. Borclanırsan. Ümid eləyirsən ki, nələrsə düzələcək.

– Neçə ildir bu sənətin içindəsən?

– 12 il.

– Aktyorluqla başlamısan, yoxsa dublyajla?

– Əslində, mən televiziya ilə başlamışam. Səsləndirmə də, kadrarxası mətnlərin oxunması da televiziya ilə olub. Sonra teatr, rejissor və digərləri…

– Dublyaja marağın, həvəsin necə yaranıb?

– Region TV vardı. Mən orada mədəniyyət müxbiri idim. O vaxtlar dublyaj redaksiyası vardı orada, mən sadəcə baxırdım. Onda dublyajla məşğul deyildim, təhsil alırdım. Sonradan Qala dövlət qoruğunda Novruz tədbiri vardı, mən orada nağılçı idim. Ekologiya və Təbii Sərvətlər Nazirliyi təşkil edirdi. Orada Elnarə adlı bir xanım var. ANS televiziyasının dublyajına rejissorluq edirdi. O, məni dəvət elədi. Ondan sonra da mən ANS-də başlamışdım dublyaja.

– Belə başa düşdüm ki, dublyajdan kino başına qonorar alırsınız. Nə qədər olur təxminən?

– Bu, çox gülməli məbləğdir. Sizcə nə qədər olur?

– Məncə, uzağı 30 manat verirlər.

– (Gülür) Elə o qədərdir, bəli və bu, çox faciəvi durumdur. Mən özümü dublyajla dolandırmıram. Hətta son illərdə dublyaja getmirdim. Çünki qazanc əldə eləyə bilmirsən. Məsələn, mən “Ulduz müharibələri”ni bir dəfə yazdım, özü də baş rolu. Əlavə də 4 personaj. Aldığım pula gəldik dostlarla çay içdik, o pulu qoydum orada, çıxdım. Onsuz da dolanmırsan, amma dolana bilərsən də, yox? Bu, çox ciddi sənətdir. Bunu bacaran 20-30 adam var, onlar da bu gündədirlər. Serialdan gələn pul 20 manatdır, filmdən də 35-40 manat. İstisnalar var. Mədəniyyət Nazirliyi ilə Kinostudiya müştərək işləyəndə nəsə olur. Məsələn, mən Həsən Seyidbəyli haqqında filmi səsləndirdim, yarım saatıma 500 manat aldım. Yaxud da nazirliyin öz layihələri olanda, məsələn, Audiokitabda Nəriman Nərimonavun nazik bir kitabından bir neçə hekayə səsləndirdim, 1200 manat verdilər. Bundan nəsə eləmək olar. Gedib çay içməzsən, yemək də yemək olar, amma bunlar istisnadır.

Nazirlik elə bilir ki, başqaları da onlar qədər verir, amma televiziyalarda belə deyil. Dublyajı sifariş eləyənlər də televiziyalardır. Məsələn, “Bizim kino” layihəsini mən səsləndirmişdim, hər seriyası 15-20 dəqiqə idi. Orada da qonorar çox deyildi, amma yaxşı idi. 6 ay davam eləyən layihədə bir səsləndirmə 90 manat idi. Orada da sənin yarım saat vaxtın gedirdi, ya getmirdi. Ancaq hamısı belə deyildi. Nazirlik deyir ki, televiziyalar dublyajı sifariş verir, biz onlara nəsə deyə bilmərik. Əslində, bu işi bir mexanizm tənzimləməlidir ki, televiziyaların qarşısına öhdəlik qoyulmalıdır ki, dublyajı bu qiymətə yox, başqa qiymətə alın. Bunu da ya Mədəniyyət Nazirliyi eləməlidir, ya da Audiovizual Şura. Bu mexanizm işləməlidir. Mənim işim deyil axı. Hər dəfə bir video çəksəm, avara qalaram. Mən anlayıram ki, bu, prezidentin işi deyil, ancaq bizdə belədir ki, gərək prezident bir qol qoysun ki, bunlar düzəlsin. İndiki vəziyyətə baxıram, heç nə düzəlməyib. Mənim qorxum odur ki, mənə “düzələcək” desinlər, amma düzəlməsin. Mənim itirəcək nəyimsə yoxdur. Düzdür, işimi itirdim, ancaq mən aciz adam deyiləm, çulumu sudan çıxaracağam. Nəticədə, sənətlə məşğulam, rejissoram.

Bəd ayaqda görsəm ki, hər şey tükənib, çıxıb gedərəm. Ancaq mən axı bunu özüm üçün eləməmişdim. Özümü düzəltmək istəsə idim, bunun üçün mənə təkliflər olunmuşdu, ancaq məsələ o deyil. Proses düzəlsə, mən oradan qazandığım pulla nələrsə eləyə bilərəm. Mən prosesi düzəltmək istəyirəm. İstəyirəm ki, mühit düzəlsin. Kinoda, teatrda inanın ki, çox çirkli qazan qoyub gediblər bizə. Mən bizdən sonra gələn adamların bizi söyməyini istəmirəm. Dublyajdakı qiymətlər 2005-ci ildə qoyulan qiymətlərdir. Az qala 20 il keçib. Bu illər ərzində nə qədər inflyasiya olub, amma heç nə dəyişməyib. Ümidim onadır ki, nəyisə dəyişək. Dəyişə bilməsək də, mən Robin Hud deyiləm.

– Deyirsən ki, bunu təkcə özün üçün etməmisən. Bəs sənət yoldaşların buna necə reaksiya verdi? Sənə dəstək oldularmı?

– Qətiyyən dəstək olmadılar. Bu, məni incidir, amma narahat eləmir. Bəziləri qorxularından deyib ki, tanımıram onu. Elələri oldu dedi ki, “sən dublyaj aktyorlarının adından danışmısan, mənim təcrübəm səndən daha çoxdur”. Bəli, həqiqətən də məndən daha professional dublyaj aktyorları var, ancaq bunu deyənlər professionallar deyil. Mən də başa salmağa çalışdım ki, məsələ tək dublyaj deyil. Dublyaj səs sənətinə daxil olan komponentlərdən biridir. Mən özümü rejissor kimi hiss eləyirəm, çünki rejissoram Çox iyrənc şeylər baş verdi. Bəziləri elə bilirdi ki, mən özüm üçün nəsə istəyirəm. İndi bəzi şeyləri deyə bilmirəm, ancaq bir müddət sonra deyəcəyəm. Mənim rifahım üçün hər cürə imkanım vardı, hazırda da var, amma mənim niyyətim o deyildi. Ancaq insanlar anlamadılar. Sənət çevrəsində hamı bir-birinə şübhə ilə baxır. Ona görə də bu gündəyik. Bir-birimizə inanmırıq. Mən elə bilirdim ki, heç vaxt təəccüblənmərəm, ancaq görürəm ki, hələ də təəccüblənməli olduğum şeylər var. Sənin üstünə hər şey yapışdıra bilərlər. Mənim o əhvalım yoxdur ki, bu çirkabla mübarizə aparım. Bu işin içində olan adamlar da şahiddirlər ki, mənim niyyətim sahədəki problemləri aradan qaldırmaq olub.

– Bu məsələdən çox danışıram, çünki təkcə sizin üçün yox, bizim üçün də əhəmiyyətli mövzudur. Iyrənc hallarla qarşılaşdığını dedin. Peşman oldun dediklərinə görə?

– Peşman olmadım, əksinə, yaxşı oldu. Adamlar var idi, əl sıxırdın, görüşürdün, elə bilirdin ki, bir addımlayırsan, sonra gördün ki, bu adamlar səni vurmağa hazırdırlar. Düzdür, mənə çox gülməli görünür bunlar. Ələkdir də. Ələnir, görürsən nə var, nə yox.

– Dedin ki, gözləyirsən, ən pis halda gedərsən. Gözləmə müddətin var?

– Məsələ burasındadır ki, mən də nazirlikdə o sualı verdim. Dedim ki, mənə bir söz deyin, hər dəfə maraqlanım ki, nələr düzəldi. Dedilər ki, bizdə iş elə getmir. Biz hazırlayıb veririk komissiya işləyir, oradan neçə aya cavab gələcəyini biz də bilmirik. Biz sadəcə bilirik ki, proses başlanıb. Səbrim haraya qədər çatacaq, bilmirəm.

– Nə vaxtsa yenə müraciət edəcəksən?

– Yox, düşünmürəm. Oradan o tərəfə harasa, başqa adama müraciət edəsi deyiləm.

– Müraciətlə bağlı son sual. Ailənin, yaxınlarının münasibəti necə oldu?

– O mövzuda danışılmır. Mən gördüm ki, narahat olublar, ancaq bir kəlmə də demədilər. Onlar Gəncədə yaşayırlar. Narahatlıqlarını ifadə eləməyə çalışdılar, sadəcə bilirlər ki, uşaq deyiləm. Bayramda getdim, amma bu mövzu açılmadı. Hə, ancaq anam yaşasaydı eləməzdim. Çünki o həssas idi. 2 ay əvvələ qədər mən bunu eləməzdim. İndi problem yoxdur. Nə mənada? Övladım yoxdur. Allahdan başqa heç nəyim yoxdur. Uzağı ölə bilərəm və mənə görə heç kim narahat olan deyil.

– Qiraətində şeirlər dinləmişəm. Çox əladır. Ədəbiyyata marağın necə yaranıb?

– Uşaq vaxtı atamın kitabları rusca idi, anamın kitabları azərbaycanca. Anamın kitablarını çox oxuyurdum. Atamın kitablarının şəkillərinə baxırdım. O vaxt başa düşmürdüm ki, hansı uşaq kitabıdır, hansı yox. Məsələn, “Yeddi gözəl”i oxudum, amma sonra anladım ki, o, uşaq materialı deyil. Məktəb kitabxanasından kitablar götürüb oxuyurdum. Oxuyan olmuşam. Həm dərslərimi, həm də ədəbiyyatı.

– Özün nələrsə yazmısan?

– “Saqqal” adında bir hekayəm vardı, başqa bir hekayə də vardı, amma özüm üçün yazmışdım. “Saqqal” paylaşılmışdı o vaxt. Maraqlı tarixçəsi var deyə mənə təsir eləmişdi. Uşaq vaxtı bir nəfər vardı. Hərbçi idi. Həmişə də saqqalı uzun olurdu. Bizi harasa göndərəndə sevinirdik. Demişdi ki, mənim döyüş yoldaşlarım ölüb, Qarabağ alınmayınca saqqalımı kəsməyəcəyəm. İllər sonra, bəlkə, 20 il keçmişdi üstündən, bir gün Gəncədə küçəmizdən keçəndə gördüm ki, o adam saqqalını qırxıb. Mənə çox pis təsir eləmişdi. Elə bir hekayə yazmışdım. Əslində, ona hekayə demək olmaz. Çünki hekayələr adətən yaxşı mənada uydurulmalıdır. Mənsə gördüyümü nəsrdə yazmışam.

– Şeir səsləndirirsən. Özün şeir yazmısan?

– Məktəbdə çoxunun sınadığı şeirlər olub. Məktəbə, müəllimlərə. Son zəngimizdə şeir yazmışdım. Ancaq mən şair deyiləm. Səsləndirmək daha gözəldir. Şeiri səsləndirəndə, elə bil ki, yenidən yazmış olursan. Gərək şeir deyəndə özünü ora pərçim eləməyəsən. Adam var şeir deyir, baxırsan ki, əslində özünü göstərir. Gülməli gəlir mənə. Əgər sən şeir deyirsənsə, orada ən gözəl şey sözdür. Sən sadəcə daşıyıcısan.

– Sevdiyin şairlər kimlərdir?

– Mən Nazim Hikməti çox sevirəm. Onun “Masallar masalı” adlı bir şeiri var. Onu o vaxt rəhmətlik Altay Məmmədov dilimizə tərcümə eləmişdi. Mən də hiss elədiyim kimi tərcümə eləmişdim. Bir dəfə “Yarat”da bir tədbirdə demişdim onu. İnsanlar ağlayırdılar.

– Bizim şairlərdən, yazıçılardan kimləri sevirsən?

– Nəsrdə ən çox sevdiyim İsi Məlikzadədir. Nəzmdə Vaqif Səmədoğlunu, Ramiz Rövşəni, Əli Kərimi, Balaş Azəroğlunu, müasirlərdən Zülfüqar Rüfətoğlunu çox sevirəm. Zülfüqar Rüfətoğlunun “Gecə yarı qapıları döyməyin” şeirini Həsən Əbluc səsləndirib. Mən onun “Yeri gəlmişkən…” şeirini səsləndirmişəm, çox gözəl şeirdir. Onun tərzi çox xoşuma gəlir. Sonra gənc nəsildən Kamal Hüseynzadənin şeirləri mənə zövq verir.

– Uşaqlar üçün kitablar səsləndirirsən. O sahəyə yaxşı bələdsən. Necədir orada vəziyyət?

– Adətən tərcümə olunmuş materialları oxuyuram. O gün Uşaq Kitab Festivalına getmişdim. Orada Həmid Piriyevin “Delfinin macəraları” kitabı vardı. Çox xoşuma gəldi. Şirin dildə idi və öyrədici idi. Mən onu oxudum orada. Uşaqlar da maraqla müzakirə elədilər. Ara-sıra yaxşı nümunələr var, amma davamlı deyil. “Analitik ədəbiyyat” adında olmayan bir şey təsis elədik. Kurs rəhbəri məndən istədi ki, mən uşaqlara əsəri oxuyan zaman onu necə qavramalıyam, nələri necə hiss eləməliyəm, bunu keçək. Mən də təcrübəmə dayanaraq keçməyə başladım. Dünyanın müxtəlif ölkələrindən olan əsərləri başladıq müzakirə eləməyə. Bunlar roman həcmində materiallardır. Bizdə roman həcmində uşaq ədəbiyyatı nümunələrinə rast gəlməmişəm. Daha çox balaca, bir neçə səhifəlik şəkilli kitablardır. Sanballı nümunələr yoxdur.

– Son olaraq bu sənətlə məşğul olmaq istəyən gənclərə nələri tövsiyə eləyirsən?

– Bu elə bir işdir ki, səni tükəndirə, yora bilər. Məsələn, mənim kompüterim ideya qəbiristlanlığına dönüb. İnsanlar əgər bunu seçirlərsə, gözə almalıdırlar. Yazdığın ssenarilər qalacaq orada. Ürəyindəkilər qalacaq. Kimsə sifariş verəcək, pulunu verməyəcək, qalacaq. Belə stresli tərəfləri var. Həyat əziyyətli və dadlı olur. Komfort yoxdur. Kimlərə insan, Allah, dünya və s. şeylər maraqlıdırsa, gələ bilər, amma məhrumiyyətlər, borclanmaq, ac-susuz qalmaq var işin içində. 50 ildə bir film çəkərsən, ya yox. Mən dövlət sifarişi ilə film çəkmişəm, ancaq barmaq sayı adam dövlət sifarişi ilə film çəkir. Fikirləşirəm, görəsən, 20 il əvvəl olsaydı, yenə də gözə alıb bu işləri görərdimmi? Bu işdə komfort yoxdur, amma düşüncədə azadlıq var.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir