“İlham Rəhimli bu illər ərzində mənim yaradıcılığımı izləyib. Hətta deyərdim, mənim haqqımda məndən də çox bilir”
Bu sözləri Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Yasin Qarayev Teleqraf.com-a müsahibəsi zamanı deyib.
Onunla müsahibəni təqdim edirik:
– Yasin müəllim, bu gün doğum gününüzdür. Sizi təbrik edirik.
– Çox sağ olun, minnətdaram.
– Bu yaxınlarda İlham Rəhimlinin sizə həsr etdiyi “Alın yazısına inam” kitabı çapdan çıxdı. Mənə elə gəlir ki, doğum gününə ən gözəl hədiyyəniz budur. Təqdimatını keçirəcəksinizmi?
– Gənc Tamaşaçılar Teatrının rəhbərliyi ilə də məsləhətləşdim, güman ki, gələn ay teatrda kitabın təqdimatı olacaq.
– İlham müəllim kitabda sizin yaradıcılığınıza necə yanaşıb? Hansı faktlar yer alıb?
– 48 ildir teatrda işləyirəm. İlham Rəhimli bu illər ərzində mənim yaradıcılığımı izləyib. Hətta deyərdim, mənim haqqımda məndən də çox bilir. O, əvvəl “Kommunist” qəzetində, sonra Prezident Aparatında işlədi, daha sonra “Kommunist” qəzetində şöbə müdiri oldu. Yəni deməyim odur ki, ilk tamaşamdan – “Komsomol”dakı Cəlaldan başlayaraq əksər tamaşalarıma resenziyalar yazıb, mənimlə müsahibələr edib. Bir sözlə, o adam mənim yaradıcılığıma çox yaxşı bələddir.
Bu kitabdan öncə daha dəqiq desəm, 70 illiyimdə İlham mənə haqqımda yazdığı balaca broşür formasında bir kitabça hədiyyə etdi. “7 sənət aşiqi” adlı kitabında Yusif Vəliyev, Ələddin Abbasov, Məlik Dadaşov, Kamal Xudaverdiyev, Səməndər Rzayev, Nurəddin Mehdixanlı və mənim barəmdə məqalə yer alır.
İndi də yaşımla əlaqəli bu kitabı çap etdi. “Alın yazısına inam” bütün yaradıcılığıma həsr olunub: İlham teatrşünas, sənətşünas kimi səhnə fəaliyyətimi təhlil edib. Kitab çox nəfis şəkildə çap olunub. Teatrda da çox bəyəndilər.
– Deməli, ideya da İlham müəllimə məxsusdur…
– Bu illər ərzində İlhamla çox söhbətlərimiz olub. Peşəkar teatrşünas, sənətşünas kimi özündə qeydlər aparıb. Dediyim sözlər mənim yadımdan çıxıb, amma İlham onların hamısını qeyd edirmiş. İndi oxuyanda yadıma düşür ki, bu fikirləri nə vaxtsa demişəm.
– Yasin müəllim, siz xatirələrdən bol, yaddaşı güclü sənətkarlardansınız. Sizinlə şəxsiyyətlər barədə, teatr tarixi barədə uzun-uzun söhbət etmək mümkündür. Maraqlıdır, xatirələrinizlə bağlı kitab yazmaq istəyiniz olubmu?
– Ona vaxt lazımdır, qızım. Üstəlik, həmişə bu fikirdə olmuşam ki, bu, mənim işim deyil. Adda-budda xatirələr danışmışam və hiss etmişəm ki, əli qələm tuta bilən insanlar onları qeyd ediblər.
– Tənqidi fikirlərə açıqsınız?
– Yerində olan tənqidə mənim qədər xoş münasibət göstərən ikinci adam tanımıram. Birini deyim, 1996-cı ildə 50 illik yubileyim oldu. Dostlar, sənət adamları gəldilər, xoş sözlər dedilər. Üzərindən bir neçə gün keçəndən sonra Nüsrət Kəsəmənli, Şeyx Əbdül, Alim Qasımov və daha kimlərin olduğu bir məclisə getdim. Çox qısa müddətdə Nazirlər Sovetində müavin işləyən Kamil Vəli də oradaydı. Hamıyla salamlaşdım.
Alim müəllimin üzü mənə tərəf olduğuna görə onu gördüm, arxası mənə tərəf olan adamı görmədim. Şeyx Əbdül dedi ki, Kamil müəllimlə niyə salamlaşmadın? Kamil müəllim üzü mənə tərəf döndü və özünəməxsus tərzdə dedi: “Fikir verməyin, Yasin Qarayevi 50 illikdə o qədər təriflədik ki, hamısını ciddi qəbul etdi”.
Bu mənə o qədər ləzzət etdi ki, xeyli güldüm. Bax, bu yerində deyilmiş duzlu yumordur. Yerində olan zarafata, tənqidə münasibətim çox yaxşıdır.
– Kefinizi korlayan, qəbul etməkdə çətinlik çəkdiyiniz tənqidlərlə qarşılaşmamısınız?..
– Ad çəkməyəcəyəm. O, hazırda da yaşayan və göz önündə olan qələm sahibidir. Həmin adam “Kommunist” qəzetində yalnız mənim haqqımda deyil, həm dünyasını dəyişən, həm də bu gün üzdə olan incəsənətin qaymaqları haqqında yazılar yazırdı: bizi şit oyun tərzi ilə günahlandırırdı.
İndi baxıram ki, haqqında yazdığı adamların yanında heç kölgə də deyil. O adamlar xalq tərəfindən sevilən, dövlət tərəfindən qiymətini alan xalq artistləri, tanınan və tarixdə qalan sənətkarlardır. O isə tarixdə qalmayacaq. Çünki o yazıları gündəmdə olmaq üçün, nəyinsə xatirinə yazmışdı.
– Yasin bəy, son olaylara da toxunmaq istəyirəm. Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrına baş rejissor təyin olundu və Gənc Tamaşaçılar Teatrı ilə vidalaşdı. Buna sərt münasibətiniz diqqət çəkdi.
– “KOD adı V.X.A.” tamaşasının bu mövsüm son nümayişində Mehriban Ələkbərzadə ilə görüşdüm, onu qucaqlayıb, uğurlar arzuladım. Oturub çay içdik. Amma yenə də sözümün üzərində qalıram. Başa düşürəm, Mehriban Ələkbərzadənin istəyi o teatrdır, amma bura da teatrdır…
Dedim, sən buranı atdın getdin. O mənada demişəm ki, mən bu təyinata sevinmədim. Mənə baxdı və dedi ki, sizi başa düşürəm.
– Hazırda teatrın baş rejissor postu boşdur. Həmin yerə Nicat Kazımovun namizədliyini irəli sürmüsünüz. Bununla bağlı sosial şəbəkədə müraciətiniz də yayıldı.
– Bəli, mən bununla bağlı Mədəniyyət Nazirliyinə müraciət etdim və münasibət də bildirdilər.
– Nazirlik münasibət bildirdi?
– Yox, həmkarlarım, insanlar öz münasibətlərini bildirdilər. Nicat 30 ildir teatrda işləyir. 30-dan çox tamaşaya quruluş verib. “Azdrama”da neçə tamaşa hazırlayıb. Həmçinin bir çox ölkələrdə tamaşalara quruluş verib. Dövlət tədbirlərinin təşkili barədə çox peşəkardır. Kifayət qədər kütləvi işlərdə səriştəsi var. Üstəlik, Gənc Tamaşaçılar Teatrını çox gözəl tanıyır.
– Yaxın günlərdə Nicat Kazımovun “Balaca kişilər” tamaşasının premyerası olacaq. Bildiyim qədər teatrda daxili baxış olub. Baxmısınızmı?
– Baxdım və bəyəndim. Bilirsiniz ki, hazırda Rusiya-Ukrayna müharibəsi gedir. Müharibənin nəticəsi bilinmir, amma ruslar artıq bu barədə bədii film çəkiblər və nümayiş etdirirlər. Bizim 44 günlük müharibədə əldə etdiyimiz böyük zəfərimizdən iki ildən artıq vaxt ötməsinə baxmayaraq hələ də ortalıqda bir şey yoxdur: nə bir teatr tamaşası, nə bir film…
“Balaca kişilər” 44 günlük Vətən müharibəsinə həsr olunan ilk genişmiqyaslı tamaşadır. O baxımdan bu tamaşa mənim çox xoşuma gəldi. Təbii ki, tamaşa oynanıldıqca daha çox möhkəmlənəcək, əyər-əskiklər düzələcək.
Tamaşanın əvvəlində Nicatın ifasında bədii qiraət səslənir. Və orada telefonla oynayan, internetdə vaxt keçirən, dərsdən qovulan uşaqların müharibədə qəhrəman olması vurğulanır. Mən elələrinə çox rast gəlmişəm. Bir müəllimə ağlayaraq danışırdı ki, mən o uşağı telefonla oynadığına görə dərsdən çıxarmışdım, amma o müharibədə mərdlik göstərdi, şəhid oldu, indi onun ruhuna qurban olum. Belə hadisələr çoxdur.
Çox gözəl səhnə tərtibatı olan təsirli tamaşadır. Hamıya “Balaca kişilər”ə baxmağı məsləhət görürəm.
www.RIA24.az