ABŞ-nin Nyu-York şəhərində Azərbaycan xalçalarının sərgisi keçirilib.
“Report”un ABŞ bürosu xəbər verir ki, “Davam etdirilən Ənənə” (“Sustainable Traditions”) adlı altında keçirilən sərgi Azərbaycanın ABŞ-dəki səfirliyi və Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) birgə təşkilatçılığı, Nyu-Yorkdakı “Türk Evi”nin ev sahibliyi ilə baş tutub.
Sərgidə Azərbaycanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Türkiyənin Nyu-Yorkdakı baş konsul Reyhan Özgür, ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov, ABŞ-də fəaliyyət göstərən türk və azərbaycanlı diplomatlar, hər iki qardaş ölkənin diaspor aktivləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Sərginin açılışında çıxış edən USACC-nin icraçı direktoru Natiq Baxışov qonaqlara Azərbaycanın zəngin mədəni irsi olan xalçaçılıq məktəbi və xalçaları barədə ətraflı məlumat verib. Təşkilatçı bildirib ki, Azərxalça ilə ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) arasında əldə olunmuş razılığa əsasən, ABŞ-də artıq üçüncü dəfə təşkil olunan sərgiyə maraq olduqca böyükdür:
“İlk sərgimiz mart ayının 27-də Vaşinqtonda baş tutdu. Bu gün Nyu-Yorka keçirdiyimiz bu sərgi üçüncü ən böyük sərgimizdir. Nyu-Yorka üç kateqoriya üzrə klassik, ənənəvi və müasir üslubda toxunulmuş, keçmişin və bu günün vəhdətini özündə birləşdirən 30-a yaxın xalça gətirmişik. Layihə çərçivəsində ümumilikdə ABŞ-yə Azərbaycanın ucqar kənd rayonlarında xanımlar tərəfindən toxunan 76 xalça gətirmişdik və onlardan artıq 27 onlayn formada satılıb. “Shopify” onlayn satış şəbəkəsi ilə əldə olunmuş razılığa əsasən Azərbaycan xalçalarının ABŞ-də rəsmi olaraq satışı təsdiqlənib. Məqsədimiz bu layihəni davam olaraq həyata keçirərək kənd qadınlarının iqtisadi və sosial güclənməsinə töhfə verməkdir”.
Sərginin açılışında çıxış edən Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Türk evinin ABŞ-də Azərbaycan xalçalarına ev sahibliyi etməsinin simvolik məna daşıdığını qeyd edib. O, qardaşlıq bağlarının mədəni irsimizə sirayət etdiyini, ortaq dəyərlərimizin bu bölgənin xalçalarına xüsusi çalarlar verdiyini, onun rəng kompozisiyasının həllinə çoxçeşidli boyalar bəxş etdiyini bildirib.
Səfir xüsusi zövqlə və əl əməyi ilə ərsəyə gələn Azərbaycan xalçalarının dünyada tanındığını deyib. X.İbrahim Azərbaycan xalçalarına amerikalıların böyük maraq göstərməsindən sevinc hissi keçirdiyini vurğulayıb.
Sərgidə çıxış edən Türkiyənin Nyu-Yorkdakı baş konsul Reyhan Özgür Türk evinin Azərbaycan mədəni irsinə ev sahibliyi etməsindən qürur hissi keçirdiyini bildirib.
Daha sonra qonaqlar Qarabağ, Gəncə-Qazax, Quba-Şirvan və Təbriz xalçaçılıq məktəblərinə aid müxtəlif ölçülü yun və ipək xalçaların nümayiş olunduğu sərgini gəzib, xalçalar barəsində ətraflı məlumat alıblar.
Amerikalı qonaqlar göz oxşayan naxışlı Azərbaycan xalçalarının fonunda foto çəkdiriblər.
www.RIA24.az