“Cəmiyyətimizdə həssas olan bu tip mövzuları imkan daxilində işıqlandırmağı düşünürük”.
Bu sözləri Oxu.Az-a açıqlamasında məşhur reper Xpert (Şəhriyar Atababayev) deyib.
Xatırladaq ki, Azərbaycanlı reper Xpert yeni albomunu dinləyicilərə təqdim edib. Albomda yer alan “Dəlilər” adlanan klipdə insan alverinə qarşı mübarizə mövzusuna toxunulub. Klip qısa zaman ərzində minlərlə insan tərəfindən izlənilib.
Reperin sözlərinə görə, ssenari əvvəldən mövcud olub:
“Aktiv yaradıcılığımın 14-cü ilindəyəm. Bu müddət ərzində yüzlərlə iş ərsəyə gətirmişik. Zaman keçdikcə cəmiyyətimizə faydalı, layihələrimizdə diqqətli olmağa çalışırıq.
Mənim də qız övladım var. Bu vətənin övladları da bizim canımızdan, qanımızdandırlar. Əlimizdə bir qələm var. Bu qələm onların gözəl gələcəyi naminə yazmalıdır”.
Ş.Atababayev “Dəlilər” proyekti üzərində çox məşğul olduğunu qeyd edib:
“Proyektin əsas hissəsi isə istedadlı aktyor, rejissor dostum Qorqud Cəfərin və qardaşım Səbuhi Atababayevin çiyinlərində idi. Onların əlində belə bir ssenari əvvəldən mövcud idi. Musiqisi sonradan yazıldı. Və nəticə göz önündədir. Məqsədimiz odur ki, cəmiyyətimiz üçün həssas olan bu tip mövzuları imkan daxilində işıqlandıraq”.
Qeyd edək ki, Xpert ləqəbi ilə tanınan Şəhriyar Atababayev 2019-cu ildən XXXpert ləqəbindən də istifadə edir.
2019-cu ildə Türkiyədə “Epidem1k” kanalında “Limuzin” və “Hər şey yaxşılığa doğru” treklerini buraxıb. 2020-ci ildə “YouTube”da “İkiqat” kanalında “Yerli Dalğa” adı altında 3 sinql yayımlayıb, 2021-ci ildə sahib olduğu “101MoonAve” leybli altında “7EDDİ” albomunu buraxıb.
Nəzrin Vahid
www.RIA24.az