“Əqrəb mövsümü”nün Elnarəsi: “Qazancımdan razı deyiləm” – MÜSAHİBƏ + FOTO

Mədəniyyət


Aktrisa Zülfiyyə Qurbanova film sahəsində olan çətinliklərdən bəhs edib.

Aktrisanın Kulis.az-a verdiyi müsahibəni təqdim edirik:

– Sosial şəbəkə hesabınızda aktyorların birlik ruhunun olmadığını yazmışdınız. Sizcə, bu birlik ruhu aktyorlarımızda niyə yoxdur?

– Düşünürəm ki, çəkinirlər. Mən heç vaxt şəxsimə aid olan məsələləri efirdə müzakirə etmərəm. Sənət və aktyorluq müzakirə olunanda, təkcə özümü yox, hamını düşünürəm. Yəni problemli tərəfləri, çatışmayan şeyləri, istəklərimizi irəli sürürəm. Bunu müzakirə edəndə bilirəm ki, biz mətbəxdə nələrdən danışırıq, nələr çatışmır, nələri efirdə dilimizə gətirib deyə bilərik. Çalışıram ki, belə mövzuları aktuallaşdırım. Belə çıxışlardan sonra səni arxa planda hər kəs dəstəkləyər, amma çıxışı sən paylaşsan, heç kim səni dəstəkləməz. Kimsə səni haradasa görəndə baxdım çıxışına, əla idi, deyər. Yəni səni görünməyən yerlərdə dəstəkləyərlər.

– Yəni sizi meydanda tək qoyurlar?

– Tək qoyurlar deyəndə, yəni dəstəkləmirlər. Meydana çıxanda düşünmürsən ki, kimsə səni müdafiə etsin. Bilirsən ki, mövzunu necə dilinə gətirib ictimailəşdirə bilərsən. Aktyor kütləsinin fikrinə arxalanıb fikrini demirsən. Məsələn, dəfələrlə olub ki, efirdə hansısa müzakirənin bir hissəsini sosial şəbəkədə öz hesabımda paylaşmışam, aktyorlar və aktrisaların orada heç bir şey yazmayıblar. Amma məni hardasa görəndə, baxdım videoya, çox yaxşı idi, dəstəkləyirəm, çox doğru demisən deyirlər.

Bir də deyirəm bu müzakirələr şəxsimə aid deyil, ümumi fikirdir. Çəkilişlə bağlı, çəkilişdə olan çatışmazlıqlar, qonorar məsələsi və s. Yəni, içimizdə olan və hamımızın bildiyi şeylərdir.

– Bəs siz istənilən bir hadisədən sonra hansı həmkarlarınızın yanında ola bilmisiniz?

– Əgər sənətlə bağlı bir mövzu müzakirə olunubsa, çəkinmədən fikrimi paylaşımın altına yazmışam. Mən arxa tərəflərdə, insanların görmədiyi yerlərdə kimsəni dəstəkləyən adam deyiləm və bunu gözəl də bilirlər. Dəfələrlə buna oxşar hadisələr olub, hər hansı bir mövzu ilə bağlı kimisə sıxışdıranda, mən çəkinmədən onun gördüyüm ən gözəl tərəflərini qeyd etmişəm. Çünki mən gördüyüm şeyə necə görmədim deyə bilərəm? Bizim sənətimizlə bağlı olan problemləri işıqlandırıbsa, niyə mən onu dəstəkləməyim?

– Rasim Balayev yeni müsahibəsində demişdi ki, bizim aktyorlar Hollivudun aktyorlarından heç də geri qalmır, sizin münasibətiniz necədir?

– Eynən, razıyam. Bizdə çox yaxşı aktyorlar var. Mənim yaxşı tərəf müqabillərim olub və çəkilişdə paslaşıb oynaya bilmişik, bu, aktyor üçün çox önəmlidir. Tərəf müqabillərimdən çox zövq almışam.

– Ad çəkə bilərsiniz?

– Ad çəkməyim. Özləri bilirlər ki, onlarla işləməkdən zövq alıram. Elə aktyor yoldaşım var ki, mən onunla beş-altı filmə, seriala çəkilmişəm və yaxşı mənada zövq almışam. Bundan sonra on film olsa da, onunla rahatlıqla çəkilərəm. Çünki solo çıxış edib, təkcə özünə xitab etmir, qarşıdakı həmkarını da düşünür. Aktyor var ki, təkcə özünü düşünür, özünü xilas edir, özüm yaxşı olum, deyir. Aktyor da var ki, iki tərəfi də düşünür, bu isə peşəkarlıqdır.

– Bəs bu sənətdə nə çatışmır?

– Aktyora nə lazımdır? Gözəl ssenari olsun, rejissor yaxşı olsun. Biz yaxşı proyektlərdən asılıyıq.

– Dediyiniz kimi, yaxşı aktyorlar var, yaxşı rejissorlarımız var, bəs niyə festivallarda gözlənilən nəticəni əldə edə bilmirik?

– Yaxşı ssenari, yaxşı iş olanda, əlbəttə ki, nəticə olur. Məsələn, Elmar İmanovun “Mövsümün sonu”, “Tabutdüzəldənin yelləncəyi”, “Torn” filmləri. Rasim Cəfərlə onun üç filmində də tərəf müqabil olmuşuq. Bu arada, Rasim bir yerdə çəkildiyim və dəyər verdiyim aktyorlardandır. O filmlər dünya film festivallarında nümayiş olunub. Hollandiyada Beynəlxalq Rotterdam, İspaniyanın Valladolid şəhərində “Seminci”, Almaniyanın Wiesbaden şəhərində “GoEast” və Kann Film Festivalına çıxa bilib.

– Kanna hansı filmlə çıxmısınız?

– Ora qısametrajlı film çərçivəsində “Torn” filmi ilə getdik. Filmimiz orada nümayiş olunurdu. “Tabutdüzəldənin yelləncəyi” filmi tələbə Oskarına qatılaraq mükafat qazanmışdı. Ancaq “Mövsümün sonu” filmi ilə bir çox festivallara dəvət aldıq. Dediyim odur ki, yaxşı rejissor işi olanda, rejissor aktyoru yaxşı işləndəndə, film festivallarına qatılmaq imkanı daha çox olur.

– Azərbaycan aktyorunun gəliri onu qane edirmi?

– Artıq aktyorlarların adından heç nə danışmayacam. Xarakter olaraq bir az tərs adamam, insan gərək özündə olan xüsusiyyətləri yaxşı bilsin. Yəni bir qənaətə gəldimsə, o artıq məndə qərara çevrilir. Ona görə də, bundan sonra öz adımdan danışacam. Yaradıcılığıma, istedadıma və peşəkarlığıma görə, gəlirimdən razı deyiləm.

– Son işinizdən aldığınız qonorar nə qədərdir?

– Mən qonorarımı bircə anamla paylaşırdım.

– Efirdə izlədim, axı rejissor sizə verdiyi qonorarın miqdarını açıqladı.

– Hətta o miqdar belə düz deyildi.

– Onda səhv deyib…

– O miqdar düz deyildi. Orxan bəy düzgün vurğuladı, aktyor çox idi və maliyyə məsələləri hədsiz olduğuna görə, beynində tutduğu rəqəm səhv idi. Qəribə gələ bilər, ancaq mən üç ay qabaq çəkildiyim qonorara, üç ay sonra çəkilmirəm. Bu normaldır. Aktyor olaraq eyni peşəkarlıqda qalırsansa, deməli səndə inkişaf yoxdur. Amma Azərbaycanda heç kim fövqəladə pul almır, buna əmin olun. Bəzən aktyorlar möhtəşəm pullardan danışırlarsa bilin ki, təhrif edirlər. Təbii ki, biz Türkiyə və Rusiya, yaxın və uzaq ölkələrlə müqayisə olunmayacaq qədər az qonorar alırıq.

– Ssenarilər sizi tam qane edir?

– Tam qane etmir.

– Bura kimi hansısa rejissora ssenaridə olan müəyyən hərəkət və mimika ilə bağlı “bunu edə bilmərəm” demisiniz?

– Hər rejissorun aktyorla işləmək tərzi başqadır. Rejissor var ki, istəyir aktyor onun diktəsi ilə hərəkət eləsin. Rejissor da var ki, öz istədiyini düzgün başa salıb, ötürə bilir. Həm işinə yaradıcı yanaşır, həm də aktyorun rolu yoğurmaq tərzinə inanır, ona bir az boş meydan verir ki, rahat şəkildə oynaya bilsin.

– Sizin rol aldığınız filmlərdə müəyyən səhnələr də ola bilərdi, belə obrazlarda özünüzə qoyduğunuz məhdudiyyətlər varmı?

– İndiyə kimi rol aldığım filmlərdə elə səhnələr olmayıb ki, ləğv olunsun. Sən onu bəzi səhnələrdə jestlə, mimika ilə verə bilirsənsə, başqa bir şeyə ehtiyac yoxdur. Bəli, məhdudiyyətlərim var, məsələn, təmas səhnələri və müəyyən səhnələr var ki, heç vaxt qəbul etməmişəm.

– Sənət aləmində kimlərlə dostluq edirsiniz?

– Aktyor və aktrisalarla dostluq etmirəm. Bir dəfə “Mövsümün sonu” filmi ilə Hollandiyada Film Festivalında “Fipresci” mükafatını qazandıq. Festivalın rəsmi səhifəsi xəbəri ordan canlı paylaşdı, təbrik edənlər oldu. Altında nə yazılsa yaxşıdır? Adam gəlib komment yazıb ki, görəsən nə qədər pul verib o mükafatı alıblar? Təsəvvür edə bilirsinizmi? (gülür)

– İzləyicilərin fikri sizin üçün nə qədər önəmlidir?

– Siz elə bilirsiniz ki, izləyicilərin hamısı səmimidirlər? Sənin yerində olmaq istəyən, təhsili təhsilinə çatmayan, mədəni səviyyəsi səviyyənlə uyğunlaşmayan adamlar sosial şəbəkələrdə fikir yazır, əsəbiləşdirirlər. Onu qıcıqlandırırsan, bu müsahibəm belə kimisə qıcıqlandıracaq. “Əqrəb mövsümü” filmində ərinə xəyanət edən qadın idim. Hamı elə danışdı ki, elə bil ilk dəfə ərinə xəyanət edən qadın rolunu mən oynamışam və Azərbaycanda heç kəs elə bir adam görməyib. Hamımız bilirik, cəmiyyətdə nə qədər xəyanətlər olur. İstər qadın, istərsə də kişi xəyanət edir. Roldan çıxış edib, sənə təhqir yazan adamın səviyyəsi yoxdur. Təbii ki, tənqid edə bilər, amma savadlı tənqid. Sözü sözdən, məkanı məkandan ayırd edə bilməyən adam məni necə tənqid edə bilər?

– Festival filmləri bir dəfə ümumi baxışa təqdim olunur, onların çoxu itib-batır və tamaşaçıya gəlib çatmır, kommersiya filmləri isə olduqca bayağı alınır. Tamaşaçı “Azərbaycanda kino yoxdur” deməkdə haqlı deyilmi?

– Kommersiya filmləri də müəyyən müddətdə kinoteatrlarda göstərilir. Elə adamlar var ki, baxmadan da pisləyir. Amma baxıb sonra rəy bildirmək lazımdır.

Bilirsiniz, filmlərin festival dövrü var, festivallara gedir, ölkədən xaricdə nümayiş olunur. Bəzilərinin maliyyəsini başqa ölkə ayırır deyə o artıq bizim film sayılmır. Bizim aktyor çəkilə bilər, qapalı mərkəzlərdə nümayiş olunur. Amma sizinlə razıyam ki, festival filmləri ümumi nümayişə qoyulmur.

– Özünüzü hansında görürsünüz: teatr, film, yoxsa serial?

– Üçünü də sevirəm, üçündə də rahatam.

– Mütaliə edirsiniz?

– Mütaliəni çox sevirəm, vaxtikən çox mütliə etmişəm. Universitet və məktəb yoldaşlarım bunu çox yaxşı bilirlər. Yaradıcılığa başladığım dövrdə zamanımı mütaliə ilə keçirmişəm.

– Ən son oxuduğunuz əsər hansıdır?

– Paulo Koelyonun “Rio-Pyedranın sahilində oturdum və ağladım” və “On bir dəqiqə” əsərlərini oxumuşam.

– Müasir şairlər kimləri bəyənirsiniz?

– Ramiz Rövşən yaradıcılığının vurğunuyam, Orxan Bahadırsoyun şeirləri də xoşuma gəlir. Bəlkə də, mən sentimental ruhlu biriyəm ona görə belədir. Doğrudur, bunu çox büruza vermirəm, çünki bildirəndə insanlar səni zəif tərəfindən əzməyə çalışırlar. Buna görə də daha kəskin tərəflərimi göstərirəm.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir