Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatının tərəfdaşlığı ilə həyata keçirilən Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş “Milli musiqi” müsabiqəsi layihəsi yekunlaşıb.
Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatında keçirilən bağlanış tədbirində YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin muğam müəllimi Sevinc Sarıyeva, Azərbaycan Respublikasının Əməkdar artisti, xanəndə Elza Qayıbalıyeva, VI “Muğam televiziya müsabiqəsi”nin qalibi, Azərbaycan Televiziyasının solisti, gənc xanəndə Valid Abdullayev, layihə iştirakçıları və gənclər iştirak ediblər.
Bağlanış mərasimində YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, təşkilatımızın aktiv üzvü, layihə rəhbəri, gənc xanəndə Yusif Cəfərbəyli və “Böyük Qayıdış” Gənclər Təşkilatının proqram meneceri Orxan Bayramlı çıxış ediblər. Natiqlər öz çıxışlarında istedadlı gənclərin üzə çıxarılmasında bu kimi layihələrin əhəmiyyətindən, gənc nəslin muğama, xalq musiqisinə marağının artırılmasında rolundan danışıblar. Əlavə olunub ki, layihədə 16-29 yaş aralığında 25 nəfər gənc iştirak edib.
Çıxışlardan sonra layihənin yekun müsabiqə hissəsi baş tutub. Beləki layihə ərzində ustad dərslərində iştirak edən gənclər sonda müsabiqə mərhələsində praktiki olaraq öyrəndiklərini tətbiq ediblər. Münsiflərin səsverməsinə əsasən, Səid Hüseynov 1-ci yerə, Yeganə Məmmədova 2-ci yerə, Aytən Qurbanova 3-cü yerə layiq görülüb. Həmçinin digər iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı reallaşdır 2022” fərdi qrant müsabiqəsinin qalib layihələrindən biri olan bu layihənin əsas məqsədi gənc milli musiqi ifaçılarının ustad dərslərində və təlimlərdə iştirakını təmin edərək, bacarıqlarını inkişaf etdirmək və gənc istedadların üzə çıxmasına dəstək olmaqdır.
www.RIA24.az