Bu yurdun təbiəti kimi insanları da mənəvi cəhətdən rəngarəng və zəngindirlər. Bu yurdun insanları adət-ənənələrə sadiq, tarixi-mədəniyyətinə bağlıdırlar. Söhbət Şimal-Qərb qapımız Balakəndən gedir. Müxtəlif xalqların əsrlərdir birlik-bərabərlik şəraitində yaşadığı Balakənə hər yolu düşən bu birliyi, vəhdəti elə ilk andan hiss edə, görə bilər.
Bizim.media xəbər verir ki, bu birliyin, vəhdətin bir misalı da Dədə Qorqud yadigarı tamburun yaşadılması və inkişaf etdirilməsidir.
Balakən sakini Nizami Dabaxov son 30 ildə tamburu yaşadan, inkişaf etdirən bir el ozanı, el aşığı, el anasıdır.
Tarixdən gələn səs
Folklor xalqların şifahi və yazılı ədəbiyyatını, adət-ənənələrini, ululardan miras qalan və qorunub saxlanılan inanclarını, mətbəxini, musiqisini, xalq oyunlarını özündə birləşdirən, yaşadan və inkişaf etdirən bir mədəniyyət qoludur.
Bu mənada Balakən rayonunun kənd və qəsəbələrində folklor qrupları, el ozanları bu sahəni yaşadır və inkişaf etdirirlər. Rayonda 30 ildən çoxdur ki, tamburu sinəsinə sıxıb söz qoşan, el-obanı, qəhrəmanlarımızı vəsf edən Nizami Dabaxov isə ona nəinki sahib çıxıb, hətta yeniyetmə və gənclərdə bu milli alətə sevgi yaradıb.
Qızların tambura marağı sevindirici və qürurvericidir.
İllərdir rayonda tambur ifaçısı kimi tanınan, respublika müsabiqələrinin iştirakçısı Nizami Dabaxov deyir ki, mədəniyyətimiz nə qədər inkişaf etsə belə, tambura sevgi qalır. Hətta gənclər xüsusən son dövrlər qızlar deyişmələrə can atır, öyrənir. Nizami Dabaxov yeniyetmələrdən ibarət yeni folklor qrup təşkil etdiyini və onlarla mütəmadi görüşərək məşq etdiklərini bildirir. Folklor qrupun üzvləri tamburda ifa edib, söz qoşmaqla yanaşı həm də milli rəqslərə yeni düzən verirlər.
Folklorun bu qolu araşdırılmalıdır
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Şəfəq Hacıyeva uzun illərdir ki, bu yurdun folklorunu öyrənib-araşdırmaqla məşğuldur. O, Nizami Dabaxovla Balakəni qarşı-qarış gəzib həm bu el sənətkarının bəstə və ifalarını araşdırıb, həm də yaradıcı gəncləri Nizami məktəbinə cəlb edib. Mədəniyyətimizin təbliği və inkişaf yolunda yorulmadan çalışan bu kollektivin üzvləri tez-tez bir araya gəlib, həm yeni qrupun formalaşması istiqamətində məşqlər edir, həm də yeni bayatılar üzərində kompozisiyalar qurur.
Məqsəd Dədə Qorqud yadigarı olan tamburu balakənli Nizami Dabaxovun simasında bölgə və respublika miqyaslı festival və sərgilərdə tanıtmaq, sevdirməkdir.
www.RIA24.az