“Əbədi sükut dünyası – Labirint” muzeyindən FOTOREPORTAJ

Mədəniyyət


“Əbədi sükut dünyası – Labirint” muzeyində arxeoloji qazıntılar zamanı tapılan bütün mədəniyyət abidələri aşkar edildikləri yerdə saxlanılır.

Şəkinin Fazıl kəndi ərazisində yerləşən bu muzeydə aşkar edilən əşyalar eramızdan əvvəl 3-cü və 4-cü minilliyə aiddir. Yerli arxeoloji dəstənin rəhbəri Nəsib Muxtarovun sözlərinə görə, muzeyin nadir eksponatları arasında şahin başlı Misir ilahəsini xatırladan əşyalar var. Qəbirlərdən tapılan qablar heç yerdə təkrarlanmır. Ritual qəbirlərdə kökü kəsilən heyvanların sümüklərinə də rast gəlmək mümkündür.

“Əbədi sükut dünyası” adlandırılan yeraltı muzey-labirint 1996-cı ildə Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəkidə fəaliyyət göstərən əməkdaşları tərəfindən ərsəyə gətirilib.

Belə ki, 1984-cü ildə Fazıl kəndinin Təpəbaşı adlandırılan hissəsində böyük nekropolun olduğu qeydə alınıb. Tarixi əhəmiyyət daşıyan abidənin yerləşdiyi ərazidən torpaq karxanası kimi istifadə olunduğundan, demək olar ki, abidə dağılıb, yox olmaq təhlükəsi ilə üzləşib.

Həmin dövrdə Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki qrupu ərazidə, ümumilikdə, Fazıl kəndində arxeoloji kəşfiyyat, qazıntı işləri aparıb və əlavə olaraq, 4 arxeoloji abidəni – Yoncalı, Seyvanlı-Söyüdlü, Böyük düz, Eymir qalasını aşkar edib.

“Əbədi sükut dünyası – Labirint” yer altında ekspozisiyalarla birgə 150 kvadratmetrinə qədər ərazini əhatə edir. Labirintin giriş və çıxış qapıları ayrı-ayrıdır.

Labirintdə aşkar olunmuş qəbirlər və onlara aparan yollar bütövlükdə kərpic tağla örtülüb. Burada qəbirlər böyük-kiçikliyindən, dərinliyindən asılı olmayaraq tapıldığı yerdəcə nümayiş etdirilir. Yerin altından tapılmış digər 11 ekspozisiyadan 5-i divarlarda, 5-i ayrı-ayrı yerlərdə, biri isə aşkar olunduğu yerdə – dəhlizdə, nümayiş etdirilir.

Burada, dəfn adətlərində bəzi yeniliklər müşahidə edilir, hələlik dünyada analoqu olmayan gil qadın heykəlləri (bütlər) aşkar edilib. Yaloylutəpə mədəniyyətinin lokal variantı, ellinizm elementləri var. Labirint Azərbaycan tarixinin Qafqaz Albaniyası dövrünü əhatə etməklə Yaloylutəpə mədəniyyətinin xronologiyasını bir qədər də dərinləşdirir. Azərbaycan tarixinin eradan əvvəl I minilliyin I yarısından bizim eranın I minilliyinin I rübünə qədər olan dövrünü əhatə edir. Lakin bu, hələlik güman edilən intervaldır.

PhotoStock.az-ın “Əbədi sükut dünyası – Labirint” yeraltı muzeyindən fotoreportajını təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir