Bu gün Şəki Şəhəri Günüdür.
Oxu.Az xatırladır ki, 2019-cu ildə Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunması ilə bağlı sertifikatın təqdimolunma mərasimi 2021-ci il iyulun 7-də keçirildiyindən Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən hər il 7 iyul tarixinin Şəkidə “Şəhər Günü” kimi qeyd edilməsi qərarlaşdırılıb.
Qeyd edək ki, xanlar, bəylər diyarı, öz məzəli əhvalatları ilə məşhur olan Şəkinin ərazisi 2,43 min kv/km-dir. Ölkənin şimal-qərbində, Böyük Qafqaz dağlarının cənub yamacında, dəniz səviyyəsindən 632 metr yüksəklikdə yerləşir.
Qədim müəlliflərdən biri olan Ptolomey Alban şəhərləri içərisində “Niqa” adlı yaşayış məntəqəsinin olduğunu qeyd edib. A.Bakıxanovun yazdığına görə isə, Nuxa şəhəri yerinin vəziyyətinə görə həmin Naxiya və Naciya şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayılırdı.
Qədim adı Nuxa olan şəhər sovet hakimiyyəti dövründə, daha dəqiq desək, 1968-ci ildən Şəki adlanmağa başlayıb.
www.RIA24.az