Bəy ailəsində doğulsa da kimsəsiz böyüdü, Cəfər Cabbarlı ilə sinif yoldaşı oldu – Kinomuzun Rüstəm bəyi…

Mədəniyyət

Bu gün Xalq artisti Ağasadıq Gəraybəylinin anım günüdür.

ria24.az kulis.az-a istinadən onun haqqında maraqlı faktları təqdim edir.

Ağasadıq Ağaəli oğlu Gəraybəyli 15 mart 1897-ci ildə, Novruz bayramı qabağı Şamaxıda bəy ailəsində anadan olub. Atasını erkən itirib. Şamaxı zəlzələsindən sonra Bakıya köçüb. Əlisəttar adlı bir kişi onun kimsəsiz olduğunu bilib öz himayəsinə götürüb. Orta məktəb illərində Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub.

Qardaşı Ağayar Hüseyn Ərəblinskinin truppasında rejissor işləyib. Tamaşa zamanı qadın rolunun ifaçısı xəstələndiyi üçün Ağayar həmin rola on beş yaşlı Ağasadığı aparır. Ağasadıq ilk dəfə səhnəyə qadın paltarında çıxır. Tamaşa zamanı səhnədə Ərəblinskinin ağladığını görəndə o, da dözmür və səhnədən qaçır.

Bir neçə il sonra isə Ağasadıq “Şəfa” teatr dərnəyini yaradır. Milyonçu Hacı Zeynalabdin Tağıyev dərnəyin işini o qədər çox bəyənir ki, aktyorların hamısını qızılla mükafatlandırır.

72 illik yaradıcılıq ömründə 200-dən artıq obraz canlandıran Ağasadıq Gəraybəyli Nəriman Nərimanovun “Nadir şah”, Üzeyir Hacıbəyovun “Arşın mal alan”, Cəfər Cabbarlının “Sevil”, “Od gəlini”, “1905-ci ildə”, sonralar “Vaqif”, “Həyat”, “On ikinci gecə”, “Xanlar” və s. tamaşalarda rol alıb.

Ağasadıq Gəraybəylini ilk dəfə filmə Cəfər Cabbarlı dəvət edib. İlk səssiz filmlərimizdən biri olan “Sevil” filmində ona Balaş rolunu təqdim edib. “Bəxtiyar”” filmində klub müdiri Ağabala, “O olmasın, bu olsun” filmində Rüstəm bəy obrazı aktyora böyük məşhurluq gətirib.

Aktyorun sonuncu rolu “Xurşidbanu Natəvan” tamaşasında yaşlı knyaz obrazı olub. Rolunu o qədər mükəmməl oynayır ki, həmkarlarının çoxu, eləcə də tamaşaçılar hiss etməyiblər ki, 92 yaşlı aktyorun gözləri görmür.

1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayıb. Burada Bülbüllə, xalq yazıçısı Mirzə İbrahimovla, xalq şairi Süleyman Rüstəmlə qonşu olub. 1988-ci il dekabrın 5-də Bakı şəhərində vəfat edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir