Bu il martın 18-dən Azərbaycanda yerli turistlərin Şuşa şəhərinə səfərlərinin reallaşdırılmasına başlanılıb.
2 və 3 günlük turlarda Şuşada hoteldə gecələmə ilə Füzuli şəhərinin mərkəzindəki şəhər dağıntıları, ilk şəhid abidəsinin ziyarəti, Cıdır düzü, “Vaqif” məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev muzeyi, Yuxarı Gövhər Ağa məscidi, “Güllələnmiş Heykəllər” meydanı, Şuşa qalası, Şuşanın “Gəncə” qapıları və “Xarı Bülbül” simvolu, Qazançı kilsəsi, Şuşa “Realnıy” Məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı təqdim olunur.
Avtobusla transfer, hoteldə yerləşmə, səhər yeməyi və bələdçi müşayiəti xidməti daxil olmaqla 2 günlük turlar bir gün gecələmə ilə 215 manata, 3 günlük turlar isə iki gün gecələmə ilə 370 manata başa gəlir.
Layihə “Böyük Qayıdış” siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir.
Bəs Şuşaya turist kimi gedən varmı?
Bu məsələdə Dövlət Turizm Agentliyinin tərəfdaşı olan “Summer Tour Azerbaijan” şirkətində deyiblər ki, indiyə qədər Şuşa şəhərinə 15 turizm məqsədli səfər təşkil edilib, 696 turistin səfəri baş tutub.
“Səfərdə yalnız 18 yaşdan yuxarı ölkə vətəndaşları iştirak edə bilərlər. İnsanlar əraziyə yalnız tur üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsində daxil ola bilərlər. Alınmış icazə yalnız cari tur və onun tarixləri üçün keçərli olur. Növbəti tura yenidən icazə alınması üçün müraciət edilir.
Səfərlərdə iştirak edən bələdçi və sürücülər xüsusi təlimlərdən keçiblər. Subagentlərin istifadəsinə verilmiş Şuşa üçün xüsusi yaradılmış veb səhifəyə maarifləndirici videolar, qadağalar və davranış qaydaları yüklənib.
Vətəndaşlarımız ümumilikdə işğaldan azad olunan bütün əraziləri görməyi, səfər etməyi arzulayırlar”, – deyə məlumatda qeyd olunub.
www.RIA24.az