Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri iyulun 13-də şairin doğma şəhərində – Qazaxın Yuxarı Salahlı kəndində Vaqifin büstünə gül qoyulmaqla başlayıb.
Oxu.Az xəbər verir ki, sonra mədəniyyət və incəsənət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazıçılar və şairlər Qazax şəhərinin mərkəzindəki “Mütəfəkkirlər parkı”nda toplaşıblar.
Çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov Vaqif Poeziya Günlərinin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Şuşa işğaldan azad olunandan sonra dövlət başçımızın ilk sərəncamlarından biri Şuşada həm “Xarıbülbül” festivalının, həm Vaqif Poeziya Günlərinin keçirilməsi oldu. 2021-ci ildən başlayaraq hər iki layihə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir.
O qeyd edib ki, Vaqif Qazaxda dünyaya göz açsa da, Şuşada məşhurlaşıb və orada dəfn olunub. Qazaxda start götürən Vaqif Poeziya Günləri iyulun 14-15-də mədəniyyət paytaxtımız Şuşada davam edəcək.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxışında deyib ki, Şuşa azad olunandan sonra artıq 3-cü ildir Vaqif Poeziya Günləri keçirilir:
“Hələ sovet dövründə Vaqif Poeziya Günləri Vaqifin vətənində – Qazaxda start götürürdü, Şuşada davam edirdi. Bu il qərar belə oldu ki, poeziya günləri ənənəyə uyğun olaraq Qazaxda başlasın. Bu gün artıq layihəyə start verilib”.
Ədəbiyyatşünas Rüstəm Kamal çıxışında qeyd edib ki, Vaqif yazılı ədəbiyyatımızın milli etnik kodlarla köklənməsində və poeziyamızda xalqımızın öz obrazının yaradılmasında müstəsna rolu olmuş şairdir. Vaqif başdan-ayağa işıq poeziyasıdır. Onun şeirlərində ən çox mənalanan, ən çox hallanan, ən çox diqqət çəkən nur, işıq, şölə sözləridir.
“Dövlətimizin başçısı İlham Əliyev və Heydər Əliyev Fondu bizim mədəniyyətimizi, ədəbiyyatımızı klassiklərimizi himayə edir. Onların yenidən milli yaddaşımıza qayıtmasında böyük rol oynayır. Bir ziyalı kimi ölkə rəhbərliyinə təşəkkür edirəm”, – deyə o, əlavə edib.
Şair-publisist Əkbər Qoşalı bildirib ki, sabah Vaqifin vətənindən – Qazaxdan Şuşaya yola düşəcək, orada poeziya günlərində iştirak edəcəklər. Bu tədbirin həm də türk dünyasının mədəniyyət paytaxtında türk dünyasından gəlmiş şair və yazıçıların iştirakı ilə keçirilməsi mühüm hadisədir.
Şair İbrahim İlyaslı da Vaqifin Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən, onun yaradıcılığının ədəbiyyatımıza bəxş etdiyi zənginliklərdən danışıb.
Daha sonra söz şairlərə və aşıqlara verilib, Molla Pənah Vaqifin qəzəlləri səslənib.
www.RIA24.az