“Azərbaycanda radioyayım sahəsinin inkişafı çox vacibdir. Yerli radioların yayım keyfiyyətinin yüksəldilməsi, maraqlı radioverilişlərin hazırlanması, bu sahəyə diqqətin ayrılması lazımdır. Ölkə başçısının sərəncamı ilə ayrılan vəsaitin düzgün xərclənməsi faydalı olacaq”.
Bu fikirləri Oxu.Az-a Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas Azərbaycan ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında danışarkən deyib. Deputat qeyd edib ki, radioyayım şəbəkəsinin Azərbaycanın bütün ərazisini əhatə etməsi önəmlidir:
“Biz Bakıdan kənara çıxan kimi Azərbaycan radiolarının bağlantısı zəifləyir. Əvəzində isə İran radiolarının səsini eşidirik. Hətta cənub bölgələrində İran radiokanalları çox aydın dinlənilir. Bunun qarşısını almalıyıq. Milli radiokanalların əhatə dairəsi genişləndirilməli, paralel olaraq, İran radiolarının yayım dalğaları qırılmalıdır. Ümumiyyətlə, heç bir dövlətin radioları icazəsiz şəkildə Azərbaycanın yayım şəbəkəsinə soxulmamalıdır.
Radiotezliklərin sayının çox olması o qədər də vacib deyil. Əsas məsələ keyfiyyətdir. İxtisaslaşmış radio kanallarının formalaşdırılmasına ehtiyac var. Məsələn, musiqilər üçün ayrıca, siyasi mövzuda müzakirələr üçün ayrıca, ictimai-siyasi mövzularda verilişlər hazırlayan radiotezliklər isə ayrıca fəaliyyət göstərməlidir. Hər kanalda hər şeyi yayımlamaq doğru olmaz”.
Deputat, xüsusilə, Naxçıvanda kütləvi informasiya vasitələrinin, radio və televiziya kanallarının yüksək səviyyədə fəaliyyət göstərməsinin tərəfdarıdır:
“Mən bir neçə dəfə Milli Məclisdə çıxışımda da vurğulamışam ki, Naxçıvanda kütləvi informasiya vasitələrinin, televiziya kanallarının, radioların inkişafına, onların peykə qoşulmasına böyük ehtiyac var. Naxçıvan üç ölkə ilə sərhəddir. Naxçıvan televiziyasını Bakıda izləməliyik. Eyni zamanda, Gəncənin də televiziyasının peykə qoşulmasına ehtiyac var. Naxçıvanda radionun inkişafı siyasi baxımdan da çox əhəmiyyətli olacaq. Orada elə güclü radiotezliklər olmalıdır ki, Ermənistan da dinləsin”.
Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 24-də Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, bu sahəyə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 13,7 milyon (on üç milyon yeddi yüz min) manat vəsait ayrılıb.
Aysel Aslan
www.RIA24.az