ABŞ-nin əsas televiziya mükafatı olan “Emmy”nin 75-ci mərasimi son 22 ildə ilk dəfə olaraq təxirə salınıb.
Mərasimin təşkilatçıları bununla bağlı bəyanat yayıblar.
Bildirilir ki, qərara səbəb ABŞ Kino Aktyorları Gildiyasının tətilləri olub. Yubiley mərasimi sentyabrın 18-də keçirilməli idi, lakin indi qeyri-müəyyən müddətə təxirə salınıb.
“Sənayenin bir hissəsi kimi, biz də ümid edirik ki, hazırkı Gildiya danışıqlarla bütün tərəflər üçün ədalətli və vaxtında həll tapacaq”, – deyə mükafat təşkilatçılarının bəyanatında vurğulanıb.
Qeyd edək ki, sonuncu dəfə mükafatın verilməsi 2001-ci ildə 11 sentyabr hücumlarından sonra təxirə salınıb. Həmin vaxt mərasim terror hadisəsindən iki ay sonra – noyabrda baş tutub.
“Emmy” Beynəlxalq Televiziya Mükafatı 1949-cu ildən mövcuddur. O, “Oskar”ın, “Grammy” musiqi mükafatının və “Tony” teatr mükafatının televiziya ekvivalenti hesab olunur.
Mənbə: Variety
www.RIA24.az