“Ötən gün yenidən möhtəşəm duet ərsəyə gəldi”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova deyib.
Xatırladaq ki, ötən gün Azərbaycanda keçirilən Özbəkistanın mədəniyyət günlərində maraqlı anlar yaşanıb. Özbəkistandan gələn nümayəndə heyətinin şərəfinə verilən ziyafət zamanı Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekovla duet oxuyub. Onların bu ifası maraqla qarşılanıb.
Xalq artisti Özbəkistan mədəniyyət naziri ilə bir neçə il öncədən tanışlığının olduğunu vurğulayıb:
“Özbəkistana hər təşrifimizdə şəxsən özü bizi qəbul edir. Hər zaman öz sevgilərini diləyib. Onun ifalarını hər zaman dinləyirəm. Onun özü də Xalq artistidir. Çox gözəl bəstələri, ifaları var. Sevənləri çoxdur. Onun bir ifası mənə çox təsir etdi. Həmin mahnının adı “Məni sevib, qalsaydın” idi. Şəxsən özünə oxumaq istədiyimi bildirdim. O da razılıq verdi.
Dövlət başçılarımızın Səmərqənd toplanışında da ifa etdim. Sonra duet oxuduq. Klip də çəkildi. Ötən ay doğum günümə hədiyyə olaraq verildi”.
G.Məmmədova ötən gün baş verən duetdən bəhs edib:
“Bu günlərdə Azərbaycanda Özbəkistan mədəniyyət günləri keçirilir. Çox gözəl konsert proqramları olur. Özbəkistandan gələn orkestr ilə Tofiq Quliyevin bir mahnısını ifa etdim. Çox böyük alqışla qarşıladılar.
Dünən axşam ziyafət verildi. Biz qonaq qismində dəvət olunmuşduq. Çünki mən iki dövlətin Xalq artistiyəm. Orada bir neçə özbək mahnısını ifa etdim. Daha sonra nazirin oxuduğu mahnını oxudum. O da qoşuldu. Dünən axşam möhtəşəm duet ərsəyə gəldi.
Həm bizim, həm Özbəkistanın mədəniyyət naziri çox səmimidirlər. Öz nazirimizi yaxından tanıdım. Uğurlar arzu edirəm. Mənim çıxışlarıma görə, təşəkkür etdi, razı qaldığını bildirdi. Dedim ki, “bu mənim borcumdur, hər iki dövlət Xalq artisti olmağımdan şərəf duyuram”.
Qeyd edək ki, Azərbaycan müğənnisi, yüksək dərəcəli vokalist Gülyanaq Məmmədova 1998-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 2014-cü il dekabrın 18-də “Azərbaycan Respublikasının Xalq artisti”, 2022-ci il avqustun 8-də “Özbəkistan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb. 2012-ci il mayın 9-da Prezident Mükafatına da layiq görülüb.
Nəzrin Vahid
www.RIA24.az