Azərbaycanın Xalq artisti, tanınmış kinoaktyor Rasim Balayev Naxçıvanda keçirilən “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsinə telefonla qoşulub və öz arzularını bildirib.
Düşərgə iştirakçılarını salamlayan Xalq artisti bildirib ki, Heydər Əliyev Fondu ilə Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi çox gözəl ideyadır:
“Xaricdə yaşayan gənc soydaşlarımızın “Heydər Əliyev İli”ndə Azərbaycanın qədim torpağı olan Naxçıvana gəlişini alqışlayıram. Həm dahi şəxsiyyətin 100 illik yubileyini qeyd edir, həm də onun doğulduğu, böyüyüb boya-başa çatdığı yurdumuzla tanış olurlar. Heydər Əliyev bütün sahələrə olduğu kimi, sənət dünyasına da böyük diqqət göstərirdi. Həmişə Azərbaycan incəsənətinə, mədəniyyətinə, kino, teatr sənətinə böyük maraqla yanaşırdı. Ümumiyyətlə, Azərbaycan incəsənətinin və mədəniyyətinin inkişaf etdirilməsində xüsusi rolu olub”.
Rasim Balayev deyib ki, Naxçıvan onun üçün çox əziz yerdir:
“İlk əsas rol aldığım “Nəsimi” bədii filmi Naxçıvanda çəkilib. Elə ilk uğurum da Naxçıvanda çəkilmiş “Nəsimi” filmi ilə başlayıb. Sonra “Babək” və digər filmləri də Naxçıvanda çəkmişik. Bu filmlər Azərbaycan kinosunun incilərindən sayılır. Çox şükür ki, mən bu filmlərə çəkilmişəm. Naxçıvan əhalisinin bu filmlərin çəkilişinə yardım etməsi, hər gün çəkilişləri maraqla izləməsi yaxşı yadımdadır. Naxçıvan tarixi yerdir, təsadüfi deyil ki, bu qədim torpaqlardan başda Heydər Əliyev olmaqla görkəmli şəxsiyyətlər çıxıb”.
Xalq artisti qeyd edib ki, çəkildiyi tarixi filmlərin IV Yay Düşərgəsində diaspor gənclərinə nümayiş etdirilməsi xəbəri onu çox sevindirir:
“Mən gənclərimizi səmimi-qəlbdən salamlayıram. Xaricə qayıtdıqdan sonra Naxçıvanda öyrəndiklərini, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əldə etdiyi qələbənin önəmini, Azərbaycan dövlətinin sülhsevər siyasətini və tarixi həqiqətləri yaşadıqları ölkələrin ictimaiyyətinə dürüstcəsinə çatdırmağı diaspor gənclərinə tövsiyə edirəm”.
Düşərgə iştirakçıları Rasim Balayevi alqışlayıb, ona təşəkkürlərini bildiriblər.
www.RIA24.az