“Yazıçı mütləq savadlı olmalıdır” – MÜSAHİBƏ + FOTO

Mədəniyyət


İstedad elə bir şeydir ki, ya var, ya da yox. Onu qazanmaq, pulla almaq, borca götürmək olmur. İstedad tanrı tərəfindən ruha üfürülür və yaradıcı adam onu özüylə birgə böyüdür. Bəzən tanrı bir adamda iki yaradıcı ruhu birləşdirir. Müsahibim Lalə Umud da özündə rəssamlıqla yazıçılığı birləşdirən bir xanımdır. 

“Kaspi” qəzetinin əməkdaşı yazıçı Lalə Umuddan müsahibə alıb.

“Ədəbiyyat başqadır, mən buna çox ciddi yanaşıram”

Yaradıcılığa rəssamlıqla başlayan Lalə xanım bunu heç yerdə öyrənmədiyini deyir: “Sevirdim, çəkirdim. Amma yazmaq bir qədər başqa cür oldu. İxtisasca filoloq, linqvistəm. Həmişə yazmaq istəyi olub məndə, yazmışam da. Amma heç vaxt üzə çıxarmamışam. Sanki daxıla yığırmış kimi yazıb yığırdım. İtalyan dilindən sinxron tərcüməçi olduğuma görə ölkələri gəzirdim, gördüklərimdən ilhamlanır, qeydlər aparırdım. Eyni zamanda da, çəkirdim.

Yəni, iki yaradıcı qol bir çay kimi məndə paralel axırdı. Bir gün bəstəkar Gövhər Həsənzadə mənim rəsmlərimi gördü və sərgi keçirmək üçün təkid etdi. Əvvəl tərəddüd etsəm də, razılaşdım. İlk sərgim 2019-cu ildə oldu. Rəsmlərim bəyənildi və məni Rəssamlar İttifaqına üzv qəbul etdilər. Çox rahat rəsm çəkir, tənqiddən qorxmurdum. Fikirləşirdim irad olsa, deyəcəyəm, özüm öyrənmişəm, bəyəndiyimi çəkirəm. Amma ədəbiyyat başqadır. Buna çox ciddi yanaşıram. Yazmaq məndə daha çox Abşerondakı uşaqlıq xatirələrimlə bağlıdır. Uşaqkən hamı oynayanda mən nənəmin adətlərdən, həyatdan söhbətlərinə qulaq asırdım. Bu, daha maraqlı idi”. 

“Ruhum, qəlbim uşaqdır”

“Düşüncələrim, həyatım, qərarlarım böyüklərə xas olsa da, ruhum, qəlbim uşaqdır”, – deyir yazıçı: “Uşaq hekayələrini oğlum balaca olanda başladım yazmağa. Onun üçün “Kartoşkin və Yojkin”  (“Kartof və Kirpi”) qəhrəmanlarını fikirləşdim. Həmin qəhrəmanların diliylə dostluq münasibətlərini yazmağa başladım. Nağıllarımda gah mən Kartoşkin olurdum, oğlum Yojkin, gah da tərsinə. Amma uşaqlar üçün yazmaq çox çətindir. Böyüklər üçün yazılan əsər ancaq bir oxucunun gözündən keçir.

Oxuyur, ya bəyənir, ya bəyənmir. Amma uşaqların senzurası çox ağırdır. Nağıl üç mərhələdən keçməlidir. Nənə-baba oxuyur, sonra ana-ata oxuyur, onlar bəyənsə, artıq uşaq da oxuyur. Bəzən uşaq ədəbiyyatını kiçildirlər. Ümumiyyətlə götürsək, 16-17-ci əsrlərdə nağılı böyüklər üçün yazıblar. Anderson, Şarl Perro və digərləri uşaq yazıçısı kimi tanınsalar da, əslində, onların yazdığı nağıllar uşaqlar üçün deyildi. “Zoluşka”, “Qırmızı papaq”, “Yatmış gözəl” nağılları da böyüklər üçündür. Sovet vaxtı onları bizə uyğun uşaq mətninə çeviriblər. Mən Kopenhagendə olanda danışırdılar ki, sağlığında Andersona heykəl qoyublar: Oturub, qarşısında da uşaqlar var. Yazıçı bunu görən kimi rədd edib, çünki o, uşaq yazıçısı olduğunu qəbul etmirdi. Yazıçı Danil Harms da eyniylə belə olub”. 

Uşaqların diqqətini cəlb etmək çətindir

Lalə xanım deyir ki, bizim nəsil çox çətin bir mərhələ keçdi: “Çünki, indi mövcud olmayan bir dövlətdə doğulduq, keçid dövrünü yaşadıq, müstəqil bir dövlət qurduq, indi isə birdən-birə super sivilizasiyaya düşdük.

Biz hər şeyi kitablardan oxuyurduq, günümüz kitabxanalarda keçirdi. Amma indi bir “kliklə” bütün informasiya gəlir gözünün qabağına. Dövr texnologiya dövrüdür və biz bununla necəsə ayaqlaşmalıyıq. Buna görə bizim “Çeburaşka”mız, “Qırmızı papağ”ımız indiki hiperkativ uşaqlara maraqlı deyil. Onlara içində nəsə yeni texnologiyalarla bağlı, indiki dinamik dövrlə səsləşən hekayələr lazımdır. Orada mütləq sevgi, dostluq olmalıdır. Yəni uşaqların diqqətini cəlb edə bilmək, həm də buna görə çətindir”. 

“Klassika həmişə dəbdədir”

Teatrı həddindən artıq çox sevən yazıçı deyir ki, bütün tamaşa premyeralarına gedir, həvəslə izləyir: “Dekonstruksiyaları, interpretasiyaları qətiyyən sevmirəm. O müəlliflər özləri yeni nəsə edə bilmirlər deyə, klassik əsərlərə bu cür toxunurlar. Mənim üçün “Albalı bağı” elə “Albalı bağı”dır. Qapqara səhnədə bir dənə baltanın qoyulmağını başa düşmürəm. İ

stəyirəm səhnədə Çexovun yazdığı pyesi görüm. Hansısa interpretasiyanı yox. “Yevgeni Onegin” tamaşasına yeni quruluşda baxdıq oğlumla. Dovşanlar tullananda dedi ki, mükəmməldir. Mənsə susdum, bunu qəbul edə bilmədim. Bilmirəm, bəlkə də bu dövrdə doğulsaydım, mənim də xoşuma gələrdi. Həmçinin, rəssamlıqda abstraktı qəbul etmirəm. Mənim üçün klassika həmişə dəbdədir”. 

“İndi hamı yazmaq istəyir”

“İndi hamı yazmaq istəyir”, – deyir yazıçı: “Mühəndis də, mühasib də, müəllim də yazır. Eybi yox, yazsınlar. Amma yazan adam həm istedadlı, həm də mütləq şəkildə savadlı olmalıdır. Dünyagörüşü, müxtəlif sahələrdə bilikləri, intellektual olmalıdır. Özü heç nə bilməyən, mütaliəsiz adam oxucuya nə öyrədəcək ki? Mən özüm də oxucuyam.

Düzdür, deyirlər ki, Mayakovskinin heç savadı olmayıb. Amma o dövr başqa idi. Yazıçı mətni, insanları hiss etməlidir. Çexov deyirdi ki, yazıçı peyğəmbərdir. Peyğəmbər isə gələcəyi deyəndir. Ona görə yazıçı mütləq savadlı olmalıdır”. 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir