“Qonorarların yığılmasından işbazlar, qeyri-peşəkarlar sui-istifadə edirlər”.
Bunu “Trend”ə açıqlamasında bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Eldar Mansurov deyib.
Onun sözlərinə görə, xarici ölkələrdə müəyyən təşkilatlar var ki, yaradıcı adamlara çatacaq qonorarı toplayıb, sahiblərinə çatdırırlar. Yəni bir bəstəkarın musiqisi haradasa – restoranlarda, əyləncə mərkəzlərində, konsert salonlarında, televiziya və radiolarda səslənirsə, ona görə həmin şəxsə mütləq qonorar yazılır və mütləq şəkildə də ödənilir.
“Onu da qeyd edim ki, yaradıcı şəxslərə belə münasibət özü də bir yüksək mədəniyyətdir. Hələ sovet dönəmində qonorarların yığılması ilə dövlət orqanı olan Müəllif Hüquqları Agentliyi məşğul olurdu, odur ki heç bir problem bu sahədə olmurdu. Müstəqilliyimiz əldə olandan sonra Müəllif hüququ sahəsində qanunvericiliyimiz dəyişildi və dünya praktikasına və beynəlxalq normalara uyğun olaraq qonorarların yığılması ictimai birliklər tərəfindən yığılmalı olması qanunvericiliyə daxil edildi. Elə bax bundan da işbazlar, qeyri-peşəkarlar sui-istifadə etməyə başladılar. Belə ki, vaxtilə bizdə də qonorar yığımı ilə məşğul olan İctimai Birlik adında bir qurum vardı. Həmin bu quruma yaradıcılığa aidiyyəti olmayan, kommersiya ilə məşğul olan adamlar rəhbərlik edirdilər. Düzünü deyim, mən də müəyyən bir vaxt həmin bu qurumun üzvü olmuşam, bir il ərzində musiqilərimin səslənməsinə görə verilən cüzi qonorarın məbləğini dilimə gətirməyə vallah utanıram. Sonralar isə eşitdim ki, bu qurum dağılıb”, – deyə o əlavə edib.
E.Mansurov qeyd edib ki, belə bir qurum müəlliflər tərəfindən yaradılıb idarə olunmalıdır. Artıq neçə illərdir ki, “Müəllif hüquqları uğrunda” İctimai Birlik adlanan təşkilat sırf peşəkar yaradıcılıqla məşğul olan bəstəkar və şairlərin qonorar yığımı ilə məşğul olur. Bu qurum dövlətin dəstəyi ilə fəaliyyət göstərir və səriştəli adamlar tərəfindən idarə olunur.
“Bu qurumun keçmişdəki təşkilatlardan fərqi ondadır ki, bu qurum artıq kommersantlar, monopolistlər tərəfindən yox, sırf yaradıcı adamların rəhbərliyi və nəzarəti altında fəaliyyət göstərir. Onu da qeyd edim ki, Əqli Mülkiyyət Agentliyinin müəllif qonorarlarının yığılmasında yaradıcı adamlar tərəfindən yaradılmış ictimai birliklərə göstərdiyi dəstək təqdirəlayiqdir. Onu da deyim ki, elə müəlliflər var ki, onların başqa dolanışıq mənbəyi yoxdur, məhz buna görə də agentlik belə cəmiyyətləri dəstəkləyir. Mən gənc həmkarlarımı da belə ictimai birliklərdə birləşməyə çağırıram”, – deyə Xalq artisti vurğulayıb.
www.RIA24.az