“Atam ad gününü keçirməyi xoşlamazdı. Yalnız yubiley olanda tədbir edərdi. Mən də atama oxşamışam, ad günü keçirməyi sevmirəm. Atam səhnədə elə bir obraz yaratdı ki, səsi gələn kimi hamının üzündə təbəssüm yaranır. Həyatda, evdə, ailədə ciddi idi. Tam fərqli bir insan idi. Atamı evdə deyib-gülən görməzdik. Amma onun sözlərinə biz gülürdük. O, ciddi bir söz deyirdi, biz isə gülürdük”.
Bizim.media xəbər verir ki, bu sözləri bu gün doğum günü olan “Şərəf” və “Şöhrət” ordenləri laureatı, Xalq artisti Səyavuş Aslanın oğlu Eldar Aslan qonaq olduğu “Sabahın xeyr, Azərbaycan!” verilişində deyib.
Mərhum sənətkarın oğlu atası ilə bağlı xatirələrindən söz açıb. Eldar bildirib ki, onun mənəvi atası Xalq artisti Yaşar Nuri olub:
“Atam məni uşaqlıq illərində çox qoruyurdu. Onun bütün qastrol səfərlərində iştirak etmişəm. Atam hara gedirdisə, məni də özü ilə aparırdı. Mənim ikinci atam Yaşar Nuri idi. Çünki, atam məni çox zaman Yaşar müəllimə tapşırırdı ki, ona bax. Yaşar müəllim də məni bulvara aparıb, gəzdirirdi. Üzərimdə onun zəhməti böyükdür. Qrim otağında çox zaman otururdum. Orada hamı atamın başına dolanırdı. Mən də fəxrlə oturub, Səyavuşun oğluyam deyirdim (gülür)”.
Anası aktrisa Ofeliya Aslanla atasının münasibətlərindən bəhs edən E.Aslan bildirib ki, valideynlərinin boşanmasına səbəb şayiələr və dedi-qodular olub:
“Atamla-anamın məhəbbəti hər insana örnək idi. Onların arasında olan sevgiyə hamı qibtə və paxıllıq edirdi. Atam və anam teatra gələndə qol-qola girib, gələrdilər. Maraqlı geyim tərzləri vardı. Bir-birinə qarşı böyük məhəbbət və qayğı vardı. Mən isə onlara baxıb, fəxr edirdim. Çox yaraşıqlı idilər. Hamı onlara baxıb, barmaqla göstərirdi.
Sonra da yayılan şayiələr və dedi-qodular böyük problemlər yaratdı. Deyirdilər ki, guya atam başqa qadınla görüşür, sağa-sola gedir. Onlar barədə qeybət edirdilər. Arxasınca danışırdılar. Anam atamı çox qısqanırdı. O, bu söhbətlərə dözə bilmirdi. Ona görə də aləm qarışdı bir-birinə. Valideynlərim elə bu söz-söhbətlərə görə, ayrıldılar.
Ayrılsalar da, onlar son nəfəslərinə qədər bir-birilərini sevirdilər. Son nəfəslərinə qədər də bir yerdə idilər. Sənətdə ayrıldılar, amma həyatda deyil. Valideynlərimin üstümdə çox böyük zəhmətləri var. İstəyirdilər ki, mən düz yolda olum, ali təhsil alım. Ona görə də, onlar ayrılmalarını çox ehtiyatla söylədilər.
O zaman Sevastopol şəhərində hərbi xidmətdə idim. Atam və anam mənə məktub yazıb, dedilər ki, həyat yolumuz alınmadı və ayrıldıq. Amma mən şok və stres yaşadım. Bunu biləndə onlar ayrı-ayrılıqda tez uçub gəldilər yanıma. Hədiyyələr aldılar ki, ürəyimi alsınlar.
Hərbi xidmətimi başa vurduqdan sonra gəlib gördüm ki, valideynlərim yenə də bir yerdədirlər. Onların yaşadıqları ev dördotaqlı idi. Yarısında atam, digər yarısında isə anam qalırdı. Ortadan qapını bağlayırdılar, guya ki, bunlar ayrılıblar. Onlar arasında heç küsülülük olmayıb. Anam atamdan 1985-ci ildə rəsmi şəkildə boşandı. Onların heç biri sonra ikinci dəfə ailə qurmadı”.
Qeyd edək ki, Ofeliya Aslan 18 may 2010-cu ildə 2 illik xəstəlikdən sonra 71 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. O, Yasamal qəbiristanlığında dəfn olunub. Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib, II Fəxri xiyabanda dəfn olunub. Onların oğlu Çingiz Aslanov isə bu il aprelin 6-da Yasamal qəbiristanlığında anasının yanında dəfn olunub.
www.RIA24.az