“Muğam kafedrasına müdir vəzifəsinə kənardan gəlməmişəm”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri vəzifəsinə təyin olunan Xalq artisti Mənsum İbrahimov deyib.
Muğam ifaçısı təyinatın onun üçün gözlənilən olduğunu qeyd edib:
“Öncə təbriklərə görə hər kəsə təşəkkür edirəm. Minnətdarlığımı bildirirəm. Onu qeyd etmək istəyirəm ki, Arif müəllim bizim hamımızın ağsaqqalıdır. O, konservatoriyada professor olaraq saxlanılıb. Çünki ona hər zaman ehtiyacımız var”.
M.İbrahimov Arif Babayevin yaşı və səhhətinə görə, vəzifədən özünün ayrıldığını qeyd edib:
“Mən 2012-ci ildən Muğam kafedrasında professor olaraq çalışıram. İşimiz budur. Vəzifəyə kənardan gəlməmişəm. Qanunauyğun haldır. Bu işləri əvvəldən görürdük. İfaçı yetişdirib, müsabiqələrə göndəririk. Əvvəldən bu işlərin içərisində olmuşam.
Arif müəllim yaşına və səhhətinə görə öz istəyi ilə vəzifədən ayrıldı. Onun məsləhəti və xeyir-duası ilə rəhbərlik mənə etimad göstərdi”.
Qeyd edək ki, Mənsum İbrahimov 1998-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 2005-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2010-cu ildə Azərbaycan Prezidentinin Sərəncamına əsasən, “Şöhrət” ordeni ilə təltif olunub.
30 dekabr 2020-ci ildə Azərbaycan milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif olunub. 10 mart 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalı ilə təltif olunub.
9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə və 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülüb. 1 may 2017-ci ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Nəzrin Vahid
www.RIA24.az