Azərbaycan Polşada keçirilən Beynəlxalq Musiqi Festivalında təmsil olunub – FOTO

Mədəniyyət


Polşanın Bıdqoşç şəhərində keçirilən Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan musiqisi gecəsi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, gecədə gənc ifaçılar Nisbət Sədrayeva və Hüseyn Məlikov tanınmış musiqiçilər Rövşən Qurbanov, Toğrul Əsədullayev, Vüsal Bayramov və Rafael İsgəndərovun müşayiəti ilə muğamlarımızdan nümunələr, xalq mahnıları və görkəmli bəstəkarlarımızın əsərlərindən parçalar səsləndiriblər.

Gecənin açılışında Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova və konsertin təşkil olunduğu Pomeraniya Filarmoniyasının direktorunun müavini Tsezari Nelkovski çıxış ediblər.

Səfir N.Qurbanova, ilk növbədə, gecənin təşkilində göstərdikləri dəstəyə görə Azərbaycan Mədəniyyət Nazirliyinə və Pomeraniya Filarmoniyasına təşəkkür edib. O, cari ilin bir sıra yubileylər ilə əlamətdar olduğunu – müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Demokratik Respublikasının 105, Azərbaycan teatrının 150, Azərbaycan kinematoqrafiyasının 125, müsəlman dünyasında ilk opera olan “Leyli və Məcnun” operasının 115 illiyinin qeyd olunduğunu söyləyib.

Çoxəsrlik Azərbaycan musiqisinin öz hüdudlarını aşaraq qlobal musiqi irsinin ayrılmaz hissəsinə çevrildiyini qeyd edən səfir, Azərbaycanın musiqi məbədi olan Şuşa şəhəri barədə izləyicilərə məlumat verib. Qeyd edib ki, Azərbaycanın demək olar, bütün tanınmış musiqiçiləri – xanəndələr, instrumental ifaçılar, bəstəkarlar “Şərqin Konservatoriyası” hesab olunan və 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olan Şuşa şəhərindəndir. O, Şuşanın həm də müsəlman Şərqində ilk operanın müəllifi olan görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin vətəni olduğunu vurğulayıb. Eyni zamanda, N.Qurbanova bəstəkarın doğulduğu Şuşa şəhərinin bu yaxınlarda Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalına ev sahibliyi etdiyini diqqətə çatdırıb.

N.Qurbanova Bıdqoşç musiqi festivalı tarixində ilk dəfə olaraq azərbaycanlı musiqiçilərin iştirakını böyük məmnuniyyət hissi ilə qeyd edib, konsert proqramında musiqiçilər tərəfindən səsləndiriləcək muğamlar barədə izləyicilərə məlumat verib. O, Azərbaycan muğam sənətinin UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına daxil edilməsi, Bakı, Şamaxı, Gəncə, Qarabağ muğam məktəbləri barədə danışıb.

Pomeraniya Filarmoniyasının direktorunun müavini T.Nelkovski çıxış edərək, Beynəlxalq Musiqi Günündə Azərbaycan musiqi gecəsinin təşkilindən məmnunluğunu bildirib. Ölkələrimiz arasında tarixən mövcud olmuş mədəni əlaqələrə diqqət çəkən T.Nelkovski Azərbaycanda memarlığın inkişafına polyak memarların töhfəsindən bəhs edib. Ədəbi və digər sahələrdə də ölkələrimiz arasında əlaqələrə toxunan direktor müavini təşkil olunan konsert gecəsinin bu əlaqələrin davamı olduğunu bildirib.

Altı yüzdən artıq tamaşaçının iştirak etdiyi konsert proqramının sonunda qonaqlara Azərbaycan şərabları, ölkəmizin ləziz mətbəxindən təamlar təqdim olunub.

Konsert çərçivəsində musiqiçilərimiz Polşa Televiziyasının Bıdqoşç bölməsinə müsahibə veriblər. Konsert polşalı musiqisevərlər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Bıdqoşç şəhərində 1963-cü ildən etibarən keçirilən musiqi festivalına Pomeraniya Filarmoniyası ev sahibliyi edir. Polşanın mədəni həyatında mühüm hadisə hesab olunan festival həm bu ölkədə, həm də onun hüdudlarından kənarda peşəkar musiqi dairələri arasında böyük nüfuza malikdir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir