Bu gün dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim, professor, ədəbiyyatşünas, tənqidçi və tərcüməçi Aida İmanquliyevanın doğum günüdür.
Oxu.Az xatırladır ki, Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi, Azərbaycan mətbuatının bünövrəsini qoyanlardan biri olmuş, “Bakı” və “Baku” qəzetinin baş redaktoru Nasir İmanquliyevin qızıdır.
Aida İmanquliyeva 1957-ci ildə Bakı şəhərindəki 132 nömrəli orta məktəbi qızıl medalla bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə qəbul olunub. 1962-ci ildə universiteti bitirəndən sonra bu təhsil müəssisəsinin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspirantı olub, həmçinin keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında təhsil alıb. 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlayıb. O, istedadı, zəhmətsevərliyi sayəsində kiçik elmi işçidən şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinədək yüksəlib.
1989-cu ildə Aida İmanquliyeva Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edib və çox keçmədən bu ixtisas üzrə professor adı alıb.
Üç fundamental monoqrafiyanın (“Mixail Nüaymə və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri”) və 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva, həmçinin Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru idi. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən “Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları” ixtisası üzrə müdafiə şurasının sədri olub. Azərbaycan şərqşünaslıq elmini keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda layiqincə təmsil edib.
Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrlar hazırlanmasına da böyük diqqət yetirirdi. Rəhbəri olduğu Ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilmişdi.
Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olan Aida İmanquliyeva uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxuyub. Eləcə də, Moskva, Bakı, Düşənbə, Hamburq, Kiyev, Sankt-Peterburq, Poltava, Tbilisi və digər şəhərlərdə keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış edib.
O, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1987-ci ildə filologiya elmləri doktoru olub.
Aida İmanquliyeva Arif Paşayevlə ailə həyatı qurub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın anasıdır.
Görkəmli professor 19 sentyabr 1992-ci ildə Bakı şəhərində vəfat edib.
www.RIA24.az