I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində Şuşa Bəyannaməsi qəbul olunub

Mədəniyyət


I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində Şuşa Bəyannaməsi qəbul olunub.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən I Türk Dünyası Mədəniyyət Forumunun iştirakçıları tərəfindən Şuşa Bəyannaməsi qəbul edilib.

Bəyannamədə qeyd olunur:

“1. Türk dünyasının ilk mədəniyyət forumuna dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bütün iştirakçılar adından təşəkkür edirik.

2. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, eləcə də Türk Dünyasının 2023-cü il üzrə mədəniyyət paytaxtı Şuşaya Böyük Qayıdışı və bu yolda sürətlə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini və mədəni mühitin canlandırılmasını alqışlayırıq.

3. 30 illik işğal dövründə, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində türk dünyası mədəni irsinin ayrılmaz tərkib hissəsi tarixi və mədəni abidələrin genişmiqyaslı dağıdılması, həmçinin, mədəni mülkiyyətin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi kimi ağır beynəlxalq humanitar hüquq pozuntularını qəti şəkildə pisləyir və bütün aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən bu məsələdə sərt mövqe tutulmasını tələb edirik.

4. Şuşada baş tutan diskussiyalar və geniş fikir mübadilələri çərçivəsində türk mədəniyyətinin dünəni, bu günü və sabahı nəzərə alaraq mövcud çağırışların birgə əməkdaşlıqda həlli üçün yeni mexanizmlərin yaranmasını dəstəkləyirik.

5. Türk dilləri və ədəbiyyatı vasitəsilə ortaq mədəni mövqeyimizin gücləndirilməsini zəruri hesab edir və bu irsin rəqəmsal mühitə transformasiyasını sürətləndirməyə çağırırıq.

6. I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində əldə edilmiş müsbət nəticəni nəzərə alaraq türk tarixi-mədəni irsinin araşdırılması, bərpası, mühafizəsi və təbliği sahəsində birgə fəaliyyət və ən yaxşı təcrübənin bölüşülməsinə xidmət edəcək türk dünyasının irs üzrə rəhbərlərinin şəbəkəsinin yaradılmasını alqışlayır və mütəmadi əsaslı platforma fəaliyyətinə başlamasını tövsiyə edirik.

7. Türk dünyasında mədəni marşrutlar proqramının təsis edilməsini və ilk mədəni marşrutun yaradılması təşəbbüsünü perspektivli ortaq layihə kimi yüksək qiymətləndirir və bütün maraqlı tərəfləri bu təşəbbüsün irəlilədilməsində fəal iştiraka çağırırıq.

8. Mədəniyyətin rəqəmsallaşması, habelə XXI əsrdə türk mədəniyyəti qarşısında duran çağırışlara cavab verən ortaq həlləri təşviq edirik və mədəniyyət sahəsindəki yaradıcı sənayelərin ortaq bazarların yaradılması üzrə müzakirələrin intensivləşməsini təklif edirik.

9. Azərbaycan Respublikasının təşəbbüsü ilə yaradılmış Türk Dünyası Mədəniyyət Forumu bütün əsas maraqlı tərəflərin təmsilçilərini bir araya gətirən mühüm universal platforma kimi uğurlu olduğunu qeyd edirik və Forumun iki ildən bir keçirilməsinə təklif edirik”.

Sonda tədbir iştirakçıları birlikdə xatirə şəkilləri çəkdiriblər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir