Həyatda bütün filmlərin mütləq gerçək həyatla bir bağlılığı olur. Əbəs yerə əksər filmlərin sonunda yazılmır ki “real həyat hekayələri əsasında lentə alınıb”. Təbii ki, yaşanmış hadisələrin səhnələşdirilməsi də asan olmur. Elə məşhur “Bəyin oğurlanması filmində” aktyorun da dediyi kimi – “Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də vacib”.
Qəliz tərəfi odur ki, “Azərbaycanfilm” kinostudiyasının həyətinə girəndə adamın ürəyi ağrıyır. Hələ biz bir köynək yad adamlarıq, ömrünü, gəncliyini bu kinostudiyada keçirən insanlar, aktyorlar necə üzülür, kim bilir… Qəlizdir ona görə ki, bir filmin ərsəyə gəlməsi üçün mütləq vəsait ayrılmalıdır. Pul isə yoxdur ki, yoxdur. Kinostudiyanın həyətində Cəfər Cabbarlının büstü də sanki carəsizcəsinə “əldən nə gəlir” deyərmişcəsinə əlləri qoynuna qoyub, dayanıb.
Vaxtilə gözəl filmlərin ərsəyə gəldiyi bu tarixi binadan içəri girərkən divarlarını uçuq-sökük görmək, kələ-kötür dəhlizi, yöndəmsiz, üzərinə qıfıl vurulan qapıları görəndə keyfiyyətli kinomuzun da məhz bu qıfıllı qapılar arxasında qaldığını başa düşürük.
Biz kinonun min dəfə danışılan və təəssüf ki, çıxış yolu tapılmayan problemlərini yenidən danışmaq istəməsək də, kino sahəsinin dirçəlməsi üçün cəhd edirik. Kinodan danışarkən sadalanan bəhanələr, mövzudan qaçan qurumlar çökməkdə olan kino sahəsinin ən mükəmməl aktyorlarıdır, desək çox da ağır olmaz ki? Necə deyərlər: “Ən böyük biclik düzlükdür”.
Filmlərimiz niyə xarici ölkələrə çıxa bilmir?
“Azərbaycanfilm” kinostudiyasının mətbuat katibi Ramil Ələkbərovla söhbət zamanı vaxtilə bu nəhəng binada 1500-2000 nəfərə yaxın kollektivin çalışdığını deyir:
“Dördmərtəbəli binada hazırda işçi sayı çox azdır, 50-60 nəfər olar, ya olmaz. Binada əsas fəaliyyətdə olan geyim və rekvizitlər bölməsi, texniki avadanlıqlar bölməsi, pirotexnika bölməsi, media və rəhbərlik bölmələridir. 100 il ərzində “Azərbaycanfilm” kinostudiyasında təxminən 300-ə yaxın tammetrajlı bədii film, 100-ə yaxın qısametrajlı bədii film, 1000-ə yaxın sənədli film çəkilib. Bir sıra incəsənət, idmana həsr edilən jurnallar olub. Bura çox böyük və zəngin mənbədir, arxivdir. Digər binada Film Fondumuz var ki, filmlər kinolentdən köçürülür və orada saxlanılır. Yenilənən, rəqəmsallaşdırılan filmlər “Azərbaycanfilm”in “Youtube” platformasındakı səhifəsində paylaşılaraq izləyici auditoriyasına çatdırılır. Sovet dövründə “Azərbaycanfilm” kinostudiyası yeganə qurum idi ki, həyata keçirdiyi layihələrə xərclənən vəsaiti artıqlaması ilə çıxarırdı. Çünki o vaxt Moskva bu filmləri alıb daha geniş auditoriyaya çatdırırdı. Biz filmi çəkirdik, təhvil verirdik. Bu gün isə biz çəkilən filmlərin başqa ölkələrdə kinoteatrlarda nümayişi üçün müqavilə bağlamalıyıq, onların auditoriyasına xitab edəcək mövzuları təhlil edib o istiqamətdə filmlər çəkməliyik. Bu isə fiziki olaraq mümkün deyil. Bu günə qədər çəkilən filmlər isə Mədəniyyət Nazirliyinin sifarişi və müəyyən mənada dəstəyi ilə həyata keçirilir. Ölkədə keyfiyyətli filmlərin çəkilməsi üçün yaxşı olardı ki mərkəzləşmiş qaydada büdcə toplansın. Daha sonra çəkilən filmlər müsabiqə yolu ilə seçilsin və ədalətli formada növbəli şəkildə seçilən filmlərin çəkilişinə həmin büdcədən vəsait ayrılsın. Düşünürəm aidiyyəti qurumlar bu mövzunu gerçəkləşdirsə, filmlərimizə yeni ruh gələcək”.
Söhbət əsnasında kinostudiyanın yeni binasının 2008-ci ildə açıldığını və filmlərin köçürülməsini təmin edən yeni cihazın alındığını öyrənirik. Lakin həmin cihaz bu yaxınlarda artıq xarab olduğu üçün köhnə filmlərin yenidən köçürülməsi prosesi də dayandırılıb. Cihazın qiyməti də, təmiri də kifayət qədər bahadır. Köhnə film arxivinin rəqəmsallaşdırılması üçün AzTV-yə dövlət büdcəsindən müəyyən vəsait ayrılıb və bu aparatın qat-qat daha funksionallısı alınıb.
Sanballı filmlərin çəkilməsi üçün aşağısı bir milyon manat vəsait lazımdır və bu məbləğ filmin mövzusuna görə dəyişir. Söhbət zamanı məsələn, Qarabağla bağlı filmlərin çəkilişində heyət çox olduğu üçün hər kəsin geyim və rekvizitlərlə təmin edilməsi çətin olduğu deyilir.
Üz tuturuq stol-stulların, ləvazimatların köhnəldiyi səliqəsiz otaqda da olsa, göz bəbəyi kimi qorunan geyim və rekvizitlərin saxlandığı otağa. O qədər nostalji yaşayırsan ki, ümid edirsən ki, yenidən bu “Qayınana”, “Sevil” kimi filmlərin müasir dövrə uyğunlaşdırılmış variantları çəkilə bilər. Niyə məhz “Qayınana” filmini dedim, çünki qarşısında dayandığım bu ağ, güzgülü kamod məhz o filmdə istifadə edilib. Bu şöbəyə cavabdeh şəxs isə 1980-ci illərdə filmlərdə quruluşçu rəssam kimi çalışmış Əziz Məmmədovdur.
Filmin hazırlanması bir neçə mərhələyə bölünür.
Kino-kostyumların saxlandığı otaqlardan nəm iyi ilə yanaşı naftalin qoxusu gəlir. Təbii ki, nəmişlik geyimlərin keyfiyyətinə təsir göstərməmiş olmaz. Yarısı süzülüb, yarısı cırılıb, amma o dövrün parçalarının keyfiyyəti yenə də özünü göstərir.
Əziz Məmmədov deyir ki, film sifariş verilən zaman 3 aya yaxın hazırlıq prosesi gedir, kollektiv toplanır:
“O vaxt film çəkiləndə limitli lent verilirdi. Əsasən uşaqlar və heyvanlarla çəkilən filmlərə bir neçə dubl artıq kadr hesablanırdı. Lenti ziyan etmək olmazdı. O vaxt rekvizitlərdən iki-iki hazırlanırdı, bəzən də biri orijinal olurdu, digəri onun imitasiyası olurdu. Hazırlıq prosesində kollektiv, rekvizitlər seçilir, aktyorların geyimləri dəqiqləşir, daha sonra filmin çəkilişlərinə başlanılır. Bu səbəbdən də heç vaxt çatışmazlıq olmayıb. Son dövrdə çəkilən tarixi film “Cavadxan” filmi olub. Bu filmin çəkilişinə 2 milyona yaxın vəsait xərclənib. Tarixi filmin çəkilməsi çətindir, çünki tarixi dövrə uyğun, səhnələrə, məzmuna uyğun məbləğ dəyişir. Tamaşaçını həmin dövrə aparmaq mütləqdir. Əsas geyimlər çox xərc tələb edir, çünki bir aktyor ən azı 4-5 geyim geyinir. Bizdə “Cavadxan”, “Sehrli Xalat” filmindən olan rekvizitlər və geyimlər saxlanılır. Xüsusilə diqqət çəkən “Sehrli xalat” filmindəki həmin xalatdır ki, o hazırda Film Fondunda qorunur”.
“Babək” filmində Babəkin ilk geyimi itmişdi.
“Filmlərin çəkilişi zamanı qəribə hadisələr də az olmayıb, – deyən Əziz Məmmədov əlavə edir ki, – Babəkin bir anda geyimi yoxa çıxdı”:
“Hər gün 2500-3000-ə yaxın aktyor seçimlərində iştirakçı olurdu. Film çəkilişinə başlayanda geyim tapmadıq. Digər səhnələri çəkdik və sonda əlimizin altında olan parçadan tez-bazar başqa geyim tikdik və səhnəni çəkdik. Çox çətinliklə, məsuliyyətlə ərsəyə gəldiyi üçün bu gün də həmin filmlərə sevə-sevə baxırlar. O vaxt 1200-2000 nəfəri əvəz etmək olmurdu, indi isə 300-400 nəfərlə çox yaxşı filmlər çəkmək olar. Amma təəssüf ki, bu gün filmlərimiz dramaturji baxımdan çox zəifdir. O vaxt film 90 dəqiqə olurdu, indi 120 dəqiqə çəkirlər. Sonra da kəsib doğrayırlar və zəncir qırılır. O vaxt rejissorlar saniyə ilə çəkirdi səhnəni. Həm montajda çətinlik olmurdu, həm də o vaxt lent idi deyə qənaət etmək lazım idi. Amma bütün hallarda filmin məzmunu da dağılmırdı.
Rekvizitlərdən ən yadda qalanlardan biri də bax, bu ağ rəngli güzgülü kamoddur. Onu ilk dəfə “Sevil” filmində istifadə ediblər. “Sevil” filmi isə 1970-ci ildə çəkilib. Daha sonra 1979-cu ilində “Qayınana” filmində də istifadə edilib. Ümumiyyətlə, sovet dövründən günümüzədək çəkilmiş filmlərdəki kostyumlar, əşyalar, digər rekvizitlərin hamısı gördüyünüz bu 3-4 otaqda saxlanılır. Bəzən film çəkilişləri üçün bizdən rekvizitləri götürürlər, amma sonra qaytarırlar. Hərdən qaytarılanda vəziyyəti yaxşı olmur, amma nə etmək olar”.
Kinostudyada çəkilişə yararlı pavilyonlar var, hazırda onlar televiziyalara icarəyə verilib.
Uçuq-sökük dəhliz bizi gətirib kinostudiyanın ən maraqlı yerlərindən biri olan səsləndirmə studiyasına çıxardı. İçəri girən kimi qulaqlarımız tutuldu sanki. İzolyasiya edilmiş otaqda bizi salamlayan səs isə səs rejissoru Mehman Nadirova aiddir.
Paslı darvaza, dəniz qumu, ayaqlar altında qalan qarın xışıltısı…
Mehman Nadirov deyir ki, səsləndirmə zamanı çətinlik çəkdiyimiz məqam aksentlər olur:
“Bir aktyor ən azı iki obrazı səsləndirə bilər, bu isə çox nadir hallarda olur. Səsləndirmə zamanı heyvan səslərindən ibarət bazamız var, əlavə səsləri, səs-küyü studiyada yarada bilirik. Amma obrazların səsləndirilməsi vaxtı səs ilə aktyorun dodaq hərəkəti üst-üstə düşməlidir. Buna görə bir səhnə bəlkə də 3-4 dəfə səsləndirilir və yığılır sistemə. Yekunda səs rejissorları ilə birlikdə onların içərisindən bir variant seçilir. Aktyorların sayı çox olanda buna vəsait çatdırmaq olmur. Ona görə də səsləndirmə məsələsində də çətinlik var. Məsəl üçün əgər 90 dəqiqəlik filmin səsləndirilməsinin bir dəqiqəsini 5 manatdan hesablasaq, 90 dəqiqə 500 manat edir. 2 aktyor səsləndirsə, o 500 manat onlar arasında bölünür. 5 aktyor da gəlsə, məbləğ dəyişmir. Ona görə də iki aktyor çalışır maksimum səslərini səlis idarə edib birgə filmi səsləndirsin.
Səsləndirmələrdə bəzən azyaşlı uşaq səslərində əziyyət çəkirik. Bəzən 40 yaşlı xanım azyaşlı qızın, məktəbli qızın obrazını səsləndirir. Ola bilər ki aktyor yaxşı oynayır, amma səsi obrazını uyğun deyil. Bu zaman rejissor aktyoru yox, səsi dəyişir. Səsləndirmə üçün başqa aktyor dəvət edilir və səs yenidən oxunur. Səsləndirmədən əlavə dublyaj da bu studiyada yazılır. Bir filmin səsləndirilməsi minimum 1-2 ay zaman ala bilir”.
Dəhlizlər bizi bütün bu əziyyətlərin yekununda sifarişin, yəni filmin sifarişçiyə təhvil-təslim olunduğu kino zala gətirdi. Bu gördüyünüz qırmızı divarların əhatəsində filmə baxış keçirilir, əgər qaneedilməyən məqam olmazsa film uğurla ərsəyə gəlmiş hesab olunur.
Ümumilikdə isə onu deyə bilərəm ki, həmsöhbətlərimin də sözlərindən başa düşülən odur ki bu gün Azərbaycanda yüksəkkeyfiyyətli filmin ərsəyə gəlməsi üçün canlı qüvvə və texniki təchizat kifayət qədər mövcuddur. Çatışmayan isə büdcədir. Ümid edirik ki, növbəti dəfə gələndə çəkiliş otaqlarında paralel olaraq bir neçə filmin çəkim proseslərinin getdiyinin şahidi olarıq…
Könül Cəfərli
www.RIA24.az