Rusiyanın Xalq artisti Emmanuil Vitorqan Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Oxu.Az xəbər verir ki, konsert proqramı üçün Azərbaycana gələn rusiyalı aktyor öncə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, ardından görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyub, Azərbaycanın görkəmli opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsini anıb.
Qeyd edək ki, bu gün rusiyalı aktyor Heydər Əliyev Sarayında saat 20:00-da “Həyat davam edir” adlı yeni yubiley monotamaşasını təqdim edəcək.
Vitorqanın bakılı tamaşaçılar önündə oynayacağı bu tamaşa onun mərhum həyat yoldaşı – 60 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişmiş Rusiyanın Xalq artisti Alla Balterə həsr olunub.
Rusiyanın teatr və kino aktyoru olan Emmanuil Vitorqan ekran əsərlərində parlaq obrazlar yaradıb. O bu gün də səhnədə və kinoda yeni koloritli, dərin məzmunlu yaradıcılığı ilə fərqlənən aktyorlardan biridir.
Tamaşaya biletləri Iticket.az saytında və şəhərimizin kassalarında əldə etmək olar.
www.RIA24.az