“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi (AJN) Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı mövzusuna həsr olunmuş “Nəsil ağacı” adlı sənədli filmin təqdimat mərasimini keçirib.
“Report” xəbər verir ki, filmdə Qərbi Azərbaycandan deportasiya edilən həmvətənlərimizdən, məşhur ailələr, ziyalılar və nəsillərdən bəhs olunur.
Film bir neçə ailənin hekayəsi timsalında hazırlanan ensiklopedik ekran əsəri olmaqla Qərbi Azərbaycanın qədim tarixi, etnoqrafiyası, mətbəxi, tanınmış şəxsiyyətləri və yaralı insan taleləri üzərində qurulub.
Filmdə vurğulanır ki, XX əsrdə hazırkı Ermənistan ərazisindən azərbaycanlı əhali 4 dəfə kütləvi deportasiyaya məruz qalıb. Bu deportasiyalar zamanı ümumilikdə bir milyondan artıq azərbaycanlı öz doğma yurdlarından didərgin düşərək qaçqın həyatı yaşamağa məhkum olunub. Buna baxmayaraq Qərbi azərbaycanlılar adət-ənənələrini qoruyub saxlayıb gələcək nəsillərə ötürürlər. Onların “Nəsil ağac”larının budaqları burada olsa da, kökləri Qərbi Azərbaycandadır. Onlar böyük faciələr, çətin günlər yaşasalar da, həmişə öz doğma torpaqlarına qayıdacaqları günü ümidlə gözləyirlər.
Filmin çəkilişləri Bakıda və xüsusilə Qərbi Azərbaycandan olan soydaşlarımızın vaxtilə öz yurdlarından ermənilər tərəfindən məcburi deportasiya olunandan sonra kompakt yaşamağa başladıqları Göygöl, Goranboy və Gəncə şəhərində lentə alınıb. Filmin ssenari müəllifi Ayaz Mirzəyev, prodüseri Elnur Niftəliyev, rejissoru Zəka Quliyev, operatoru Vüqar Şıxəliyev və montaj rejissoru Elmar Tariyeloğludur.
“Nəsil ağacı” filmi Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətənimizə qayıtmaq istəyirik” adlı sənədli film layihəsi çərçivəsində hazırlanıb.
www.RIA24.az