Noyabrın 10-dan 15-dək XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək.
“Report” xəbər verir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşları Mədəniyyət Nazirliyi və Kino Agentliyidir.
Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.
Bu il festivala 78 ölkədən 704 film göndərilib. Kino mütəxəssislərindən ibarət seçim komissiyası bu filmlər arasından beynəlxalq, “Asiya istedadları” və yerli müsabiqədə yarışan ekran əsərlərini müəyyənləşdiriblər.
Belə ki, beynəlxalq müsabiqədə 32 ölkəni təmsil edən 42 film, “Asiya istedadları”nda 17 film, yerli müsabiqədə isə 26 film festivalın əsas mükafatı olan “Qızıl Nar” uğrunda mübarizəyə qoşulur.
Bu il beynəlxalq müsabiqənin filmlərini “Qızıl Pəri” mükafatçısı, filmləri Rotterdam, “Kinoşok”, Karlovı-Varı kimi nüfuzlu kinofestivallarda nümayiş olunub mükafatlar qazanan Yavər Rzayev, Kann mükafatçısı, Moskva, Tokio festivallarının baş mükafatçısı, rejissor Rza Mirkərimi, Berlinali mükafatçısı, Moskva, Avrasiya, Varşava Film Festivallarının baş mükafatçısı, rejissor, prodüser Fərhad Şərifov, tanınmış ssenarist, ssenari üzrə məsləhətçi Rulof Yan Minnebu qiymətləndirəcəklər.
“Asiya istedadları”nın münsiflər heyətində Baykonur Beynəlxalq Film Festivalının proqram direktoru, kinotənqidçi Ercan Cumabəyov, müasir Azərbaycan nəsrinin tanınmış siması, yazıçı, ssenarist Şərif Ağayar, bir sıra beynəlxalq kinofestivalların qalibi, rejissor, ssenarist Ramin Fərzanə yer alırlar.
Yerli müsabiqədə yarışan filmləri rejissor, ssenarist, teatr, kino və televiziyada öz dəst-xətti ilə fərqlənməyi bacaran Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri, “Ayna”-“Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru olmuş Elçin Şıxlı, müasir Azərbaycan kinosunun ən məhsuldar təsvir rejissorlarından olan Nadir Mehdiyev qiymətləndirəcəklər.
Mobil telefonla çəkilən filmlərdən ibarət “Cinemobil” müsabiqəsində isə üç film yarışacaq.
Festivalın müsabiqədənkənar maraqlı bölmələri də var. Belə ki, “British Council”la əməkdaşlığın nəticəsi olaraq festival çərçivəsində İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı – BAFTA namizədlərinin xüsusi nümayişi olacaq.
“Dili bizim”də dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər göstəriləcək. “Panorama”da isə gələcəyinə böyük ümidlər bəslənən müəlliflərin filmləri təqdim olunacaq.
Festivalda yer alan yerli və xarici qısa filmlər altı gün müddətində saat 11:00-dan Nizami Kino Mərkəzində nümayiş olunacaq.
Azərbaycan kinosunun 125 illiyinə həsr olunan “Retrospektiv”də müxtəlif dövrlərə aid beş qısa film – Zaur Məhərrəmovun “Bakı eyvanları”, Nicat Feyzullayevin “Yaşa, qızıl balıq”, Həsən Seyidbəylinin “Cazibə qüvvəsi”, Arif Məhərrəmovun “Münəccimin şagirdi”, Rüfət Əsədovun “Vahimə” ekran əsərləri göstəriləcək.
Həmçinin, festivalın açılış günü “Azərbaycan kinematoqrafiyasında xidmətlərinə görə” bir neçə kino xadimi “Qızıl Nar” mükafatı ilə təltif ediləcək. Eyni zamanda, festival müddətində tanınmış kinorejissor Rza Mirkəriminin “Şərq rejissorunun özəlliyi” mövzusunda master-klası, qrafik dizayner Rəsul Həsənin “Kinoda süni intellekt texnologiyasının tətbiqi” adlı müharizəsi baş tutacaq.
Kann, Venesiya, Berlin film festivallarında, “Oskar”da mükafat və uğur qazanmış filmləri ölkəyə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı Azərbaycanda kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.
www.RIA24.az